Bia.Az

“PAŞİNYAN KOÇARYANIN PLANINI YERİNƏ YETİRDİ...” - Ter-Petrosyanın Qarabağa dair planı niyə reallaşmadı?

Siyasət
 17-05-2021, 14:33     368

Müharibənin başa çatmasından 6 ay vaxt keçsə də, Ermənistanda acı məğlubiyyətin səbəbkarlarının axtarışı davam edir. Ermənilərin böyük bir qismi Qarabağın faktiki olaraq itirildiyini və bunun daha öncədən planlaşdırıldığını düşünürlər.
Digər tərəfdən, növbədənkənar seçki yaxınlaşdıqca, siyasi qüvvələr Qarabağdakı məğlubiyyətə görə bir-birilərini daha çox və şiddətli şəkildə ittiham etməyə başlayıblar.

Son olaraq, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın siyasətə aktiv qayıdışı və ortaya iddia qoyması onun opponentlərində qıcıq yaradıb. Onu həm hakimiyyətdə, həm də müxalifətdə ittiham edənlər artıb.
Xüsusilə müxalif qüvvələr Ter-Petrosyanı Nikol Paşinyanın “mənəvi atası” adlandırır və Qarabağdakı məğlubiyyətin, ərazilərin təhvil verilməsinin uzun illər əvvəl Ter-Petrosyan tərəfindən planlaşdırıldığını, Paşinyanınsa həmin planı həyata keçirdiyini iddia edirlər.

Ermənistan Milli Konqresinin sədr müavimi Levon Zurabyan bu ittihamlarla bağlı maraqlı açıqlama verib. O, deyib ki, Paşinyan əslində, Ter-Petrosyanın deyil, Robert Koçaryanın planının həyata keçirilməsinə nail olub: “Təhlillər əksini göstərir. Paşinyan Ermənistanda və artsaxda(Qarabağ-red.) Ter-Petrosyanın qarşısını almağa çalışdığı şeyləri həyata keçirdi. Paşinyan “bir qarış da torpaq verilməməlidir” ideyasının tərəfdarlarının, yəni Robert Koçaryanın, “Daşnaksutyun”un, “Sasna Tsrer”in planını yerinə yetirdi.”
Siaysətçi deyib ki, Paşinyan “bir metr də torpaq verməməyə” çalışmaqla hər şeyi Koçaryan və tərəfdarlarının istədikləri kimi etdi: “Nəticədə həmin torpaqlar güclə alındı, onların itirilməsi isə minlərlə erməni əsgərinin ölümü hesabına başa gəldi.”

L.Zurabyan bununla da Ermənistandakı rəhbər siyasi qüvvələrin illər boyu heç bir güzəştə getməməsinin böyük səhv olduğunu qeyd edərək, Paşinyanın Ter-Petrosyanın deyil, millətçi və barışmaz qüvvələrin istəyinə uyğun hərəkət etdiyini bildirib. Bu isə ermənilər üçün faciə ilə nəticələnib.
O, həmçinin vurğulayıb ki, Paşinyan hələ 2008-ci ildə Ter-Petrosyanın Qarabağla bağlı güzəştləri nəzərdə tutan mövqeyilə razıydı. Lakin 2012-ci ildə parlamentə seçiləndən sonra bu xətdən imtina etdi. 2015-ci ildən başlayaraq isə o, Ter-Petrosyanı təslimçilikdə günahlandırmağa və “bir qarış da torpaq verilməməlidir” ideyasını dəstəkləməyə başladı.

Məlum olduğu kimi, Ermənistanda çoxları xüsusilə 44 günlük müharibədəki məğlubiyyətdən sonra Ter-Petrosyanın vaxtilə işğal olunmuş torpaqların Azərbaycana geri qaytarılmasına dair planının vaxtında həyata keçirilməli olduğunu bildirirlər. Hesab edilir ki, bu yolla çoxsaylı insan və ərazi itkilərinin qarşısını almaq olardı.
Onu da xatırladaq ki, Nikol Paşinyan müharibədən sonra hələ 2018-ci ildə Ter-Petrosyanın ona işğal olunmuş torpaqları təhvil verməyi təklif etdiyini etiraf edib. Lakin birinci prezidentin bu planını məlum səbəblərdən həyata keçirmək mümkün olmayıb. İndi isə Ermənistanda məğlubiyyətə və minlərlə erməninin ölümünə görə məsuliyyəti siyasi qüvvələr bir-birilərinin üzərlərinə atmaqla məşğuldurlar.скачать dle 12.1