Bia.Az

Avropadan Azərbaycana irad

Siyasət
 25-06-2021, 09:21     229

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq və İnsan Haqları Komitəsi iyunun 23-də Azərbaycanla bağlı bəyanat yayıb. “Turan”ın məlumatına görə, bəyanatda AŞPA-nın 30 yanvar 2020-ci il qətnaməsi xatırladılır, siyasi məhbus probleminin tam həll edilmədiyi qeyd olunur. AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottirin hazırladığı hesabatda 30 yanvar 2020-ci il qətnaməsinin əksər müddəalarının yerinə yetirilmədiyi vurğulanır. Hesabata əsasən, yeganə istisnalar siyasətçi İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verilməsidir.

Hüquq və İnsan Haqları Komitəsi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin siyasi məhbuslar üzrə məruzəçi ilə əməkdaşlıqdan imtinasından və Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına tam riayət etməkdən boyun qaçırmasından məyus olduğunu da bildirir.
Novator.az bildirir ki, Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
2018-ci il iyunun 25-də AŞPA-nın Hüquq və İnsan Haqları Komitəsi islandiyalı deputat Torhildur Sunna Evarsdottiri Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.
AŞPA-nın 30 yanvar 2020-ci il iclasında Azərbaycandakı siyasi məhbuslarla bağlı qətnamə qəbul edilib. Torhildur Sunna Evarsdottirin tərtib etdiyi qətnamədə Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyəti təmsilçilərinin siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmaq və siyasi motivlərlə tutulanların hamısını azad etmək, siyasi məhbus problemini birdəfəlik aradan qaldırmaq təklif olunub.
2020-ci il martın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanla bağlı qətnamə qəbul edib, müxalif siyasətçi İlqar Məmmədov, vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov, İntiqam Əliyevin hüquqlarının bərpa edilməməsinə irad bildirib, Azərbaycan dövlətini ittiham hökmlərinin ləğvini təmin etməyə və mənfi nəticələri aradan qaldırmağa, o cümlədən həmin şəxslərin mülki və siyasi hüquqlarının tam bərpasını təmin etməyə çağırıb, görülən tədbirlər barədə hesabat vermək üçün 30 aprel 2020-ci ilədək son vaxt qoyub. Avropa İnsan Hüquqları Məhkəməsi onların Azərbaycanda məhkum edilməsini qanunsuz sayıb, 29 may 2019-cu il qərarında göstərib ki, Azərbaycan 2014-cü ilin mayından başlayaraq bu qrup üzrə ilk qərarın icra edilməsinə dair öhdəliyini yerinə yetirməyib.
Azərbaycan Ali Məhkəməsinin Plenumu 23 aprel 2020-ci il iclasında Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işlərinə yenidən baxıb, hər iki şəxsə bəraət verilməsi, dövlətin onlara mənəvi təzminat ödəməsi qərarları çıxarılıb.
1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətində Səməd Seyidov (rəhbər), Erkin Qədirli, Asim Mollazadə, Könül Nurullayeva, Fazil Mustafa, Nigar Arpadarai, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Rafael Hüseynov, Kamal Cəfərov, Sabir Hacıyev, Tural Gəncəliyev yer alır.
Avropa Şurasının Nazirlər Komitəsi iyunun 7-dən 9-dək Fransanın Strasburq şəhərində keçirilən toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarların icrası məsələlərini müzakirə edib. Komitə Azərbaycan dövlətini haqqında Avropa Məhkəməsinin qərarları olan bir qrup şəxsin hüquqlarını dərhal bərpa etməyə çağırıb. İyunun 9-da dərc edilən aralıq qətnamədə həbsdə olmuş hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl, ictimai fəallar Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Bayram Məmmədov (2021-ci ilin may ayında həlak olub), Qiyas İbrahimov və siyasətçi Natiq Cəfərlinin adları çəkilib, Avropa İnsan Hüquqları Məhkəməsinin onların Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan hüquqlarının pozulduğunu müəyyən etdiyi xatırladılıb.
Natiq Cəfərlinin cinayət təqibinə xitam verildiyi, üstündə vergi borcu qaldığı bildirilib.
Nazirlər Komitəsi Azərbaycan dövlətini 31 iyul 2021-ci ilədək göstərilən şəxslərin işləri üzrə tədbirlər görülməsində irəliləyişə nail olmağa, pozuntuların köklü səbəblərinin aradan qaldırılması üçün effektiv addımlar atmağa çağırıb.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.скачать dle 12.1