Bia.Az

İki səfirin Bakıda qəribə hərəkəti - diplomatik demarş, yoxsa...

Siyasət
 24-02-2024, 14:23     360

Fevralın 21-də ABŞ və Böyük Britaniyanın Bakıdakı səfirləri - Mark Libbi və Ferqus Auld Bakıda Stalin repressiyasının qurbanı, dramaturq Hüseyn Cavidin abidəsi önündəki monumentə gül dəstələri qoyub.

“Yeni Müsavat” yada salır ki, aksiyanın Rusiyada həbsxanada ölən müxalifətçi Aleksandr Navalnının xatirəsinə ithaf olunduğu bildirilir. Hər iki ölkənin səfirləri İrəvanda da oxşar aksiya keçiriblər və hadisə orada etirazla qarşılanıb. Demək, təlimat mərkəzdən - Vaşinqton və Londondan gəlib. Bəs belə bir addım nə dərəcədə diplomatik etiketə və fəaliyyətə uyğundur? Bəzi müşahidəçilərə görə, türkofob və islamofob olmuş Navalnının Azərbaycana, Hüseyn Cavidə aidiyyəti yoxdur. Hətta belə hesab edilir ki, ikinci ölkədə ölən müxalifətçinin “xatirəsi” üçüncü ölkə diplomatları tərəfindən Bakıda bu cür anılmalı deyildi. Bəs bu, Azərbaycan-Rusiya əlaqələrinə pəl vurmaq, ölkəmizi intriqa meydanına çevirmək cəhdi sayıla bilərmi? Rəsmi Bakı hər hansı etiraz bildirməlidirmi?

Hərçənd səfirlər Cavidin heykəli önünə gələrək gül dəstələri qoymaqla həm şairin repressiya, həm Navalnının siyasi rejimin qurbanı olduqlarını demək istəyiblər. 2008-ci ilin avqustunda Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinin Rusiya tərəfindən işğal edilməsini A.Navalnı tam dəstəkləmiş, gürcüləri “gəmiricilər” adlandırmış, “Bütün gürcülər dərhal Rusiyadan qovulmalıdır!” demişdi. Türkmənistanda, Tacikistanda, Qazaxıstanda, Özbəkistanda və Qırğızıstanda A.Navalnının “Orta Asiyadan Rusiyaya miqrant axınının qarşısı alınmalı, həmin dövlətlərə qarşı viza rejimi tətbiq olunmalıdır” sözlərini unutmayıblar. Şimali Qafqazdakı insanlar A.Navalnının “Qafqaz Rusiyanın vücudunda yaradır: bu yaranı yemləməyə son qoymalıyıq, qafqazlılarla layiq olduqları dildə danışmalıyıq” bəyanatını hələ uzun müddət xatırlayacaqlar. Yəni Navalnı şovinist idi, amma siyasi hakimiyyətə qarşı mübarizə aparırdı. Cavid əfəndinin abidəsinin qarşısına ABŞ və Britaniya səfirləri indiyədək neçə dəfə çiçəklər qoyublar, bu fikir azmanını və nəsr dühasının xatirəsini yad ediblər? Bəs şairin ölüm günü niyə səfirlər heykəl önündə olmurlar?

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, səfirlər heykəlin önünə gül qoyulmasını Azərbaycan hakimiyyəti ilə razılaşdırmalı idilər: “Biz bilmirik ki, icazə alınıb, ya yox. Amma Hüseyn Cavid sovet imperiyasının cəza maşınının qurbanı olub, o dövrdə 29 min ziyalımız haqda ölüm hökmü çıxarılıb, ən öndə gedən ziyalılar məhv edilib. Azərbaycanda Müşviqin, Cavidin abidələri var. Məncə, Cavidin xatirəsinə hörmətsizlik olunub. İstənilən müqayisə qüsurludur. Sadəcə, onu Navalnı ilə eyniləşdirmək olmaz. İndi deyə bilərlər ki, ikisi də rejimin qurbanı olub. Amma başqa yer də seçilə bilərdi. Çünki onun qeyri-ruslara heç də yaxşı münasibəti olmayıb, halbuki demokrat kimi təqdim edilirdi, gəl ki, şovinist kimi danışırdı. Belə bir şəxsi bu cür yad etmək Qərbin sifarişi ola bilər. Ümumiyyətlə, Rusiyanın daxili işlərinə qarışmaq üçün Azərbaycandan istifadə olunmasını məqbul saymıram”.

AMİP sədri Arzuxan Əlizadə isə qeyd etdi ki, səfirlər repressiya qurbanlarına ehtiram bildirmək istəyiblər: “Amma düzgün istiqamətləndirməyiblər. Görünür ki, onlar hörmət ifadə etmək istəyiblər. Ancaq bilməliydilər ki, Navalnı "Krım Rusiyadır" deyirdi. O, Putinə müxalif mövqedə olsa da, bir sıra məsələlərdə şovinist baxışları varıydı. Təbii ki, səfirlərin yanlış müqayisəsinin üstündən keçmək olar. Onlar məsələyə repressiya qurbanları kontekstində yanaşıblar. Ancaq Navalnı Cavidlə bir sıraya qoyula bilməz. Eyni zamanda səfirlər soyqırımı, azərbaycanlıların etnik təmizləməyə, deportasiyaya məruz qaldığı tarixlərlə bağlı da anım günləri keçirsəydilər yaxşı olardı. Yəni bizim tariximizə də diqqət yetirmək lazımdır".

Aleksey Navalnının anası Lyudmila bildirib ki, fevralın 21-də Salexard morqunda ona oğlunun cəsədi göstərilib. O, tibbi ölüm şəhadətnaməsinə imza atdığını bildirib. Lyudmila Navalnayaya təqdim edilən tibbi rəydə ölümün səbəbinin “təbii” olduğu yazılıb. 47 yaşlı Aleksey 16 fevralda cəzaçəkmə müəssisəsində qəfildən ölüb. Daha öncə 2020-ci ildə o, “Noviçok” maddəsi ilə zəhərlənərək transfer olunub. Siyasətçi 2021-ci ilin yanvarında Berlindən Moskvaya qayıtdıqdan sonra həbs olunub. ABŞ prezidenti Cozef Bayden Rusiya müxalifətinin lideri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya və qızı Daşa ilə görüşüb.
скачать dle 12.1