Bakını fəth etmək planı – geosiyasi savaş buna görə qızışıb
“Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın indiki məqamda Ermənistana, ardınca Azərbaycana gəlməsi təsadüfi deyil”.
BİA.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün müəyyən mərkəzlər Azərbaycana qarşı açıq hücuma keçib:
“Aydın məsələdir ki, bu hücumlar əvvəllər də vardı. Lakin Qarabağ zəfərindən sonra hücumlar açıq-aşkar artıb. Qərb nə olursa-olsun, Xəzərə qədər geosiyasi məqsədlərinə çatmaq istəyir.
Zaur Məmmədov
Qərb bu gün Azərbaycandan başqa region ölkələrinin əksəriyyətində inqilablar etməyi bacarıb. Bu mənada Qərbin planlarını pozan və müqavimət göstərən tək ölkə Azərbaycandır. Qərb buradakı durumdan məmnun deyil.
Azərbaycan dövləti bu illər ərzində ən vacib məqsədə çatmağa nail olub. Kimliyindən asılı olmayaraq daxili və xarici siyasət konturları haqqında vahid xalq formalaşıb. Bu gün ölkədə pərakəndəlik yoxdur. Milli ideya istiqamətində cəmiyyət növbəti mərhələyə daxil olur.
Görünür Qərb artıq prosesi yerində müşahidə etmək üçün regiona öz nümayəndəsini göndərir. Bunu kəşfiyyat xarakterli səfər də adlandırmaq olar”.