Bia.Az

Ermənistan ordusu üçün “28 yanvar səfərbərliyi” – Məqsəd nədir?

Siyasət
 29-01-2024, 13:50     124

Ötən gün Ermənistanda ordu günü ilə bağlı çıxış və təbrik məktublarında revanşist mesajlar verilib. Hətta hakimiyyət nümayəndlərinin təbrik bəyanatlarında da bu nəzərə çarpır. Ermənistan müxalifəti, qismən də iqtidarı yenidən “qalib ordu” olmaqdan danışır.

Bu yanaşma nədən xəbər verir?

BİA.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, Ermənistanda ordu günü ilə bağlı radikal fikirlər başda sabiq prezident Robert Köçəryan olmaqla erməni müxalifəti tərəfindən daim səsləndirilib:

“Ermənistan müxalifəti məsələni öz xeyirinə dəyişmək niyyətindədir. Yenidən hakimiyyətə gəlmək istəyən Köçəryanın revanşist fikirlər səsləndirməsi anlaşılandır. “Qarabağ kartı” və s. kimi ideyalar irəli sürməklə ordunun güclənəcəyini, yenidən “qalib ordu” halına gələcəyini güman edir. Sözsüz ki, bu çağırışlar reallığı əks etdirmir.

Faiq Ələkbərli

Bunlar daxili auditoriyaya istiqamətlənmiş çağırışlardır. Köçəryan da yaxşı başa düşür ki, Azərbaycan üzərində qələbə qazanmaq mümkün deyil. Lakin hakimiyyət dəyişikliyi etmək üçün bu qəbildən gedişlər edir.

İrəvandakı mövcud hakimiyyət Ermənistan-Azərbaycan münasibətlərinin konturunu müəyyənləşdirib. Nikol Paşinyanın Azərbaycanla müharibə etmək niyyəti, Qarabağın işğalı planı yoxdur. İndi onları narahat edən məsələ Zəngəzur və BMT tərəfindən tanınmış torpaqlarını qorumaqdır. Hazırkı 29,8 min kvadrat kilometrlik ərazi 1918-20-ci illərdə mövcud olan Ermənistana aid deyil. Ordunun dirçəlməsi istiqamətindəki cəhdlər də 29,8 min kvadrat kilometr ərazini qorumağa hesablanıb. Ona görə də Ermənistanın ordusunu gücləndirərək yenidən münaqişəyə başlayacağını düşünmürəm”.скачать dle 12.1