Bia.Az

Paris çıxılmaz vəziyyətdə: Bakının “yeni dövlət” təklifi gerçəkləşmək üzrə

Siyasət
 2-02-2024, 15:12     162

Dünyaya demokratiya dərsi keçən, xalqların öz müqəddəratını təyinetmə hüququnu müdafiə edən, dil, din azadlığından dəm vuran Fransa müdafiə etdiyi dəyərləri Korsika adasında, sözün əsl mənasında, tapdalayır.

Əvvəla qeyd edim ki, Avropanın ən qədim xalqlarından olan korsikalılar adanın aborigen xalqıdır. Fərqli və özünəxas mədəniyyətə, dilə, adət-ənənəyə sahib korsikalılar fransız deyil. Artıq bu xalq öz müqəddəratını təyin etmək istəyir. Səbəb isə rəsmi Parisin yerli xalqın dilini qadağan edib asimilyasiya etmək cəhdi ilə bağlıdır.
Yanvarın 30-dan adada iğtişaşlar, etirazlar yenidən başlayıb. Prinsip etibarilə Korsika xalqı ilə Fransa hökumətləri arasında əsrlər boyu davam edən anlaşılmazlıq və gərginliklər mərkəzi hakimiyyəti narahat edən əsas məsələlərdən biri olub. Fransa hökuməti korsikalı həmkarları ilə dil tapıb müxtəlif dövrlərdə kompromisə getsələr də, son illərdə vəziyyət ciddi hal alıb.
Korsika müxalifətinin fikrincə, adada fərqli düşünən insanlara qarşı repressiya güclənib. Bunu təsdiq edən hadisə isə yanvarın 28-də Korsikanın yeni müstəqillik hərəkatı “Nazione”nin iki fəalının həbs edilməsidir. Adadakı etirazların əsas səbəbi də bu iki şəxsin həbsidir.

Yanvarın 30-dan Bastia kommunasında polis idarəsi qarşısında etiraz aksiyası keçirilir. Etirazlara Bastia bələdiyyəsinin üzvləri, o cümlədən bələdiyyə sədri Pyer Savelli, onun müavini Pol Tyeri, gender bərabərliyinə cavabdeh olan bələdiyyə müşaviri Lauda Guidiçell də qatılıb. Bundan başqa, Korsika İşçiləri İttifaqı (Sindicatu di i Travagliadori Corsi – STC) də “Nazione” hərəkatını dəstəklədiyini bəyan edib.
Korsikalılar dinc aksiya keçirsələr də, fransız polisi nümayişçilərə və yeni hərəkata qarşı repressiyaya əl atıb. Aydın məsələdir ki, Paris repressiyaların səviyyəsini artırmaqla Korsikadakı hərəkatı zəiflətmək istəyir. Lakin bu, adadakı vəziyyəti dəyişmədiyi kimi, etirazçıları tədricən radikallaşdırır. Ümumilikdə isə adadakı vəziyyət ildən-ilə pisləşir və artıq geridönüşü mümkünsüz hal alır. Çünki korsikalı millətçi qruplar E.Makronun sözlərinin qeyri-səmimi olduğunu düşünürlər. Bundan başqa, müxalifət iki fəalın son həbsini onların azadlıqlarına və mərkəzlə ada arasında gələcək dayanıqlı sülhə hücum kimi qəbul ediblər.
Korsikadakı hadisələrə ilk ciddi reaksiyanı isə hələlik rəsmi Bakı verib. Daha doğrusu, Bakı Təşəbbüs Qrupu “Nazione” hərəkatının Baş Təsis Yığıncağının uğurla keçirilməsindən sonra Fransa polisi tərəfindən hərəkatın müstəqillik tərəfdarı olan fəallarının və ailə üzvlərinin qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyib. Bundan başqa, bir sıra ictimai birliklər, QHT-lər də məsələyə etirazını bildirib.

Azərbaycan dövlət səviyyəsində olmasa da, Korsikada baş verən hadisələrə hazırda ən çox reaksiya bildirən ölkədir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi isə bir müddət öncə Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atmaqla bağlı çağırış etmişdi.

Turan Rzayev
Globalinfo.azскачать dle 12.1