Bia.Az

HƏR İKİ TƏRƏF RAZIDIR, GÖRÜŞ OLACAQ! – “Əliyev-Paşinyan görüşünə hər hansı maneə qalmayıb”

Siyasət
 4-10-2021, 17:34     14

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüş üçün vaxt və məkan məhdudiyyəti olmadığını bildirib. 

"AzPolitika.info" xəbər verir ki, o, bu gün - oktyabrın 4 -də keçirdiyi brifinqdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu cür görüşləri təşkil etmək təcrübəsi olduğunu xatırladıb. Baş nazir əlavə edib ki, yeganə məntiqi məhdudiyyət bu görüşlərin üçüncü ölkələrin ərazisində keçirilməsidir: "İlham Əliyevlə görüşə hazır olduğumu əvvəllər də ifadə etmişəm. Son aylarda Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə hərtərəfli nizamlanması barədə bəyanatlarını alqışlayıram. Ümid edirəm ki, bu çərçivədə münaqişənin həllinə yönəlmiş səyləri gücləndirmək mümkün olacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev İspaniya mətbuatına müsahibəsində Ermənistanın Baş naziri ilə görüşə hazır olduğunu ifadə edib. "Əgər Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bu ilin əvvəlində Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə üçtərəfli formatda bir görüşümüz oldu. Cənab Paşinyan nə vaxt hazır olsa, onunla danışıqlar aparmağa hazıram. Beləliklə, mən müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və bu səhifənin çevrildiyinin yaxşı bir göstəricisi ola bilər”, – İlham Əliyev müsahibəsində bildirib.

Azərbaycan Prezidenti həm də deyib ki, əgər Ermənistan Qarabağdakı mina sahələrinin dəqiq xəritələrini təqdim edərsə, Bakı da buna adekvat cavab verəcək.

Beləliklə, hər iki ölkənin lideri görüşə hazır olduğunu deyir və bu da yaxın gələcəkdə Əliyevlə Paşinyan arasında birbaşa müzakirələrin keçirilməsi ehtimalının yüksəkliyindən xəbər verir. Amma tərəflərin gündəliyi bir-birindən kəskin fərqlənir. Rəsmi Bakı Minsk Qrupunun prosesə qayıtmasında maraqlı olmadığı bəyan edib və bunu Qarabağa münaqişəsinin artıq tarixə çevrilməsi ilə izah edib. Prezident Bakıda həmsədrlərə də deyib ki, bundan sonra nə etmək istədikləri ilə bağlı onların təkliflərini dinləməyə hazırdır. İlham Əliyev həmsədrlərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı vasitəçilik səylərini qəbul edir. Bura sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və s. problemlər daxildir.

Paşinyanın bu gün də təkrarladığı mövqedən belə məlum olur ki, rəsmi İrəvan həmsədrlərin ancaq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı ənənəvi missiyasının bərpasını istəyir. Bu isə Bakının mövqeyi ilə diametral ziddiyət təşkil edir.
Bu halda şübhəsiz ki, liderlərin ilk görüşündə həmsədrlər müzakirə gündəliyini müəyyənləşdirməyə çalışacaqlar. Bu isə kifayət qədər problematik görünür.

Siyasi təhlilçi Rauf Mirqədirov da Azərbaycan və Ermənistan liderlərinin görüşünü mümkün sayır. Ekspert xatırladır ki, onların arasında sonuncu görüş ilin əvvəlində, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskvada olub. “Hazırda yüksək səviyyədə təmasların baş tutması üçün hər hansı maneə yoxdur. Əvvəllər əsas maneə o idi ki, Paşinyan seçkilərə hazırlaşırdı, bu dövrdə onun hər hansı ciddi addım atması qeyri-mümkün idi. İndi isə belə bir əngəl yoxdur, İlham Əliyev-Nikol Paşinyan görüşü istənilən vaxt keçirilə bilər”, – təhlilçi vurğulayıb.

R.Mirqədirov xatırladır ki, Prezident İlham Əliyev bu görüşdə müzakirə edəcəyi məsələləri kifayət qədər aydın şəkildə ifadə edib: “Bura ilk növbədə Ermənistanla sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası daxildir. Hər iki mövzu müzakirə edilə bilər, ən əsası, sülh danışıqlarına başlanması üçün qərar verilə bilər. Məsələn, praktik olaraq sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı qərarlar mümkündür. Amma hər iki məsələ ilə bağlı pozitiv qərarların verilməsi o demək deyil ki, yaxın günlərdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçiriləcək. Hər iki məsələ çox ciddi uzunmüddətli proses tələb edir”.

Ekspert hesab edir ki, sülh sazişi üzərində uzun müddət iş gedəcək, çünki tərəflərin bu məsələdə mövqelərinin üst-üstə düşməsi mümkün deyil: “Müzakirə ediləsi məsələlər həddindən artıq çoxdur. Düşünürəm ki, sülh müqaviləsində tərəflərin bir-birinin ərazi bütövlüyünün tanınması məsələsində elə də ciddi problem olmayacaq. Ancaq Ermənistan Qarabağ ernmənilərinin statusu ilə bağlı gələcəkdə müzakirələrin aparılması üçün bir müddəanın əlavə edilməsinə çalışacaq. Bu da Azərbaycan tərəfinin ciddi etirazlarına səbəb olacaq”.

Sərhədlərin dəqiqləşdirilməsinə gəlincə, R.Mirəqdirov bildirir ki, əvvəlcə delimitasiya üçün xəritə üzərində sərhədlərin konturları razılaşdırılmalıdır. “Bundan sonra demarkasiya prosesi gəlir və bu zaman coğrafi ərazilər üzrə sərhəd xətlərinin dəqiq konturları razılaşdırılmalıdır. Bu məsələnin sadə proses olacağını düşünənlər yanılır. Bir örnək gətirim, Azərbaycanla Gürcüstan arasında heç bir problem yoxdur, amma sərhədlərin delimitasiyası və demarkasiyası hələ də başa çatmayıb”, – deyə siyasi şərhçi əlavə edib.скачать dle 12.1