Bakı mühüm qərar mərhələsində: AŞPA ilə yola tamam, yoxsa…?
“Bildiyimiz kimi, Azərbaycan-Avropa münasibətləri sözün həqiqi mənasında kəskin böhran dövrünü yaşayır. İstisnasız olaraq bu vəziyyətin yaranmasının əsas və yeganə səbəbkarı elə məhz Avropanın özüdür”.
Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrinə AŞPA-nın reaksiyası və təşkilatla münasibətlərin bundan sonrakı mərhələsi haqda danışarkən deyib.
Onun sözlərinə görə, Qərb Azərbaycan üçün öz etibarlılığını itirib:
“Baxmayaraq ki, İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin inkişaf dinamikasına uyğun olaraq kifayət qədər uğurlu addımlar atılmış və qarşılıqlı əməkdaşlıq imkanları genişləndirilmişdi. Amma bütün bu addımlar Azərbaycanın ərazi bütövlüyünü hədəf alan bəyanatlar səsləndirilməsi ilə kölgədə qalmış oldu.
Çünki beynəlxalq hüququn subyekti olan hər bir dövlətin, eləcə də Azərbaycan Respublikasının xarici siyasət prioritetləri, ikitərəfli və çoxtərəfli əlaqələri ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə qarışmamaq kimi universal dəyərlərə və hüquqi öhdəliklərə əsaslanır. Deməli, tərəfdaşlarımız hər şeydən öncə ərazi bütövlüyümüzə və suverenliyimizə hörmət etməyi öyrənməli və daxili işlərimizə qarışmaq cəhdlərini dayandırmalıdırlar. Amma təəssüflər olsun ki, birləşmiş Qərb dəfələrlə bu incə xətti keçməyə cəhd edib və nəticə etibarilə onlara adekvat şəkildə xəbərdarlıqlar da edilib.
Hətta qərəzli çıxışlar o həddə çatıb ki, 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkilərinə qədər bu seçkilər ilə bağlı əsassız bəyanatlar səsləndirməkdən belə çəkinməyiblər. Ona görə də, indiki məqamda Azərbaycan üçün önəmli olan Avropanın güc mərkəzlərinin ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirərək Ermənistanın işğalçılıq və revanşizm ideologiyasına dəstək verməkdən yayınmasıdır. Ancaq belə olan halda biz həqiqətən də sülhə töhfə verməyə çalışan Avropadan və onunla münasibətlərin gələcək inkişaf dinamikasından danışa bilərik”.