Bia.Az

NAVALNİNİN yerinə NAVALNAYA?

Siyasət
 10-02-2021, 00:56     262

Ötən il Belarusda prezident seçkisi ərəfəsində gözlənilməz hadisə baş verdi: həbsdə olan müxalif bloqçu Sergey Tixanovskinin xanımı Svetlana Tixanovskaya rejimin təqib etdiyi daha iki şəxsin həyat yoldaşı ilə birlikdə siyasi meydana atıldı, prezidentliyə namizəd oldu, Belarus lideri Aleksandr Lukaşenkonun əsas rəqibinə və indiyədək davam edən “başağrısına” çevrildi…

Seçkidən sonra mühacirət edən Svetlana Tixanovskayanı bəzi şəxslər, hətta dövlətlər seçkinin həqiqi qalibi sayır, onun tərəfdarları hələ də Belarusda aksiyalara çıxıb bu qələbənin tanınmasını tələb edirlər.
Oxşar vəziyyət Rusiyada da yarana, hazırda həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının azadlığa buraxılması tələbi ilə ölkə boyu aksiyaların keçirildiyi bir dövrdə onun xanımı Yuliya Navalnaya hərəkatın liderinə bilərmi? Novator.az saytı bildirir ki, son günlər ABŞ-ın nüfuzlu KİV-lərində, konkret desək, “Nyu-York Tayms” qəzetində və “Bloomberg” agentliyində bunun mümkünlüyünə açıq eyhamlar vurulur.
Aleksey Navalnı bu il yanvarın 17-də Almaniyadan vətəninə dönərkən tutulub. Fevralın 2-də Moskva Şəhər Məhkəməsi onu 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Bu həbs Rusiyada ictimai-siyasi situasiyanı gərginləşdirib, ölkənin iri şəhərlərində, regionlarında kütləvi etiraz aksiyaları başlanıb.
Navalnı Rusiyadan Almaniyaya ötən il avqustun 22-də koma vəziyyətində aparılmışdı. Onun komaya düşməsinə avqustun 20-də zəhərlənməsi səbəb olmuşdu. Qərbdə keçirilən müayinələr Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyini göstərib. Navalnı onu Rusiya xüsusi xidmət orqanının zəhərlədiyini deyir. Təbii ki, Rusiya hakimiyyəti bu iddiaları rədd edir.
Müşahidəçilər ötən il ölüm ayağında olan Aleksey Navalnının həyatının xilas edilməsində, təcili Almaniyaya müalicəyə götürülməsində onun həyat yoldaşı Yuliya Navalnayanın mühüm rolu olduğunu deyirlər.
Yuliya da hazırda Rusiyadadır. O, Almaniyadan əri ilə birgə qayıdıb.
Yanvarın 17-də Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulanda və sonrakı günlərdə Yuliyanın ərinə göstərdiyi dəstək get-gedə KİV-də və sosial şəbəkələrdə daha çox diqqət və rəğbətlə qeyd olunmaqdadır.
“Nyu-York Tayms” qəzetinin ötən həftə dərc etdiyi, “Rusiya müxalifətinin birinci xanımı ərinin həbsi ilə diqqət mərkəzinə gəlib” başlıqlı məqalədə Yuliya Navalnaya iradəli, hökmlü qadın kimi xarakterizə edilir, onunla Svetlana Tixanovskaya arasında paralellər aparılır və Yuliyanın faktiki siyasi liderə çevrilməsinin mümkünlüyünə toxunulur.
“Bloomberg” agentliyinin tanınmış yazarı Leonid Berşidskinin “Nyu-York Tayms”dakı məqalədən iki gün qabaq dərc etdirdiyi “Navalnının gizli silahı var: onun xanımı” başlıqlı məqalə də eyni tezislərə əsaslanır.
Berşidski yazır: “İntuisiyama güvənərək deyirəm: Putin – zəhərləməyə cəhd göstərdiyi, bununla əslində xalqın gözündə ucaltdığı, indi də həbsə atdığı siyasətçinin həyat yoldaşı Yuliya Navalnaya ilə mübarizə aparmalı olacaq. Arvadının güclü dəstəyi olmasaydı, Navalnı çətin bu qədər yüksələrdi. Məhkəmə salonunda Navalnı həyat yoldaşına sarı çevrilib ona əlləri ilə “ürək” göstərmişdi; “ürək” jestini ötən il Belarus müxalifətinin həbsə atılmış təmsilçilərinin arvadları – diktator Aleksandr Lukaşenkoya qarşı uğurlu kampaniya aparan, seçkidə onu məğlub edən xanımlar da nümayiş etdirirdilər”.
“Bloomberg”dəki məqalədə vurğulanır ki, Aleksey Navalnıdan fərqli olaraq, Yuliya Navalnayanın əvvəllər heç bir məhkumluğu olmayıb: “Yuliyanın siyasətdən başı çıxır. Xarizmatik və qətiyyətlidir, rus qadınlar ona rəğbət bəsləyirlər. Uzun müddət konservativ qadın elektoratına güvənən Putin üçün belə bir qadınla mübarizə aparmaq asan olmayacaq.
Aleksey Navalnını və onun yaxın müttəfiqlərini “xaricin agenti” kimi hədəf almaq, həbs etmək başqa məsələdir, dövlətin bütün gücünü məhbusun sadiq arvadına qarşı yönəltmək tamam başqa məsələ.
Navalnının öz çıxışında da dediyi kimi, sonda döyüş qərarını sadə rus xalqı verəcək. Rusiya üçün ən uyğun liderin kim olduğu milyonlarla rusun verəcəyi qərardan asılıdr, bu nə Qərb liderlərinin Navalnını dəstəkləməsindən, nə də Rusiya əks-təbliğat maşınının səylərindən asılı olacaq.
Putinin devrilməsi üçün ruslar onun azğınlaşmış ətrafına qarşı çıxmaqdan daha çox haqq-ədalətə və iqtisadi inkişafa can atmalıdırlar. Belə olarsa, Navalnının həbsxana divarları tezliklə kağıza bənzəyəcək, hakimiyyəti qazanan hətta başqa biri olsa belə”.
Novator.az saytı bildirir ki, Yuliya ilə Aleksey yaşıddırlar.
Yuliya (qızlıq soyadı: Abrosimova) 1976-cı ildə Moskvada doğulub. Atası Boris Abrosimov elmi işçi olub. Anası Yüngül Sənaye Nazirliyində sıravi işçi kimi çalışıb. Yuliya 5-ci sinifdə oxuyanda valideynləri boşanıb. Anası ikinci dəfə ailə qurub, atası isə Yuliyanın 18 yaşı olanda vəfat edib.
Yuliya Plexanov adına Rusiya İqtisad Universitetinin beynəlxalq və iqtisadi münasibətlər fakültəsini bitirib. Bir müddət xaricdə təcrübə keçib. Sonra aspiranturaya qəbul olunub.
Alekseylə Yuliya 1998-ci ildə Türkiyədə istirahət zamanı tanış olublar. O vaxt onların 22 yaşı olub. Moskvaya qaydandan sonra görüşməyə davam edən cütlük o vaxtdan ayrılmayıb. İki il sonra – 2000-ci ilin avqustunda onlar ailə qurublar. Bir il sonra – 2001-ci ildə qızları Darya dünyaya gəlib. 2008-ci ildə isə Navalnıların oğlu – Zaxar doğulub.
Yuliya bir müddət Moskva banklarının birində çalışıb. Sonra Alekseyin doğmaları ilə birlikdə mebel istehsalı biznesi ilə məşğul olub. Qızı dünyaya gələndə biznes fəaliyyətini dayandırıb və həyatını ailəsinə həsr edib.
2007-ci ildən Yuliyanın rəsmi iş yeri, fəaliyyəti yoxdur. Aleksey Navalnı bloqçu və siyasətçi kimi tanınandan sonra Yuliya onun katibəsi-köməkçisi qismində çalışıb.
Yuliya ərinin təşkil etdiyi bütün mitinqlərdə iştirak edib. Navalnı tək indi yox, əvvəlllər də bir neçə dəfə həbs olunub və belə məqamlarda onun bloq səhifəsini həmişə Yuliya idarə edib.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.
Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib, dəfələrlə inzibati həbs cəzası alıb.
2021-ci ilin yanvarında Moskvada tutulandan iki gün sonra, yanvarın 19-da internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.
Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, etiraz aksiyaları keçirməyə səsləyiblər.
Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləyib.
Yanvarın 23-dən Rusiyanın bir çox şəhərində və regionunda kütləvi etiraz aksiyaları start götürüb. Həmin gün və ayın 31-də keçirilən aksiyalarda əsas tələb Aleksey Navalnının azadlığa buraxılması olub.
Fevralın 2-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edərkən Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasına əsaslanıb.
Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.
Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.
Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.
Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.
Məhkəmə Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.


скачать dle 12.1