Bia.Az

Ermənistan İran-Pakistan münaqişəsini fürsətə çevirmək istəyir: - “Azərbaycanın dostu bizim düşmənimizdir”

Siyasət
 18-01-2024, 13:45     231

İranın Pakistana raket zərbələrindən sonra qarşı tərəfin cavabı özünü çox gözlətməyib. Pakistan dərhal İrana adekvat cavab verib. Üstəlik, İran İraqdakı hərbi bazalara raket zərbələri endirməklə qırmızı xətti keçib.

İranın regionda fəallaşmasında Hindistan faktorunun da rolu var. İranın hücumlarından əvvvəl Hindistanın xarici işlər nazirinin müavinin İrana səfəri də təsadüfü sayıla bilməz. Uzun illərdir, Pakistanla münasibətləri yoluna qoya bilməyən Hindistan İranın bu ölkəyə hücumundan bəhrələnmək niyyətindədir. Bu münaqişədə maraqlı tərəf isə təkcə Hindistan deyil. Pakistana hücum Ermənistanın da diqqət mərkəzindədir. Ermənistanın iki müttəfiqinin yeni münaqişədə təşəbbüskarlığı onlar üçün göydəndüşmədir.

Erməni ekspertlər artıq mövzu ilə bağlı mövqelərini də ortaya qoyublar. KONKRET.az xəbər verir ki, iranşünas Vardan Voskanyan bildirib ki, Ermənistan bu münaqişədən yararlanmalıdır:

“Bu münaqişə Ermənistanın maraqlarına uyğundur. İlluziyaları kənara qoyub, bu iki Asiya nəhəngi ilə ciddi işləməliyik. Hindistanın düşməni olan Pakistan Azərbaycanın strateji müttəfiqidir. Deməli, Pakistan həm də Ermənistanın düşmənidir. Biz bu məsələlərdən maksimum yararlanmalı və Ermənistanın maraqlarını təmin etməliyik”.

Geosiyasi vəziyyətdən istifadə edib Pakistanı terror dövləti kimi qələmə verən erməni ekspert bildirib ki, İranın zərbələrinin çox aydın və dərin mesajı var. Hindistandan başlayan və İrandan keçən Şimal-Cənub marşrutu Hindistan yarımadasını Avropa ilə birləşdirən ən qısa və təhlükəsiz beynəlxalq marşruta çevriləcək:

“Turan layihəsi “Orta Dəhliz” proqramına ziddir və onun Ermənistan ərazisindən keçməklə həyata keçirilməsi Hindistan və İranın maraqların toxunur. Ona görə də Hindistanın Ermənistanı silahlandırması, İranın vaxtaşırı Azərbaycanı hədələməsi də təsadüfi deyil”.

Bütün dövrlərdə yaranan geosiyasi dəyişiklikdən maksimum yararlanmağa çalışan Ermənistan növbəti fürsət gözləyir. Amma Ermənistanın özünü güclü dövlətlərlə eyni tərəziyə qoyması da siyasi naşılıqdır. Yüz illərdir qonşu dövlətlərin kölgəsinə sığınan və baş qaldırmaları üçün münbit şərait gözləyən ermənilərin budəfəki gözləntiləri də nəticə verməyəcək.
скачать dle 12.1