Bia.Az

“Üç il sonra Rusiya Federasiyası olmayacaq”

Siyasət
 7-06-2022, 13:03     364

Ukrayna silahlı qüvvələri 103 gündür Kreml qoşunlarının həmlələrinə tab gətirir. Rusiyada bununla bağlı depressiv durum dərinləşir. Burada anlayırlar ki, Ukrayna belə tezliklə təslim olmayacaq. Rusiya Federasiyasının general-polkovniki Vladimir Şamanovun qonşu ölkədə hərbi əməliyyatların 5-10 il sürmək ehtimalını dilə gətirməsi təsadüfi deyil.


Bizimyol.info xəbər verir ki, siyasi texnoloq və yazıçı Mixail Şeytelman da döyüşlərin illərlə davam edə biləcəyinə inanır. Onun fikrincə, Şamanovun belə fikir səsləndirməsi Rusiyanın məğlub olması anlamına gəlir.

“Həmişə belə müharibələrdə hücum edən tərəf məğlub olur. Ümumiyyətlə, hərbi əməliyyatların müddətini necə planlamaq olar? Necə demək olar ki, 10 il sonra qalib gələcəyik? Bunu necə təsəvvür edirsiniz? Mən Birləşmiş Ərəb Əmirliklərində olmuşam. Orada 50 il sonra Marsda şəhər tikməkdən danışırlar. Bunu yenə başa düşmək olur. Ukraynanı tərk-silah etməklə bağlı necə belə uzunmüddətli plan qurmaq mümkündür? Deməli, Rusiya uduzub. İstənilən hərbçi başa düşür ki, 10 illik plan məğlubiyyət deməkdir”.

Mixail Şeytelman hesab edir ki, Rusiyanın 10 il döyüşməyə resursu qalmayıb. Siyasi texnoloq inanır ki, müharibə xeyli tez başa çatacaq.
“Rusiya müharibəni dayandırmasa, ən azı dövlət formasiyasını dəyişdirməsə, 10 ili qalmayacaq. Üç il sonra Rusiya Federasiyası olmayacaq. Avropa sanksiyalar tətbiq edib. Bunu görürük və başa düşürük ki, Rusiya iqtisadiyyatının məhvindən söhbət gedir. Müharibə uzun sürməyəcək”.
Rusiya ordusu fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlamasını elan edib. Kreml qoşunları bu müddətdə 31 mindən çox hərbçisini itirib. Təxminən 1400 tank, 690 artilleriya sistemi sıradan çıxıb. Ukrayna silahlı qüvvələri Rusiya ordusunun 211 təyyarəsini, 176 vertolyotunu məhv edib. Sulara qərq olunan gəmilərin sayı 13-ə çatıb.

Danışıqlar heç bir nəticə verməyib. Ukrayna Rusiya ordusunun ələ keçirilən bütün əraziləri tərk etməsini tələb kimi irəli sürür.скачать dle 12.1