Bia.Az

Qarabağ və Şərqi Zəngəzur – Sülh, inkişaf və beynəlxalq əməkdaşlığın yeni ünvanı

Siyasət
 Dünən, 02:00     326

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələri qısa müddət ərzində sürətli inkişaf və yenidənqurma yoluna qədəm qoyaraq beynəlxalq aləmin diqqət mərkəzinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində bu ərazilər təkcə bərpa olunmaqla kifayətlənmir, həm də regional əməkdaşlıq, beynəlxalq tədbirlər və çoxtərəfli dialoq üçün nüfuzlu məkana çevrilir.

Xankəndidə keçirilən ECO Zirvə görüşü: Tarixi məqam

Bu ilin ən mühüm beynəlxalq hadisələrindən biri kimi qiymətləndirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi Qarabağın və Şərqi Zəngəzurun yeni geosiyasi reallıqlarda tutduğu rolu bir daha təsdiqləmişdir. Yeni inşa edilmiş Konqres Mərkəzində baş tutan bu mötəbər tədbir Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin real nəticəsini nümayiş etdirmişdir.


Zirvə görüşünün yekunu olaraq qəbul edilmiş Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən irimiqyaslı infrastruktur və sosial layihələr yüksək qiymətləndirilmiş, Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların ləyaqətli qayıdış hüququ bir daha vurğulanmışdır.

Azərbaycanın təşəbbüsləri: ECO çərçivəsində liderlik nümunəsi

Azərbaycanın ECO daxilində fəal və təşəbbüskar rolu son illərdə daha da artmışdır. 2025-ci ildə ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə “ECO Həftəsi” elan olunmuş, bu çərçivədə Şuşada Biznes-Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu təşkil edilmişdir. Bu tədbirlər yalnız iqtisadi və sosial əməkdaşlığı genişləndirməklə qalmamış, iştirakçı ölkələrin nümayəndələrinə Ermənistanın işğal zamanı törətdiyi vəhşilikləri yerində görmək və Azərbaycanın qısa müddət ərzində əldə etdiyi nailiyyətlərlə tanış olmaq imkanı yaratmışdır.

Eyni zamanda 2026-cı ildə Şuşa şəhərinin “ECO-nun Turizm Paytaxtı” elan edilməsi bu qədim mədəniyyət mərkəzinin regional və beynəlxalq turizm xəritəsində mühüm yer tutmağa başladığını göstərir.

Ermənistanın dağıdıcılığına beynəlxalq reaksiyalar

Zirvə görüşündə Prezident İlham Əliyev çıxışında Ermənistanın işğal zamanı törətdiyi dağıntılar və mədəni irsimizə qarşı edilmiş vandallıq aktları barədə ətraflı məlumat vermişdir. Dövlət başçısının qeyd etdiyi kimi, işğal dövründə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər ikisi isə təhqiredici şəkildə heyvan saxlanılması məqsədilə istifadə edilmişdir. Bu faktlar İslam aləminə qarşı misilsiz hörmətsizlik nümunəsi kimi tarixə düşmüşdür.

Bu mövqe İslam Əməkdaşlıq Təşkilatının son aylarda qəbul etdiyi sənədlərdə də öz əksini tapmışdır. İstanbulda keçirilmiş Nazirlər Şurasında qəbul edilmiş qətnamədə Ermənistan tərəfindən zorla didərgin salınmış azərbaycanlıların geri qayıdış hüququ bütün üzv ölkələrin yekdil dəstəyi ilə təsdiqlənmiş, Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanmışdır.

Qarabağ – yeni beynəlxalq əməkdaşlıq platforması

Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçıları çıxışlarında Qarabağda müşahidə etdikləri inkişafdan məmnun olduqlarını bildirərək, bu bölgənin qısa müddətdə regional sülh və tərəqqi mərkəzinə çevrildiyini vurğulamışlar. Azərbaycanın təşəbbüsləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur artıq yalnız yenidənqurma bölgəsi deyil, həm də səmərəli əməkdaşlıq, çoxtərəfli tərəfdaşlıq və siyasi dialoqun genişləndirilməsi məkanı kimi çıxış edir.


Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələri beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmaqla, Azərbaycanın inkişaf modelinin real təzahürünə çevrilmişdir. Bu ərazilərdə dalğalanan Azərbaycan Bayrağı ilə yanaşı, dost, qardaş və müttəfiq ölkələrin bayraqları həmrəylik və birliyin təcəssümüdür. Xankəndidə keçirilmiş Zirvə görüşü bir daha sübut etdi ki, Azərbaycan yalnız region daxilində deyil, həm də qlobal miqyasda sülhə, inkişaf və ədalətə töhfə verən mühüm aktordur.


Arifə HÜSEYNOVA,
Turan Dövləti Təşkilatlarının Azərbaycan
Respublikasındakı Nümayəndəliyinin rərbəri.

BİA.az
скачать dle 12.1