Bia.Az

Paşinyanın yerinə onu gətirmək istəyirlər – Bakı üçün arzuolunmaz sima

Siyasət
 2-02-2024, 14:28     271

Ermənistan Baş naziri Nikol Paşinyanın devrilməsi planı ilə bağlı iddialar son vaxtlar yerli və beynəlxalq mediada tirajlanır. Bildirilir ki, Paşinyanın rusmeyilli siyasətə keçid alması istiqamətində addımları Qərbi fərqli variant üzərində düşünməyə vadar edir.

Maraqlıdır, Paşinyanın devrilməsi Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, son vaxtlar Ermənistanda siyasi böhran yaşanır:

“Paşinyanın yürütdüyü siyasətlə razılaşmayan qüvvələr artmaqdadır. İddialara görə, onun yerinə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı gətirmək istəyirlər. Nikolun son vaxtlar Rusiyaya yönəlmə cəhdləri Qərbin xoşuna gəlmir. Qərb çalışır ki, Ermənistandakı hakimiyyət onun siyasətinin vasitəçisinə çevrilsin. Doğrudur, Paşinyan qərbyönümlüdür. ABŞ və Fransa ilə yaxın münasibətlər, Rusiya ilə gərginlik də bunun göstəricisidir. Lakin son aylarda Peterburqa səfəri, Rusiya rəhbərliyi ilə sıx-sıx təmaslar qurması onu göstərir ki, müəyyən mənada Moskvanın regiondakı maraqlarını nəzərə almağa çalışır. Qərb də öz “B” – yeni namizədin gətirilməsi planını həyata keçirməyə cəhd edir. Ermənistan siyasi elitasında ciddi dəyişikliklərin olacağı istisna deyil”.

Sultan Zahidov

Politoloqun sözlərinə görə, Ermənistanda hakimiyyətə gələcək yeni fiqur müstəqil siyasət yürütməyəcək:

“Armen Qriqoryan da Qərbin növbəti təmsilçisi rolunda çıxış edəcək. Ermənistan müstəqil siyasət yürüdə bilməyəcək və sülh prosesində ləngimələr olacaq. Azərbaycan İrəvanda hadisələri real qiymətləndirə bilən birinin hakimiyyətdə olmasının tərəfdarıdır. Rusiya Paşinyandan razı deyil, lakin Qriqoryanın hakimiyyətə gəlməsi Kremlin maraqları üçün ziddir. Rusiya ilə münasibətlərin gərginləşməsi, Ermənistanın KTMT-dən çıxması kimi fikirlər də ona məxsusdur.

Azərbaycan və Türkiyə üçün əsas məsələ Ermənistandakı hakim təbəqənin sülh prosesinə, qonşularla münasibətlərin normallaşmasına müsbət baxması və bu yöndə praktiki addımlar atmasıdır”.скачать dle 12.1