Bia.Az

Generalın vitse-spiker qardaşından çağırış: 3 qüvvə mənə qarşıdır

Siyasət
 26-07-2022, 10:26     232

Prezident İlham Əliyevin apardığı geniş islahatlar və buna mane olmağa çalışan “5-ci kolon” barədə son geniş müsahibəm radikal müxalifətə, onların xaricdəki söyüşçül “internet bürolarına” və Ramiz Mehdiyevin şəbəkəsinə necə yer edibsə, birləşib mənə qarşı şər və böhtan kampaniyasına başlayıblar. Bir daha əmin oldum ki, əslində bu üç qüvvə birgə hərəkət edir, hədəf seçdiklərinin üzərinə birgə “hücum” təşkil edirlər. Eyni mərkəzdən idarə olunduqları aşkardır. “Texnologiyalarında” yeni heç nə yoxdur, şər və böhtanla mənim və ailə üzvlərimin üzərinə gəldiklərini düşünürlər. Deməli, xaricdən və buradan idarə olunan və dövləti hədəf alan qruplar tərəfindən maliyyələşən internet kanallar onlara ötürülən “qonaqların” dili ilə mənim və ailə üzvlərimin isimlərini hallandıraraq olmayan hadisələr barədə saatlarla müzakirələr aparırlar. Dövləti və milləti düşünən kəs və internet kanal məni deyil, mənim müsahibəmdəki mesajları müzakirə edər, inkişafa mane olan mövzular ətrafında fikir mübadiləsi aparar. Onların buna marağı yoxdur.

Yenipress.az xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin qardaşı Adil Əliyev deyib.
Adil Əliyev sosial şəbəkə hesabında yazıb:
“Adil Əliyev (yəqin, “mən” yazmaq istəyib - red.) və yaxınlarım prezidentin və dövlətin siyasətinə sadiqdir, çalışdığımız vəzifələrdə məmləkətimizin milli və təhlükəsizlik maraqlarına xidmət edir, buna qarşı çıxanlarla isə mübarizəmizi davam etdiririk. Prezident iyulun 25-də bir neçə rayona icra hakimi təyin edərkən məmurları bir daha xəbərdar etdi, rüşvətə bulaşanların, torpaq satanların sonunun olmadığını xatırladı. Cənab Prezidentin atdığı bütün addımlarda olduğu kimi bu mübarizədə də dövlət başçısının yanındayıq. Mübarizəmiz eyni zamanda rüşvətxorları, mülkünü vətəndaşdan üstün tutan məmurları keçmişdə və indi irəli sürməyə çalışan həmin “5-ci kolona” və kolonun başında gedən Ramiz Mehdiyev kimilərə qarşıdır. Kimlərlə mübarizə apardığımızın fərqindəyik, bunu bizə qarşı müxtəlif istiqamətlərdən şər və böhtan kampaniyasının təşkli də göstərir. Nəticə verməyəcək, çünki biz çoxluqdayıq və onlara qarşı mübarizədə 1990-cı illərin əvvəllərindəki anarxiyanın təkrarlanmasını istəməyən və xarici qüvvələrin əlində alət olmaq istəməyən xalqa arxalanırıq!”
Qeyd edək ki, Adil Əliyevin səhifəsindən onun adından paylaşılan statusda özü haqda “Adil Əliyev” yazması şübhələr yaradır: bu statusu Adil Əliyevin özü, yoxsa “sürücüsü” yazıb, ya profil ələ keçirilib?

BİA.az
скачать dle 12.1