Bia.Az

PAŞİNYANDAN DA İRƏLİ GEDƏN MURADOV... - "Kövrək” rus generalı tərəflərə hansı mesajları verir?

Siyasət
 10-12-2021, 13:57     198

“Bugünkü duruma görə bütün azərbaycanlı hərbçilər qaytarılıb. Erməni hərbi əsirlərinin qaytarılması üzrə də iş davam etdirilir. Hesab edirəm ki, bu iş tam bağlanmalıdır. Və Rusiya sülhməramlıları bu işi sona çatdıracaqlar...”

“AzPolitika.info” xəbər verir ki, bunu Qarabağa sülhməramlı adı altında yerləşdirilən Rusiya hərbi kontingentinin ilk başçısı, hazırda başqa vəzifəyə keçirilsə də, “baş sülhməramlı” funksiyasını davam etdirən general Rüstəm Muradov Rusiya mətbuatına son açıqlamasında deyib.
Elə ilk cümləsindən, yumşaq desək, qeyri-obyektivliyə yol verən Muradov müharibə bitəndən sonra Azərbaycan ərazilərinə soxulan və Ordumuz tərəfindən ələ keçirilən ermənilərlə müharibədə, döyüş şəraitində əsasən yaralanaraq əsir düşmüş Azərbaycan əsgərlərini eyniləşdirir.
Azərbaycan dəfələrlə bildirib ki, 44 günlük müharibə dövründə əsir götürdüyü ermənilərin hamısını geri qaytarıb və sonradan diversiya əməliyyatlarında iştirak edən, eləcə də sərhədlərimizi bilərəkdən pozaraq təxribat törədən erməni hərbçilərini hərbi əsir hesab etmir.

Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan da 26 noyabrda Soçidə keçirilən üçtərəfli görüşdə həmin şəxsləri “hərbi əsir” adlandırmamışdı və buna görə erməni müxalifətinin sərt tənqidinə tuş gəlmişdi. 
Muradov isə az qala Ermənistanın revanşist müxalifətinin dililə danışaraq, qətiyyən ifadələrini seçmir, sülhməramlı statusunun tələb etdiyi neytrallıq prinsipinə əməl etmir.
“Hesab edirəm ki, bu iş tam bağlanmalıdır. Və Rusiya sülhməramlıları bu işi sona çatdıracaqlar...” kimi ifadələrdən istifadə edən bu general sanki hərbçi, siyasətçilərin qərarlarının icraçısı, yəni bir növ “texniki işçi” olduğunu unudaraq, özünü qərar qəbul edən, nəticə çıxaran və tərəflərə göstəriş verən bir siyasi fiqur kimi aparır. Məntiqə və beynəlxalq hüquqa görə sülhməramlı “hesab etməli” deyil, sadəcə öz üzərinə düşən neytral funksiyaları heç bir qeyd-şərtsiz yerinə yetirməlidir. Axı, söhbət hansı “işi başa çatdırmaqdan” gedir? 
Erməni tərəfi bölgədəki rus kontingentinin arxasında gizlənərək, iki gündən bir təxribat törədir, Azərbaycan əsgərini şəhid edir, Ordumuz belələrini ələ keçirəndən sonra isə Rusiya Muradov kimiləri ortaya salıb onları geri alır. Budurmu “iş” və görəsən, bu “iş” nə qədər davam edəcək və doğrudanmı Rusiya onu başa çatdırmaqda maraqlıdır?...

“Hərbçi insan kimi hərbi əsirlərin kim olduğunu,əsirlikdə hansı hisslər keçirdiyini anlayıram. Mən Bakıya uçduğumuz ilk reysi xatırlayıram, qayıdarkən İrəvanın Erebuni aerodromunda həmin hərbçilərin üzünü görürdüm. Bunlar göz yaşı idi, onlar inanmırdılar ki, evə qayıdırlar...” Bu “sentimental və kövrək” ifadələrin də sahibi general Muradovdur. Sanki əziz adamlarını hansısa əzazil ölkənin əlindən alıb, vətəninə qaytarır... 
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanın son olaraq qaytardığı 10 erməni hərbçidən 5-i Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onların fərarilikdə ittiham olunacaqları gözlənilir. Odur ki, indi bilmək olmaz, həmin hərbçilərə Azərbaycanda saxlandıqları yerdə daha yaxşı şərait yaradılmışdı, yoxsa hazırda salındıqları erməni həbsxanasında...
Əlbəttə ki, Azərbaycanın Rusiya başda olmaqla region ölkələrilə münasibətləri hansısa buyruq qulu olan generalın davranışları və açıqlamaları üzərində qurulmur və buna köklənmir. Lakin buna baxmayaraq, bu cür icraçılar onlar üçün cızılmış çevrəni aşanda, tərəfkeşlik göstərəndə mütləq yerlərinə oturdulmalıdırlar. 
Muradov dəfələrlə öz vəzifəsini, missiyasını və boyunu aşan açıqlamalara, ifadələrə, davranışlara yol versə də, buna əksər hallarda adekvat münasibət göstərilməyib. “Missiyasına” başladığı ilk gündən separatçıların liderindən sıravi fərari hərbçilərinə qədər qarşısına keçən erməniləri duz kimi yalayan bu zat indiyə qədər bircə dəfə də Azərbaycan tərəfinin konstruktiv addımları, humanistliyi, öz sözünün sahibi olması və s. barədə müsbət fikir söyləməyib. 
Birtərəfli şəkildə hər zaman ermənilərin mövqeyindən çıxış edib və özünü rus generalından daha çox erməni hərbçisi kimi aparıb. Ancaq buna baxmayaraq, təəssüf və təəccüb doğuran odur ki, Azərbaycan tərəfi bu şəxsin davranışlarına kəskin münasibət bildirmir və ümumiyyətlə, onun “xidmətlərindən” imtina etmir...

Hər halda, belə görünür ki, böyük ehtimalla rus hərbi kontingentinin Qarabağdakı mövcudluğunun 5 ilinin tamamına qədər Muradov Bakı-İrəvan xəttini su yoluna döndərməkdə davam edəcək. Və ümid edək ki, elə bu 5 illə də onun və təmsil etdiyi ordunun torpaqlarımızdakı varlığı aradan qalxacaq...
Ümumilikdə tarixən Muradov kimi Rusiya Ordusuna xidmət etmiş qafqazlıların öz xalqlarına, doğma vətənlərinə hansısa xeyrinin dəyməsi, oralarda sevilməsi nadir hallarda müşahidə olunub. Məsələn, Cənubi Qafqazın Rusiya tərəfindən işğalında əhəmiyyətli rol oynamış general Pavel Sisianov əslən qafqazlı, milliyyətcə gürcü idi. Buna baxmayaraq, həmin general tarixdə heç də yaxşı adla qalmadı və gürcülərin özləri də yumşaq desək, onu sevmirlər. Lakin Rusiyanın Qafqazdakı siyasəti dəyişmir və bu siyasət qaldıqca, Sisianov kimilərin Rusiya ordusundakı qafqazlı davamçıları da qalacaq...скачать dle 12.1