Bia.Az

“Ermənistanda Azərbaycanın informasiya müharibəsinin agentləri var” – Paşinyan

Siyasət
 18-05-2021, 10:27     546

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan mayın 17-də Təhlükəsizlik Şurasının iclasını keçirib.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, o, Azərbaycanla sərhəddə yaranmış gərginliyə, onun həlli yollarına toxunub.

Paşinyan iddia edib ki, mayın 14-dən Azərbaycanın bir qrup hərbçisi Ermənistan ərazisindən çıxıb, dünən – mayın 16-da da oxşar proses baş verib. Amma ümumilikdə, hərbi-siyasi vəziyyət mayın 12-dən bəri dəyişməz qalıb.

“Bu nə deməkdir? Bu o deməkdir ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmini, Ermənistan-Rusiya müttəfiqlik mexanizmlərinin işə salınması üzərində işi davam etdirməliyik. Mövqeyimiz birmənalıdır: Azərbaycan hərbçiləri Ermənistan ərazisindən çıxmalıdırlar”, – Paşinyan deyib.

O, Ermənistanın özündə Azərbaycanın xeyrinə fəaliyyətin aparıldığını iddia edib: “Ermənistanda Azərbaycanın informasiya müharibəsinin agentləri var, onların adını, soyadını da çəkmək olar. Bu şəxslər 2020-ci ildə Azərbaycan Prezidentini Ermənistan ərazisinə basqına dəvət etdilər, bundan öncə Ermənistan ərazisinə haradan girməyin mümkün olduğunu göstərdilər. İndi isə Azərbaycanın təbliğat tezislərini Ermənistan cəmiyyətində yayırlar”.

O, “Zəngəzur dəhlizi” məsələsinin Ermənistanda heç vaxt müzakirə olunmadığını və olunmayacağını qeyd edib: “Regionda kommunikasiyanın açılması bizim siyasi gündəmimizdə durur, amma bunun dəhliz təbliğatıyla heç bir əlaqəsi yoxdur. Hazırda Azərbaycanda və Ermənistanda konkret siyasi dairələr bu məsələni təbliğ edirlər”.

Paşinyanın sözlərinə görə, sərhədlərin dəqiqləşdirilməsi Azərbaycanın dediyi kimi, ikitərəfli formatda keçirilə bilməz, çünki bu iki ölkənin bir-birilə əlaqəsi yoxdur. O, sərhədlərin dəqiqləşdirilməsi prosesinin üçtərəfli formatda keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə bir neçə dəfə razılaşma əldə olunduğunu söyləyib.

Bazar günü danışıqların gecə yarısınadək çəkdiyini deyən Paşinyan mayın 19-da onların davam etdiriləcəyini qeyd edib.скачать dle 12.1