Bia.Az

Əli Əliyev aclığa başlayıb

Siyasət
 8-06-2022, 11:07     354

Bakı İstintaq Təcridxanasında saxlanan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev aclığa başlayıb. İyunun 7-də “Turan”a danışan vəkil Cavad Cavadov deyib ki, siyasətçi bu aksiya ilə əsassız ittihamlara etiraz edir.

Əli Əliyev bu il yanvarın 13-dən həbsdədir.

2021-ci il noyabrın 30-u Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov xəsarətlər alıb. Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar. Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlərdə siyasətçinin böhtana (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) görə məsuliyyətə cəlb olunması istənib.

Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm Emil Cəfərovun şikayəti əsasında çıxarılıb.

Aprelin 15-də Yasamal Rayon Məhkəməsi Ramin Ədilovun şikayəti üzrə prosesi bitirib. Siyasətçiyə əvvəlki hökm nəzərə alınmaqla qəti olaraq 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

Bakı Apellyasiya Məhkəməsi hökmləri qüvvədə saxlayıb.

Yekun cəza 2022-ci il iyulun 13-də bitir.

Hazırda Yasamal Rayon Məhkəməsində Əli Əliyevdən yeni şikayət üzrə proses keçirilir. Yeni Azərbaycan Partiyasının sabiq üzvü, qurumun Binəqədi rayon təşkilatına sədrlik etmiş Ramiz Göyüşov məhkəməyə xüsusi ittiham qaydasında müraciətində siyasətçinin onun şəxsiyyətini alçaldan ifadə işlətdiyi iddiasını irəli sürüb, təhqirə görə məsuliyyətə cəlb olunmasını istəyib.

Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması cərimə, ictimai işlər, islah işləri və 6 ayadək müddətə azadlıqdan məhrumetmə kimi cəzalar nəzərdə tutur.

Vətəndaş və İnkişaf Partiyası 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

1967-ci il təvəllüdlü Əli Əliyev biologiya elmləri namizədidir. 1989-cu ildən siyasi fəaliyyətlə məşğuldur. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının liderlərindən olub.скачать dle 12.1