Bia.Az

Sərhəddə növbəti görüş – Bakı və İrəvan razılığa gəldi

Siyasət
 8-03-2024, 16:40     351

“Sərhədlərin delimitasiyasının Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə birbaşa aidiyyəti olmasa da, dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyətinin intensivləşməsi və real məzmun alması tərəflər arasında etimad mühitinin yaradılması baxımından əhəmiyyətlidir”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli Azərbaycanla Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu xüsusda son dövrlərdə komissiyanın işinin sistemli və intensiv xarakter almasını, həmçinin Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin uzlaşdırılması ilə bağlı ən qısa zamanda başa çatdırmaq barədə razılığa gəlinməsini qeyd etmək lazımdır:

“Şübhəsiz ki, delimitasiya prosesi kifayət qədər vaxt aparan bir prosesdir və dövlət sərhədlərinin razılaşdırılması kifayət qədər vaxt aparacaq. Amma sülh müqaviləsinin imzalanması bu prosesi sürətləndirə bilər.

Mahiyyət etibarilə, Azərbaycanla Ermənistan arasında müzakirə olunan mövzulardan asılı olmayaraq, birbaşa təmasların baş tutması mühüm amildir və geridə qalan zaman kəsiyi də sübuta yetirir ki, kənar müdaxilə olmadan Bakı və İrəvan razılığa gəlməyi bacarırlar.

Hazırda sülh müqaviləsinin imzalanması üçün kifayət qədər geniş imkanlar var və bütövlükdə bölgənin gələcəyi Azərbaycanla Ermənistan arasında əldə olunacaq sülhdən asılıdır”.скачать dle 12.1