Bia.Az

Yeni hökumət qurulur, köhnə plan işə düşür – Bakı bu təklifə nə deyəcək?

Siyasət
 10-02-2024, 14:36     178

Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd İlya Darçiaşvili parlamentdə çıxışı zamanı deyib ki, Tbilisi İrəvan və Bakı arasında danışıqlar platformasına çevrilməkdə maraqlıdır.

Ümumiyyətlə gürcü siyasətçilər və hökumət nümayəndələri tez-tez bu məsələni gündəmə gətirirlər. Azərbaycanda bəzi ekspertlər Tbilisinin vasitəçiliyi ilə görüşləri məqbul sayır.

Gürcüstanın vasitəçiliyi nə dərəcədə realdır və bu, nəticə verə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Gürcüstanda yeni hökumətin formalaşması təkcə bu ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir:

“Çünki rəsmi Tbilisi regional aktor olaraq bölgədə baş verən hadisələrdə mühüm rol oynayır. Bu, özünü Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində, həmçinin ehtimal olunan sülh sazişi məsələsində də göstərir.
Fevralın 8-də Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib. İrakli Kobaxidze ölkənin yeni baş naziri olub. O, bu vəzifədə İrakli Qaribaşvilini əvəz edib.
İrakli Kobaxidze: "Türkiyə və Azərbaycanla stratej...
İrakli Kobaxidze

İndi əsas suallardan biri Gürcüstandakı yeni hökumətin Ermənistanla Azərbaycan arasında normallaşma prosesində hansı rolu oynamasıdır.
Gürcüstan iki ölkə arasında sülh sazişinin imzalanmasını həmişə dəstəkləyib. Hər iki ölkə ilə qonşudur və münasibətlərin normallaşması onun üçün siyasi, iqtisadi, təhlükəsizlik baxımından əhəmiyyətlidir.

Bu ölkənin xarici işlər naziri və bu vəzifəyə yenidən namizəd olan İlya Darçiaşvili fevralın 8-də parlamentdə çıxışı zamanı bildirib ki, Tbilisi Ermənistanla Azərbaycan arasında danışıqlar platformasına çevrilməkdə maraqlıdır. Bildirib ki, Gürcüstan hakimiyyəti regionda sülh və sabitliyin təşviqi üçün mühüm addımlar atıb:

“Biz istəyirik ki, Tbilisi gələcəkdə qonşularımız arasında etimadın yaranmasına dəstək üçün istənilən aktual mövzuların müzakirə olunduğu platformaya çevrilsin. Hökumətin “Avropa dövlətinin qurulması naminə” yeni proqramına əsasən, Gürcüstan Cənubi Qafqazda sülh, əməkdaşlıq və sabitliyin təşviqi üçün səylərini əsirgəməyəcək”.

Ekspert deyib ki, sülh sazişində vasitəçilik iddiasında olan xarici aktorların əksəriyyəti, o cümlədən ABŞ, Fransa, Avropa İttifaqı özlərinin regional maraqlarını nəzərə alırlar:

“Onlar bölgədə təsir güclərini artırmaq və bunun üçün gərginliyin davamlı olmasını istəyirlər. Bir çox hallarda alət kimi istifadə etdikləri Ermənistanın və bölgənin taleyi adıçəkilən oyunçuların heç birini maraqlandırmır.

Gürcüstan isə region ölkəsi olduğundan bölgədəki sabitlikdə birbaşa maraqlıdır. Üstəgəl, Tbilisinin həm Bakı, həm də İrəvanla müsbət dinamika ilə inkişaf edən münasibətləri var. Belə bir şəraitdə Gürcüstanın yeni hökuməti hər iki qonşu ilə münasibətlərin inkişaf etdirilməsinə səy göstərəcək. Bu isə öz-özlüyündə sülh sazişinə töhfə verilməsini nəzərdə tutur.

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı arasında telefon danışığı olub. Ceyhun Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində yenidən xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər.

Nazirlər, həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Düşünmək olar ki, Azərbaycan da Gürcüstanın vasitəçilik səylərində maraqlıdır. Əlbəttə, ikitərəfli təmaslar daha effektivdir. Bunu əldə olunan nəticələr və rəsmi İrəvandan verilən mesajlar da göstərir”.

K. Novruzov hesab edir ki, platformaya ehtiyac yarana bilər:

“Gürcüstan bunun üçün etibarlı ölkədir. Gələcəkdə müxtəlif səviyyəli görüşlər bu ölkədə keçirilə bilər.

Onu da deyək ki, rəsmi Tbilisi Cənubi Qafqazda təhlükəsizliyi təmin edə biləcək 3+3 formatının (Azərbaycan, Gürcüstan, İran, Rusiya, Türkiyə, Ermənistan) iştirakçısıdır. Gürcüstanın normallaşma münasibətlərinə töhfəsi bir neçə cəhətdən effektiv ola bilər.

Birincisi, üç ölkə arasında intensivləşən təmaslar altılıq layihəsi platformasının inkişafına xidmət edə bilər.

İkincisi, Rusiya ilə münasibətlərə görə, Gürcüstan 3+3 layihəsinə o qədər də isti yanaşmır. Amma Tbilisinin Bakı ilə İrəvan arasındakı normallaşma prosesindəki rolu Moskva ilə “buzların əriməsinə” də kömək edə bilər. Çünki Rusiya bu prosesin birbaşa iştirakçısıdır.
Üçüncüsü və ən əhəmiyyətlisi, regionda təhlükəsizlik arxitekturası formalaşacaq.

Beləliklə, Gürcüstan platformasını müsbət qiymətləndirmək olar. Düşünmək olar ki, gələcəkdə Tbilisinin ev sahibliyi və iştirakçılığı ilə təmaslar intensivləşəcək”.
скачать dle 12.1