Bia.Az

Brüsseldən Bakıya zəng – Avropa hərəkətə keçir

Siyasət
 22-02-2024, 01:03     234

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycanda prezident seçkisindən dərhal sonra Prezident İlham Əliyevə zəng etməsi, bu gün isə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışması diqqət çəkir. Bəzi ekspertlər Brüsselin liderlərin növbəti görüşünü təşkil etmək üçün diplomatik təmasları intensivləşdirdiyini iddia edir.

Almaniya kansleri Olaf Şoltsun Münxen Təhlükəsizlik Konfransında İlham Əliyev və Nikol Paşinyanla görüş təşkil etməsi Şarl Mişelin işinə yarayıb.

Liderlərin Brüssel görüşü baş tutacaq? Rəsmi Bakı bu görüşə razılıq verəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və onu seçkidə qələbə münasibətilə təbrik edib:


İlham Əliyev və Şarl Mişel

“Telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Telefon danışığının Paşinyanla da baş tutması Şarl Mişelin yaxın günlərdə İlham Əliyevlə Nikol Paşinyanı Brüsselə dəvət etmək istəyindən qaynaqlanır. 19 sentyabrda baş tutmuş qısamüddətli antiterror tədbirlərindən sonra Avropa İttifaqının qərəzli münasibəti, eləcə də Fransanın destruktiv mövqeyi sayəsində bu format fiaskoya uğramışdı. Lakin hazırda formatın dirçəldilməsi istiqamətində Şarl Mişelin ciddi cəhdlərinin olduğunu görə bilirik.

Azərbaycan tərəfi üçün hansı formatın qüvvədə olmasının heç bir fərqi yoxdur. Yetər ki, həmin format prosesə tam obyektiv yanaşsın, ədalətli mövqe sərgiləsin. Bu gün iki ölkə arasında münasibətlərin yaranması üçün real zəmin formalaşıb. Hərçənd ki, İrəvan Qərbdəki bəzi pozucu qüvvələrin şərtlər diktə etməsindən yayına bilmir.

Ən son Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə görüşün baş tutması da gələcəyə yönəlik ümidləri artırmış oldu. Bu görüş göstərdi ki, əvvəla, Bakının haqlı istəyi Qərbdə qəbul olunub və Fransa danışıqlardan kənarlaşdırılıb. İkinci önəmli faktor isə odur ki, Olaf Şolts görüşü yarımçıq tərk etməklə İlham Əliyevin vasitəsiz həll variantını dəstəkləmiş oldu. Bütün bunlar formatın dirçəldilməsi və yaxında ciddi praktiki nəticə əldə olunma ehtimalını artırır”.скачать dle 12.1