Bia.Az

Bu gün biz döyüş meydanında onlara kimin kim olduğunu göstəririk - Professor

Siyasət
 28-10-2020, 12:03     257

Ermənistanın növbəti təxribatından sonra sentyabrın 27-də işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Respublikasının Vətən müharibəsi başlamışdır. Azərbaycan Vətən müharibəsini yalnız cəbhədə deyil, həm də siyasi-diplomatik və informasiya müstəvilərində aparır. Ölkə başçısı hər gün müxtəlif ölkələrin kütləvi informasiya vasitələrinə müsahibələr verərək haqq savaşımızın dünyada düzgün işıqlandırılmasına şərait yaradır. Dağlıq Qarabağ problemi, Azərbaycanın geosiyasi rolu, iqtisadiyyat və daxili siyasi proseslərlə bağlı bütün sualları cavablandıran İlham Əliyevin müsahibələri dünyanın yüzlərlə media orqanında yayılıb.

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Jurnalistlərin ilk olaraq Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtona səfəri və Azərbaycanın  üçtərəfli formatda bəzi şərtlərlə danışıqlara hazır olub-olmaması barədə sualını cavablandıran cənab Prezident Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələrinin olduğunu və  Xarici İşlər nazirlərinin bu üç paytaxtda görüşməsinin  təbii olduğunu söyləyib. Eyni zamanda artıq status-kvo və təmas xəttinin olmadığını, bu müzakirələrdə Azərbaycanın əsas məqsədinin Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etmək olduğunu vurğulayıb.

Əvvəllər də danışıqlar masasında əsas mövzu daim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olub. Lakin erməni baş nazirinin "Qarabağ Ermənistandır", "Azərbaycan qondarma "Dağlıq Qarabağ hökuməti" ilə danışıqlar aparmalıdır" deməsi, üstəlik mülki əhaliyə qarşı terror əmri verməsi danışıqlar prosesinə əngəl yaradıb. Odur ki, artıq təcavüzkara öz yerini göstərməyin vaxtı gəlib çatıb ki, bunu da ordumuz ali baş komandanın rəhbərliyi altında həyata keçirir. Müsahibə zamanı Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli  görüş olarsa  bunun gündəliyin nədən ibarət olduğundan asılı olacağını deyən İlham Əliyev Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivlərinin çox uzaq olduğunu söyləyib. Bildirib ki, Azərbaycan onların cəzasını yerində verir, əraziləri azad edir, demək olar ki, hər gün Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edilir.
Azərbaycan bir daha xoş niyyətini nümayiş etdirərək humanizm prinsipləri əsasında 18 oktyabr tarixində humanitar atəşkəsə razılıq verdi. Ermənistan silahlı qüvvələri razılıq elan olunduqdan dərhal sonra Azərbaycan mövqelərini atəşə tutdu. İkinci dəfə elan olunmasından sonra da Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini və onun münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir. Atəşkəslə bağlı jurnalistin  Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik” – dəyə cavab verib. Onlar ikinci dəfə atəşkəsi pozandan sonra bizim Zəngilan şəhərini və bir çox kəndləri azad etdiyimizi bildirən cənab Prezident Azərbaycan və  Minsk qrupu tərəfindən Ermənistanın qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin rədd edildiyini də vurğulayıb.

Ölkə başçısı müsahibədə bir daha prinsipial mövqedən çıxış edərək, bildirib ki, Azərbaycanın  danışıqlar masasına oturması üçün Ermənistan yeddi rayonu boşaltmağa dair öhdəlik götürməlidir. Bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, qaçqın və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə o cümlədən Dağlıq Qarabağın ərazisinə, qədim Azərbaycan şəhəri olan Şuşaya qayıtmalıdırlar. Cənab prezident Ermənistan hökumətinin bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etdikdən sonra əlbəttə ki, danışıqların başlayacağını söyləyib.

Dağlıq Qarabağa sülhmәramlı qüvvәlәrin göndәrilmәsinә qarşı olmadıqlarını söylәyәn İlham Әliyev deyib: ‘‘Bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. İndi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü Azərbaycan deməlidir”.

Münaqişənin nizamlanması istiqamətində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu çox təəssüf ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Bu məsələ ilə bağlı jurnalistin sualını cavablandıran cənab prezident Minsk qrupunun 30 il ərzində heç bir nəticə əldə etmədiyini  bildirib. Ölkə başçısı vurğulayıb ki, Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə böyük olmasa da irəliləyişə nail olunmuşdu. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrlərinin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.
Müsahibə zamanı Türkiyәnin Azәrbaycanın әn yaxın müttәfiqi olduğunu ifadә edən Azərbaycan prezidenti Türkiyənin indi təkcə regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynadığını və onun de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan danışıqlara artıq cəlb olunduğunu söyləyib.

Azərbaycanın nəzarəti ələ aldıqdan sonra Qarabağda ermənilərin təhlükəsiz şəraitdə yaşamasının mümkün olub olmaması barədə jurnalistin sualını cavablandıran İlham Əliyev deyib ki, ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaqdır. Refendum məsələsinə gəldikdə isə ölkə başçısı Dağlıq Qarabağda heç bir vaxt referendumun keçirilmәyәcәyini dә bir daha vurğulayıb və deyib  ki, heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək, bundan söhbət gedə bilməz.

Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri münaqişə zonasına gətirməsi barədə fikir bildirən Cənab Prezident söyləyib ki, bunu Ermənistan baş naziri özü də etiraf edib. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Azərbaycanın isə heç bir xarici qüvvəyə ehtiyacı yoxdur. Azərbaycanın kifayət qədər insanı, nizami ordusu, kifayət qədər əsgər və zabitləri vardır.
Daha sonra jurnalist müharibə mövzusundan bir qədər uzaqlaşaraq, beynəlxalq enerji layihələri ilə bağlı sualla Azərbaycan Prezidentinə müraciət edib. Azərbaycanda kəmərlərin təhlükəsizliyi ilə bağlı narahatlığın olub-olmadığı barədə suala cavab verərkən ölkə başçısı bildirib ki, kəmərlərimiz ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar kəmərlərə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir.

İldən-ilə inkişaf edən, güclü Azərbaycan iqtisadiyyatı barədə ünvanlanmış suala cavab olaraq İlham Əliyev deyib ki, iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəlik var və bu proses uğurla davam edir. Ərazilərin geri qaytarılmasının kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcəyini də diqqətə çatdırıb. Həmçinin Yaponiya şirkətləri ilə əməkdaşlığımızdan söz açan ölkə başçısı onların Azərbaycanda enerji sahəsində çox fəal olduğunu, eyni zamanda avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində də Yaponiya şirkətləri ilə əməkdaşlığımızın olduğunu və  Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnun olduğumuzu vurğulayıb.
Cənab Prezidentin müsahibədə toxunduğu məsələlərdən biri də siyasi partiyaların fəaliyyəti ilə bağlı olub. O bildirib ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunub və əlavə edib ki, onun təqdim etdiyi yeni siyasi islahatlar proqramı bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib.
Hazırkı şəraitdə siyasi partiyaların mütləq əksəriyyətinin işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəklədiyini bildirən ölkə başçısı, bu prosesdə cəmi iki partiyanın iştirak etmədiyini bildirdi: Azərbaycan Xalq Cəbhəsi partiyası və Müsavat partiyası. Beləliklə, cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Yalnız iki partiya, birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan iki partiya.

Möhtərəm Prezident cənab İlham Əliyevin böyük idarəçilik təcrübəsi var. Bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz məhz dövlət başçısının siyasi xadim kimi müdrik fəaliyyətidir. Ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi xalqın cənab Prezidentə olan inamının nəticəsidir. Cənab  İlham Əliyev hakimiyyətə gəlmədən əvvəl uzun illər 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü olub. Milli Olimpiya Komitəsinin prezidenti və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı olub. Aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini kimi fəaliyyət göstərib. Baş Nazir olub.

  Həmçinin, Birinci vitse-prezident hörmətli  Mehriban xanım Əliyevanın da parlaq siyasi karyerası var. Birinci vitse-prezident 2005-ci ildən bəri parlamentin üzvü olub, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal iştirak edib. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidentidir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır.

Müsahibə zamanı ölkədə olan internet məhdudiyyətinə də toxunulub. Cənab prezident vurğulayıb ki, Sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər müvəqqətidir, milli təhlükəsizlik məsələləridir, belə bir vaxtda informasiya sistemimiz erməni təxribatından qorunmalıdır. Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır.

Sonda, Azərbaycan Respublikasının Prezidenti  sülhün bölgənin simasını müsbət mənada dəyişəcəyini də bildirib və qeyd edib ki,  sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsinin yüksək olduğunu, strateji tərəfdaşıq çərçivəsində Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrin olduğunu, yaxşı qonşu həmçinin dost olan ölkələrin bir-birini dəstəklədiyini söyləyib. Həmçinin dövlət başçısı birgə həyata keçirilən layihələrdən də danışıb. Ermənistan tərəfinə gəldikdə isə Azərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiyə ilə sərhədi bağlı olduğunu Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarının yer aldığını bildirib.

Ölkə başçısı əminliklə vurğulayıb ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Çünki bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır, və daha da azalacaq. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə 2 milyondan azdır və onlar işğala son qoymadıqları təqdirdə gələcəkdə necə yaşayacaqları barədə düşünməlidirlər. Bu gün biz döyüş meydanında onlara kimin kim olduğunu göstəririk . Onların ordusu qaçır, Azərbaycan ordusu isə onları məğlub edir.

İlham PİRMƏMMƏDOV,
Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru.
скачать dle 12.1