Bia.Az

"PAŞİNYAN İKİ AĞIR SEÇİM QARŞISINDADIR..." - "Azərbaycan ordusu prosesə seyrçi qalmayacaq..."

Siyasət
 20-11-2021, 13:11     19

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər. Bu görüş noyabr ayının əvvəlində Moskvada baş tutmayan üçtərəfli sammitdən, cəbhədə baş verən hərbi toqquşmalardan sonrakı dövrə təsadüf edir.

Eynu zamanda İrəvan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasına hazırlıq prosesinə sıfır nöqtəsindən başlanılmasına dair Rusiyanın təklifinə razılıq verib. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan deyib ki, Ermənistan Rusiyaya sərhədlərin demarkasiyası və delimitasiyası prosesi çərçivəsində işə başlamağa razılıq verməsi barədə yazılı bildiriş göndərib.
Məlumatlara görə, Paşinyan Moskvanın Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı təkliflərini “qəbuledilən” adlandırıb və yeni müdafiə naziri Suren Papikyana tapşırıb ki, rusiyalı həmkarı Şoyqu ilə detalları dəqiqləşdirsin. Bu, Paşinyanın Azərbaycanla sülh sazişi imzalamağa hazırlaşması, yoxsa vaxt udmaq üçün növbəti gedişi kimi izah oluna bilər?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın növbəti dəfə itki verməsi Paşinyana baha başa gələ bilər: “İrəvan son itkilərini gizlətməyə çalışır. Amma ermənilər özləri də etiraf edirlər ki, 24 nəfərdən xəbər yoxdur. Bu, o deməkdir ki, Azərbaycan ordusu 24 nəfəri neytrallaşdırıb, həmçinin 10-dan çox hərbçi əsir götürülüb. Yenə də əsir məsələsi Paşinyanın başını çox ağrıdacaq. Ermənistanın baş naziri bu hadisələrdən sonra parlamentdə çıxış etdi və dedi ki, guya Azərbaycanla bütün məsələləri həll etməyə hazırdır, sərhədlə bağlı danışıqlar başlasın, sülh sazişi imzalansın. Amma bu məsələlərə Paşinyanın özünün xüsusi yanaşması var. Çünki o, sülh sazişi imzalanarkən Qarabağı kənarda tutmağa çalışır, bu da mümkün deyil. Sülh sazişi nə deməkdir? Dövlətlər bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımalıdır, həmçinin Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa məcburdur. Paşinyan bu məsələyə toxunmadan deyir ki, Azərbaycanla sülh sazişi imzalansın. Azərbaycan heç zaman buna gedə bilməz. Eyni zamanda sərhədlə bağlı da deyir ki, İrəvan hazırdır. Hazırdırsa, niyə noyabrın əvvəllərində Moskvada üçtərəfli görüşə qatılmadı? Halbuki, belə xəbərlər yayılmışdı ki, Moskva Azərbaycan və Ermənistan liderlərini sərhədlə bağlı danışıqlara başlamaq üçün dəvət edib”. 
E.Şahinoğlu dedi ki, Paşinyan bundan da qaçmağa çalışdı: “Amma gec və ya tez masaya oturmaq məcburiyyətində qalacaq. Xəritələr də ortadadır. Xəritələrə əsasən, sərhədlərin müəyyənləşməsi prosesi başlayacaq. Paşinyan iki ağır seçim qarşısındadır.
Birinci seçimi odur ki, Azərbaycanla razılaşır, anlaşmalar imzalanır, amma bu halda o anlayır ki, revanşistlər daha da radikallaşacaq, müqavimət güclənəcək. 
İkinci seçimi odur ki, heç nə etmir, qeyri-müəyyənlik davam edir. Ancaq o halda da itki verəcək. Azərbaycan ordusu prosesə seyrçi qalmayacaq. Bu da Paşinyan üçün çox böyük başağrısı vəd edir. Yəni o, iki ağır seçim qarşısındadır. Amma bu iki variantdan birini seçməlidir”.
Politoloqun fikrincə, bu ilin sonuna kimi sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqların başlaması mümkündür: “Amma mən hələ ki, sülh sazişinin imzalanmasını real hesab etmirəm. Çünki Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıyacağı indiki şərtlər altında real görünmür. Biz onları buna məcbur etməliyik. Qarşımızda duran digər məsələ sərhəddə strateji nöqtələri ələ keçirməklə yanaşı, Laçın dəhlizinə nəzarəti də təmin edək. Biz buna nail olmalıyıq ki, dəhlizdən silahlar, qeyri-qanuni, qeyri-müəyyən yüklər daşınmasın, erməni silahlılar keçə bilməsin. Yəni Laçın dəhlizinə nəzarəti təmin etmək dəhlizi qapatmaq anlamına gəlmir. Biz sərhəddə nəzarət etməliyik, bilməliyik ki, ərazilərimizə kim keçir və nə keçirir”.скачать dle 12.1