Putin düyməyə basdı: azərbaycanlılar təhlükədə – Bakıdan təcili addım gözlənilir

Xəbər verdiyimiz kimi, Rusiyada vətəndaşlığı olmayan şəxslər orduda müqavilə ilə xidmət edə biləcəklər. Prezident Vladimir Putinin imzaladığı yeni qərar ölkəmizdə narahatlıqla qarşılanıb. Bildirilir ki, bu, xüsusilə Rusiyada yaşayan azərbaycanlı əmək miqrantları üçün təhlükə yarada bilər. Hətta onların məcburi formada müharibəyə cəlb ediləcəyi iddia edilir.
Bu ehtimal mümkündürmü? Rəsmi Bakı bunun qarşısını almaq üçün nə edə bilər?
Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, Rusiya hakimiyyəti ümumi səfərbərliyin cəmiyyətdə sosial partlayışa səbəb olmasından narahatdır:
“Moskva Ukrayna münaqişəsində işğalçı ordusunu canlı qüvvə ilə təmin etmək üçün müxtəlif üsullara əl atır. Dustaqların və əcnəbilərin orduya cəlb edilməsi, habelə Şimali Koreyadan əsgər “idxalı” Rusiyanın ehtiyaclarını ödəməyə yetmir. Vətəndaşlığı olmayan şəxslərin kütləvi şəkildə prosesdə iştirakını təmin etmək üçün qanunvericilikdə dəyişikliklər edilib. Bu isə Rusiyada yaşayan azərbaycanlı əmək miqrantlarının zorla müharibəyə aparılmasına yol aça bilər”.
Həmçinin oxuyun:
Rusiya 48 saat vaxt qoydu: Azərbaycanlıların köçü başlayır? – VİDEO
Politoloq bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, xarici hərbi birləşmələrdə iştirak cinayət hesab olunur:
“Rəsmi Bakı bu məsələ istiqamətində ciddi addımlar atmalı, maarifləndirmə işləri aparmalı və Rusiya hakimiyyətinə xəbərdarlıq etməlidir. Qanunsuz olaraq Rusiyanın ordusuna qoşulanlara qarşı cinayət işi açılması isə Azərbaycan vətəndaşları üçün ciddi bir çəkindirici tədbir ola bilər”.
Ləman Hüseynzadə
Globalinfo.az