Bia.Az

“Zahid Oruc xalqı şoka saldı, biz hələ Ermənistanın özündən belə çağırış eşitməmişik” - Aydın Quliyev

Siyasət
 24-02-2024, 12:25     358

Deputat Zahid Oruc məni şoka saldı. Necə yəni Ermənistanla sülh xatirinə biz Müstəqillik haqqında Konstitusiya Aktımızdan imtina etməliyik?! Deyir ki, biz Ermənistana öz müstəqillik bəyannaməsindən imtina etməyi şərt qoyuruqsa, özümüz də buna uyğun olaraq bir addım atmalıyıq. Nə danışırsınız, Zahid bəy? Siz elə bu düşüncə ilə prezident olmaq istəyirdiniz?

Pravda.az xəbər verir ki, bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

“Prezidentimiz İlham Əliyev tam haqlı olaraq şərt qoyur ki, Ermənistan bizimlə sülh sazişi imzalamaq üçün əvvəlcə öz konstitusiyasından qonşulara, o cümlədən Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddələri çıxarmalıdır. İndi Ermənistan bunu necə edəcək, etməyəcək, özü bilər. İstəyər müstəqillik haqqında bəyannamələrindən imtina etsinlər, istəyər onu ləğv edərlər, istəyər yeni konstitusiyada müstəqillik bəyannaməsinə istinad etməzlər. Zahid Oruc prezident İlham Əliyevin hamı tərəfindən müdafiə olunan bu mövqeyini düz başa düşmür, əslində dövlətimiz üçün ziyanlı başa düşür. İlham Əliyevin tələbinin mahiyyəti o deyil ki, "gəlin qarşılıqlı şəkildə konstitusiyalarımızdan müstəqillik aktlarını çıxardaq və ya ləğv edək". Belə şey yoxdur. Zahid Orucun və onun kimi düşünənlərin böyük səhvi odur ki, indiki halda Azırbaycanı və Ermənistanı sülh sazişinin tam bərabər tərəfləri kimi təsəvvür edir və ya şüurlu olaraq belə təqdim edirlər. Əvvala, Azərbaycanın əlində Ermənistana imzalatdığı 10 noyabr kapitulyasiya aktı var. Onu Ermənistan bizə yox, biz Ermənistana imzalatmışıq. Biz sülh sazişi məsələsində diktə edən tərəf kimi davranmalıyıq, diktənin subyekti olan tərəf kimi yox... İkinci Dünya müharibəsindən sonra Almaniyanın və Yaponiyanın dövlət sənədlərini dəyişdirməyə məcbur etdilər, SSRİ-ni yox. Çünki SSRİ təcavüz qurbanı idi, qalib gəlmişdi. İndi Azərbaycan da həm təcavüz qurbanı, həm də qalib tərəf olaraq Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edə bilər və etməlidir. Bu şərtlə Ermənistan sülh imzalamaq istərsə, buyursun, əks halda cəhənnəmə imzalamasın... İkinci, Azərbaycanın nə konstitusiyasında, nə də Müstəqillik Aktında Ermənistana və başqa kiməsə qarşı ərazi iddiası yoxdur. Sadəcə, bəyan olunur ki, Azərbaycan Respublikası "1918-ci ilin Demokratik Cümhuriyyətin varisidir". heç bir ərazi iddiası olmayan sənədlərdən biz niyə, hansı ağılla imtina etməliyik?! Üçüncü, çox təəccüblüdür ki, hələ Ermənistanın dövlət elitasından kimsə "Azərbaycan da bizim kimi Konstitusiyasını dəyişməli və sülhə doğru addım atmalıdır" demədiyi halda, biz bu çağırışı öz içimizdən eşidirik. Bir azərbaycanlı deputatın, prezidentliyə namizədin belə düşüncələri bizi şoka saldı. Zahid Oruc müsahibəsində özünü dolaşırdı, ancaq ortada heç bir dolaşıqlıq yoxdur. Hər şey aydındı...” – o qeyd edib.
скачать dle 12.1