Bia.Az

100 ilin seçkisi bitdi, gözlər Əliyevdə: Veriləcək qərarların anonsu AÇIQLANDI

Siyasət
 10-02-2024, 15:50     184

Azərbaycan 2020-ci ilin 8 noyabr Zəfərini 7 fevral seçkisi ilə tamamladı. İlham Əliyevin yenidən prezident seçilməsi bunu bir daha legitimləşdirdi. Artıq yeni mərhələyə start verildi. Gözlər isə Prezident İlham Əliyevdədir.

Dövlət başçısı yeni dönəmdə nələr edəcək? Struktur və kadr dəyişikliyindən tutmuş yaxın qonşularla əlaqələrə, Qərblə münasibətlərə qədər nələrin olacağı gözlənir?

Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, müstəqil və dünyəvi dövlət olaraq, Azərbaycan 100 ili, əslində 1918-ci ildə başlamalı, 2018-ci ildə isə tamamlamalı idi:

“Təəssüf ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə ərazi itkiləri və saysız-hesabsız məhrumiyyətlər başladı. Bu proses 100 illik tariximizə damğasını vurdu. 1991-ci ildə müstəqilliyimizi bərpa etməyimizə baxmayaraq, mahiyyət etibarilə ərazi bütövlüyümüzü və real suverenliyimizi 2020-23-cü illərdə başa vurduq.

2020-2023-cü illər vətənimizdən bölücülüyün kökünün kəsilməsinə, yaralarımızın sarınmasına və əldə etdiyimiz müqəddəs Zəfərin geri dönməzliyinin təmin edilməsinə sərf olundu. Bu prosesi, Allaha şükürlər olsun, şərəflə, ləyaqətlə, başımızı dik tutaraq, dövlətimizə, xalqımıza, milli iradəmizinin ifadəçisinə güvənərək, uğurla yekunlaşdırdıq.

2024-cü ildən etibarən isə dövlət və xalq olaraq yeni 100 ilə, yeni mərhələyə qədəm qoyuruq. Fevralın 7-də keçirilən seçki bir mərhələnin son akkordları, başqa bir mərhələnin başlanğıcıdır. Önəmli olan Azərbaycan xalqı və dövləti olaraq, üzərimizə müxtəlif adlar və bəhanələrlə yürüyən şəri yaxşı tanımağımız, gedəcəyimiz yolu, hədəflərimizi bilməyimizdir.

İndi artıq ərazi bütövlüyünü, suverenliyini təmin etdiyimiz dövlətimizi dünyada baş verən geosiyasi dəyişikliklər fonunda sistemli islahatlar yolu ilə rəqabətədavamlı və bütün çağırışlara cavab verə biləcək hala gətirməliyik. Cəmiyyətin gözləntiləri də budur. Amma “islahatlar” deyəndə, qənaətimə görə, kadr dəyişikliklərini nəzərdə tutmamalıyıq. Əgər Stalinin iddia etdiyi kimi, kadrlar hər şeyi həll edə bilsəydilər, ən azı rəqabət üzərində qurulmayan, yalnız dövlətin nəzarətində olan planlı iqtisadiyyatın günün birində dövləti çökdürəcəyini başa düşər və hadisələri önləyərdilər”.

Politoloq deyib ki, hazırda struktur və kadr islahatlarından daha çox, idarəçilik sistemində, bütövlükdə hakimiyyətin bütün pillələrində köklü islahatlara ehtiyac var:

“Kadr və struktur islahatları isə bu prosesin tərkib hissəsi kimi effektiv ola bilər. Seçki prosesində bütün bu məqamlarla bağlı maraqlı ideyalar, təkliflər səsləndirildi və düşünürəm ki, bu ideya və təkliflər təhlil olunaraq nəzərə alınacaq.

Təxminən aprel ayından etibarən, regionda, Cənubi Qafqazın da daxil olduğu Qərbi Asiyada və Mərkəzi Asiyada, həmçinin MDB məkanında çox önəmli proseslərin cərəyan edəcəyini gözləyirəm. Türk Dövlətləri Təşkilatının institutlaşması, təşkilatlanması istiqamətində önəmli addımlar atılacağı, təşkilatın ilkin mərhələdə vahid iqtisadi və siyasi inteqrasiya platformasına çevriləcəyi ehtimalı var. 3+3, yaxud 3+2 formatının da gerçəkləşəcəyi ehtimalı böyükdür. May-dekabr aylarında regionda ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı istiqamətində önəmli addımların atılacağı, regional təhlükəsizlik mexanizmlərinin ən azı ilkin təzahürlərinin nəzərə çarpacağı ehtimalı var. Bu xüsusda Ermənistanla sülh müqaviləsinin imzalanması perspektivini də qeyd etmək olar. Düşünürəm ki, 2024-cü il mühüm dəyişikliklər və yeniliklər ili olacaq.

Qərblə münasibətlərə gəldikdə, prosesin dünyada baş verən geosiyasi dəyişikliklər fonunda cərəyan etdiyi göz qabağındadır. Biz öz milli maraqlarımızı qoruyuruq və bu maraqlar, bölgəyə nüfuz etməyə çalışan, Cənubi Qafqazı sattelit regiona çevirməyə cəhd göstərənlərin maraqları ilə üst-üstə düşmür. Bu xüsusda bu ilin sonu, gələn ilin əvvəlində daşların öz yerinə oturacağı ehtimalı çoxdur”.скачать dle 12.1