Bia.Az

Ermənistandakı Rusiya hərbi bazası necə genişlənir?

Siyasət
 25-06-2021, 09:16     221

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan iyunun 24-də Rusiya paytaxtı Moskvaya hökumət nümayəndələri göndərmək sərəncamı imzalayıb. Nümayəndə heyətinin iyunun 26-dan iyulun 1-dək Rusiyanın Ermənistandakı hərbi bazasının fəaliyyəti barədə müzakirə aparacağı bəyan olunub. Rəsmi açıqlamaya görə, hökumətlərarası komissiyanın iclasında hərbi bazanın fəaliyyəti üçün Sünik vilayətində torpaq sahələri və daşınmaz əmlak ayrılması məsələlərinə baxılacaq.

Sünik vilayəti Azərbaycan sərhədində yerləşir.
Novator.az bildirir ki, Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazası Gümrü şəhərində qərar tutur. Əsası 1992-ci ildə qoyulan, 4 min nəfərə yaxın şəxsi heyəti olan 102-ci hərbi bazanın hava komponenti paytaxt Yerevandadır.
Baza ölkədə 2044-cü ilədək qalmalıdır.
2016-cı il noyabrın 30-da Rusiya və Ermənistanın müdafiə nazirləri iki ölkənin birləşmiş qoşun qrupunu yaratmaq barədə saziş imzalayıblar. Sazişə əsasən, birgə qrupa Ermənistandakı 102-ci Rusiya hərbi bazası və Ermənistan Silahlı Qüvvələrinin hərbi hissəsi daxil olub.
Hər iki ölkədə rəsmən qüvvəyə minmiş saziş sonradan artırılmaq şərti ilə 5 il qüvvədə olmalıdır.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda ərazilərin bir hissəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Dekabrın 1-dək ərazilərin bir hissəsi də Azərbaycana qaytarılıb.
Yuxarı Qarabağın bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında mühafizə sistemi gücləndirilir. Azərbaycan hərbçiləri mayın 12-də Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələrini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır, ölkədəki Rusiya hərbi bazasının gücləndirilməsini, Azərbaycanla sərhədin nəzarətə götürülməsini istəyir.
10 noyabr 2020-ci il bəyanatına görə, Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiya Sərhəd Xidmətinin həyata keçirəcəyi bəyan olunub.
Naxçıvana yol Sünik vilayətindən keçir.скачать dle 12.1