108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı – VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Sammitində iştirak üçün Ankarada səfərdə olan Yunanıstanın Baş naziri Kyriakos Miçotakisi “Mehtər marşı”nın sədaları altında qarşılaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə xarici seqment istifadəçiləri bu addımı məqsədyönlü simvolik mesaj kimi qiymətləndirirlər.
İlk öncə onu deyim ki, Miçotakisin “Mehtər marşı” ilə qarşılanmasının müzakirəyə səbəb olması başadüşüləndir. Çünki bir neçə gün öncə İranın mərhum ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində rəsmi Tehran fərqli, lakin bənzər addım atmışdı. Belə ki, cənazəsinin önünə hər dövlətdən nümayəndələr gəldikcə fonda xüsusi seçilmiş Qurani-Kərim ayələri oxunurdu. Məsələn, Türkiyə nümayəndə heyətinin Xameneinin cənazəsi önündə ehtiramını bildirdiyi zaman “Nisa” surəsinin 95-ci ayəsi səsləndirilmişdi.
Əslində, diplomatiyada buna “mesaj verən protokol” (protocol signaling) deyilir. Dövlətlər musiqi, mərasim, geyim, marş, dini və ya tarixi atributlardan istifadə edərək qonağa, eyni zamanda beynəlxalq auditoriyaya dolayısı ilə mesaj ötürə bilirlər. Lakin İranın etdiyi ilə Türkiyənin etdiyi eyni deyil.
İranda mərasimdə iştirak edən hər ölkəyə özünəməxsus mesaj ehtiva edən Qurani-Kərim ayələri oxunurdu. Lakin Türkiyə NATO Sammitində iştirak edən liderlərin hamısını hərbi mərasimlə, o cümlədən “Mehtər marşı” ilə qarşılayıb. Yəni bu, Yunanıstanın baş nazirinə yönəlmiş jest deyil, Türkiyənin dövlət qarşılama protokolunun bir hissəsidir.
“Mehtər marşı” ilə qarşılama ənənəsi, əslində, Türkiyənin dövlət protokolunda qədim mərasim ənənəsidir. Məsələn, 1917-ci ildə Alman İmperatoru II Vilhelm İstanbula səfəri zamanı dövrün Hərbiyyə naziri Ənvər Paşa tərəfindən “Mehtər marşı”nın sədaları altında və yeniçəri geyimində olan mərasim dəstəsinin iştirakı ilə qarşılanmışdı.
“Mehtər marşı”nın yanlış anlaşılması da təəccüblü deyil. Osmanlı İmperiyası orduda hərbi orkestrdən istifadə edən çox nadir dövlətlərdən biri olub. Xüsusilə bu üsulla həm ordunun döyüş şövqü artırılır, həm də rəqibə qorxu aşılanırdı. Onu da deyim ki, Osmanlı dövründə “Mehtər marşı” bu günkü formada olmayıb. Daha çox sadə davul, zurna və zərb alətləri ilə müşayiət olunurdu. 1826-cı ildə II Mahmud yeniçəri ocağını ləğv etdikdən sonra “Mehtər” də fəaliyyətini dayandırdı. Onun yerinə Avropa tipli hərbi orkestr – “Mızıka-i Hümayun” yaradıldı. Müasir dövrdə tanıdığımız “Mehtər” isə 1911-ci ildə tarixi və mədəni irs kimi bərpa edilib. Yuxarıda qeyd etdiyim kimi, 1917-ci ildə Alman İmperatoru II Vilhelm İstanbula bərpa edilmiş “Mehtər marşı”nın sədaları altında və yeniçəri geyimində olan mərasim dəstəsinin iştirakı ilə qarşılanmışdı. 1950-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin tərkibində bugünkü Mehtər bölüyü formalaşdırıldı.
İşin tragikomik tərəfi odur ki, Türkiyə yüksək səviyyəli rəsmi tədbirlərdə və beynəlxalq sammitlərdə qonaq liderləri Osmanlı hərbi ənənəsini təmsil edən Mehtər bölüyü və “Mehtər marşı” ilə qarşılayır. Yəni Miçotakisin bu şəkildə qarşılanması gözdağı deyil, ehtiram göstəricisi olub.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı







