Bia.Az

Rusiya Avropa Parlamentini niyə hədəfə alıb?

Siyasət
 24-05-2021, 09:00     229

BŞ-ın “The Politico” qəzetində Rusiyanın Avropa ilə münasibətlərinə dair məqalə dərc olunub. “Rusiya Avropa Parlamentini niyə hədəfə alıb?” başlıqlı məqalənin müəllifi jurnalist Maya De La Baumendir.

Novator.az-ın məlumatına görə, məqalədə Avropa Parlamentinin sədri David-Mariya Sassolinin Rusiyaya girişinə qoyulan qadağaya diqqət çəkilir: “Halbuki Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi sanksiyaları David-Mariya Sassoli hazırlamayıb. O, Avropa Parlamentinin sədri postunu tutandan hələ Moskvaya səfər etməyib. Səlahiyyətli nümayəndələr Sassolinin yaxın vaxtlarda Rusiyaya səfər etmək niyyətində olmadığını da açıqlayıblar. Bununla belə Moskva David-Mariya Sassolini arzuolunmaz şəxs elan edərək onun Rusiyaya girişinə yasaq qoyub. Avropa Parlamentinin sədri Moskvanın sanksiyalar siyahısında yer alan yüksək vəzifəli 8 avropalıdan biridir”.
Məqalədə qeyd olunur ki, bəzi adların Moskvanın sanksiyalar siyahısına düşməsi əslində məntiqlidir: “Siyahıda Avropa Komissiyasının vitse-prezidenti Vera Yourovanın olması anlaşılandır. O, Avropa İttifaqında Rusiyanın təxribat xarakterli informasiyalarına qarşı təbliğat kampaniyasına rəhbərlik edir. Ancaq belə bir addımın David-Mariya Sassoliyə qarşı atılacağı gözlənilən deyildi”.
Məqalədə vurğulanır ki, Avropa İttifaqının xarici siyasətini parlament müəyyən etmir, bu işlə Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) məşğul olur: “Maraqlıdır ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin adı Rusiyanın sanksiyalar siyahısına salınmayıb. Xarici ölkələr əleyhinə sanksiyalarla bağlı qərarları parlamentin vermədiyi bəllidir. Bu fəaliyyət Avropa İttifaqı Şurasının səlahiyyətinə aiddir. Ancaq nədənsə Rusiya bu şuranın vəzifəli şəxslərini də hədəfə götürməyib”.
Maya De La Baumen yazır ki, David-Mariya Sassoliyə sanksiya tətbiq edilməsi Rusiyanın əsl hədəfinin Avropa Parlamenti olmasından xəbər verir. Avropa Parlamentinin hədəfə çevrilməsinin səbəbi isə, müəllifin fikrincə, ondadır ki, parlamentin deputatları sərbəst şəkildə Moskvanı zərərli davranışlarına görə tənqid və mühakimə edirlər və belə tənqidlər medianın xəbər başlıqlarına düşür, həm də bütövlükdə Avropa Birliyinin Rusiyaya münasibəti kimi anlaşılır.
Müəllif misal kimi rusiyalı müxalif lider Aleksey Navalnının zəhərlənməsini, sonra isə həbs olunmasını göstərir.
Avropa Parlamentinin Almaniyadan olan Rusiya əsilli deputatı Sergey Laqodinski “The Politico”ya açıqlamasında bildirib ki, Navalnı məsələsinin siyasi gündəmdə aktuallaşmasında parlament debatlarının mühüm rolu olub: “Parlament debatları məsələyə birbaşa siyasi legitimlik qazandıran səsdir, həm də daha siyasi, daha iddialı səsdir. Biz bürokratlardan, icra hakimiyyəti təmsilçilərindən daha artıq siyasətçiyik”.
David-Mariya Sassoli İtaliyanın “La Stampa” qəzetinə açıqlamasında deyib ki, ona tətbiq edilən sanksiyada əsl məqsəd Avropa Parlamentinə zərbə vurmaqdır.
“The Politico” yazır ki, Avropa Parlamentinin deputatları neçə aydır Aleksey Navalnı ilə bağlı həyəcan təbili çalırlar: “Navalnıya qarşı qəddar davranışa görə Moskvanı mühakimə edən üç qətnamə qəbul olunub. Həbsindən bir qədər əvvəl – ötən ilin noyabrında Avropa Parlamentinin dəvəti ilə Navalnı xarici məsələlər komitəsinin iclasında onlayn formada iştirak edib. Görüşdə Navalnı Avropa İttifaqını sözdən hərəkətə keçməyə çağırıb.
İki ay sonra Navalnı Rusiyaya dönən kimi həbs edildi. Dərhal David-Mariya Sassoli Brüsseldə plenar iclas keçirdi və Kremli Navalnını azad etməyə çağırdı. Həmçinin Avropa Parlamentinin 581 deputatı qətnamə qəbul etdi. Qətnamədə deputatlar Avropa İttifaqına üzv dövlətləri Navalnının həbsi ilə bağlı daha fəal mövqe sərgiləməyə, Rusiyaya qarşı ciddi tədbirlər görməyə çağırdılar.
Sonra martın 2-də Avropa İttifaqı həqiqətən sözdən əmələ keçdi, Rusiyanın yüksək çinli bir neçə məmuruna sanksiyalar qoydu. Ancaq Avropa Parlamentinin bəzi deputatları Avropa İttifaqından bundan da sərt mövqe gözlədiklərini açıqladılar. Onlar prezident Vladimir Putinin rejiminə bağlı olan rusiyalı oliqarxlara, bütövlükdə Putinin yaxın çevrəsinə sanksiyalar qoyulması tələbi ilə çıxış etdilər. Avropalı deputatların fikrincə, bu, Rusiya hökumətinin ayrı-ayrı məmurlarını cəzalandırmaqdan daha sarsıdıcı addım olardı.
Eyni zamanda bəzi avropalı deputatlar Avropa İttifaqına üzv dövlətləri Rusiya ilə Almaniyanın birgə layihəsi olan “Şimal axını-2” qaz kəmərindən imtinaya çağırmaqdadırlar”.
Məqalədə o da bildirilir ki, bu yaxınlarda Avropa Parlamentinin 569 deputatı Aleksey Navalnının təcili və qeyd-şərtsiz azad olunması tələbi ilə sənəd qəbul edib. Sənəddə Navalnının həbsinin siyasi motivlərə söykəndiyi, müxalifət liderinə çıxarılan hökmün Rusiyanın insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə zidd olduğu vurğulanıb.
“The politico” yazır ki, Avropa Parlamentinin Almaniyadan olan deputatı, xarici məsələlər komitəsinin sədri Devid Makallister parlamentin məhz bu səbəbdən Kremlin hədəfinə çevrildiyini düşünür. Onun sözlərinə görə, Rusiyanın David-Mariya Sassoliyə tətbiq etdiyi səfər qadağası əslində Avropa parlamentinə – “dünyada mübahisəli məsələlər barədə həmişə səsini ucaldan bu müstəqil quruma” yönəlib.
“Rusiya Avropa Parlamentini niyə hədəfə alıb?” məqaləsində xatırladılır ki, 2014-cü ildə Moskva Avropa Parlamentinin o vaxtkı deputatı, Avropa Yaşıllar Partiyasının həmsədri, Putinin daimi tənqidçisi Rebekka Harmsa qarşı da sanksiya qoyub, onun Rusiyaya giriş qadağan olunub.
2015-ci ildə Avropa İttifaqı Rusiyaya Krımı ilhaq etdiyinə görə sanksiyalar tətbiq edəndən sonra isə Moskva Avropa Parlamentinin 89 deputatına sanksiya tətbiq edib.
Mənbə:
 Politico.euскачать dle 12.1