Bia.Az

Bakı-İrəvan münasibətləri haqda yeni təklif – Türkiyə modeli…

Siyasət
 18-01-2024, 01:00     221

“Azərbaycan və Ermənistan münasibətləri sülh imzlanmayacağı təqdirdə 1993-cü ildən bəri davam edən Türkiyə-Ermənistan münasibətlərinə bənzəyə bilər. Diplomatik əlaqə olmayacaq, sərhəd də açılmayacaq. Ancaq silahlı toqquşmalar da olmayacaq”. Bu fikirləri Karnegi Fondunun eksperti Kiril Krivoşeyev səsləndirib.

Maraqlıdır, nəzərdə tutulan versiyanın reallaşması mümkündür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Anar Əliyev qeyd edib ki, Cənubi Qafqazda sülh münasibətlərinin təmin olunması, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan 44 günlük Vətən müharibəsindən bu günə qədər çox ciddi iradə nümayiş etdirərək, səylərini davam etdirir:

“Ötən 3 il müddətində İrəvan tərəfindən sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atılmadı. Yalnız bəyanatlar və söz yığınından ibarət pafoslu çıxışların şahidi olduq. Azərbaycanın qətiyyətli iradəsi sayəsində dekabr ayının 7-də birgə müzakirələr aparılması istiqamətində irəliləyiş əldə olundu. Lakin bu razılaşmadan sonra baş nazir Nikol Paşinyan və digər erməni rəsmiləri tərəfindən görüşlərin perspektivinə zərbə vuracaq fikirlər eşidirik. Ötən həftəsonu Ermənistan baş nazirinin açıqladığı sərsəm bəyanatlar onların hələ də sülh prosesinə hazır olmadığını göstərir. Xüsusilə də havadarları mövcud vəziyyətə təsir etməklə, prosesin qarşısını alırlar”.


Anar Əliyev

Onun sözlərinə görə, səsləndirilən bu fikirlər, əslində sülhün əldə edilməməsi kimi qiymətləndirilməlidir:
“Burada erməni hiyləgərliyi dayanır. Cənubi Qafqazda münasibətlərin normallaşmasına davamlı cəhd edildiyini söyləyən Ermənistan artıq sülh müqaviləsinin imzalanması istiqamətində real addımlar atmaq məcburiyyətində qaldığını dərk etdiyi anda buna zərbə vuracaq mövqe sərgiləyir”.

Anar Əliyevin sözlərinə görə, K.Krivoşeyevin “heç bir toqquşma olmayacaq” fikrinə etibar etmək olmaz:
“Qarşımızdakı dövlətin məkrli niyyətindən xəbər tutub adekvat addımlar atılmalıdır. Ermənistanın bəzi dairələrində hesab olunur ki, bu sülh müqaviləsi imzalanmamalıdır, “Artsax” ideyasından imtina olunmamalıdır. Ona görə də mübarizəmiz davam etdirilməlidir, ordumuz daima güclü olmalıdır”.скачать dle 12.1