Bia.Az

"Ermənistan müstəqil xarici siyasi iradəyə sahib olmadığı üçün "zəmanətçi" axtarışı bəhanəsilə sülhü yubadır"

Siyasət
 18-01-2024, 17:22     242

"Azərbaycan heç bir zəmanətçiyə ehtiyac duymur və sülhün ikitərəfli formatda imzalanmasının tərtəfdarıdır. 2020-ci ildən bu günə kimi müxtəlif formatlı danışıqlar aparılsa da, bu danışıqlar çərçivəsində hələ heç bir nəticə əldə edilməyib. Çünki bütün tərəflərin öz maraqları var. Bu maraqlar isə Azərbaycanın maraqları ilə üst-üstə düşmür… Zaman keçir, müqavilənin imzalanması isə, baş tutmur".

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə Azərbaycanın Ermənistanla ikitərəfli müstəvidə sülh müqaviləsi bağlamasının əsasında kənar müdaxilələrin qarşısını almaq və Cənubi Qafqazda Ermənistan Azərbaycan məsələsini geopolitik qarşıdurmadan yayındırmaq siyasəti dayanır. Politoloq vurğulayıb ki, Azərbaycan tərəfinin siyasi iradəsi var ki, heç bir ölkə ümumiyyətlə bu problemə qarışmasın. Çünki vasitəçilər əlavə problemlər yaradır və sülh prosesi də uzanır.
Məhəmməd Əsədullazadə
 Məhəmməd Əsədullazadə

“Göründüyü kimi Ermənistan tərəfi zəmanətçi dövlət, xüsusilə ABŞ və Avropa İttifaqının burada rol almasında maraqlıdır. Azərbaycan buna qarşı çıxır, çünki 30 il ərzində məhz Minsk qrupu formatı münaqişəni həll etmədi. Azərbaycan da hesab edir ki, bəzi əlavə vasitəçilər olarsa, sülh müqaviləsinin imzalanması prosesi uzana bilər. Çünki onların öz maraqları olacaq. Təbii ki, Ermənistan tərəfindən də, xüsusilə Ermənistanın parlamentinin sədri Alen Simonyan da bu fikirlər səsləndirmişdi ki, “əlavə vasitəçilərin öz maraqları olur”.  Ermənistan tərəfi hələ də müəyyən bir xarici təsirlərin altındadır, müstəqil siyasi qərarlar verə bilmir”-deyə politoloq bildirib.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, çoxtərəfli danışıqlar hər hansı bir müsbət nəticəyə gəlib çıxarmayacaq. Politoloq hesab edir ki, yalnız ikitərəfli danışıqlar müstəvisində məsələ həll oluna bilər.
“Beş təməl prinsip var. Sülh müqaviləsi 70 faiz razılaşdırılıb. Ermənistan Zəngəzur yolunun maneəsiz giriş-çıxışına şərait təmin edərsə, sülh müqaviləsi bağlana bilər”-deyə politoloq bildirib.
Məhəmməd Əsədullazadə qeyd edib ki, bu il sülh müqaviləsinin bağlanması üçün böyük perspektiv və şans var. Sülh müqaviləsi tezliklə bağlana bilər.
“Ermənistan tərəfi hələ də müstəqil xarici siyasət iradəsinə, müstəqil daxili siyasət iradəsinə malik deyil. Buna baxmayaraq, 2024-cü il sülh müqaviləsi ili ola bilər”-deyə Məhəmməd Əsədullazadə əlavə edib.скачать dle 12.1