Bia.Az

Paris Bakı ilə savaşır, yoxsa Pekinlə? – “Qərb Azərbaycanın üstünə buna görə gəlir”

Siyasət
 15-01-2024, 22:32     291

Fransanın Evian-le-Ben şəhərində ucaldılan Xurşidbanu Natavan heykəlinin sökülməsi qərarı və abidənin yerləşdiyi ərazidən “Azərbaycan parkı” yazılan lövhələrin yığışdırılması iki ölkə arasında vəziyyəti daha da gərginləşdirib.

O cümlədən Fransa rəsmilərinin mütəmadi şəkildə anti-Azərbaycan mövqeyindən çıxışları, Bakını Qarabağda ermənilərə qarşı “etnik təmizləmə” törətməkdə ittiham etmələri vəziyyəti daha da çətinləşdirib.

Azərbaycan Prezidenti İlham Əliyev də son çıxışlarında Fransanın regiona müdaxilə etmə cəhdlərinə diqqət çəkib, “Azərbaycan Ermənistana hücum edəcək” fikrini də məhz Parisin yaymağa çalışdığı bildirib.

Maraqlıdır, iki ölkə arasındakı vəziyyət hara qədər davam edəcək? Parisi neytrallaşdırmağın yolları nələrdir? Yelisey Sarayı Azərbaycandan həqiqətdə nə istəyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Parisin və bir sıra Qərb ölkələrinin Azərbaycanı hədəf almaqda məqsədi açıqdır:

“Qərbin Azərbaycanın üzərinə gəlməsinin səbəbi Çinin “Bir kəmər, bir yol” layihəsini Zəngəzur vasitəsi ilə icra etmək planıdır. Pekin Türkiyə iqtisadiyyatına bu münasibətlə 27 milyard dollar sərmayə qoyur. Söhbət Azərbaycanda da yüksək məbləğdə sərmayədən gedir. Bunun qarşısını almaq üçün Qərb hər cür rıçaqlardan istifadə etməyə çalışır. O cümlədən Azərbaycanı Ermənistan üzərindən təhdid etməyə cəhd göstərirlər. Bu isə qlobal oyunçuların, hazırkı Fransa hakimiyyətinin yaxın olduğu beynəlxalq korporasiyaların icra etdiyi bir sifarişdir. Sözügedən layihəyə alternativ kimi isə G20 sammitində elan olunan Hindistan və İsrail vasitəsilə Avropaya, Yunanıstana uzanan yol görünür. Bu, əslində o yol üçün mübarizədir”.

Ə.Əlibəyli qeyd edib ki, hazırda qlobal proseslər əsasən bu məsələ ətrafında cərəyan edir və sadəcə iki amil vəziyyəti dəyişə bilər:

“Bizim coğrafiyada bu kimi məsələlər silahlarsız, diplomatik toqquşmalarla müşahidə olunsa da, Yaxın Şərqdə eyni proses qanlı qarşıdurma ilə davam edir. Hər iki yolun keçdiyi coğrafiyada yerləşən ölkələrin problemləri var. Azərbaycanla Fransa arasında yaşananların başqa bir üzü Türkiyə ilə ABŞ-ın silahlandırdığı PKK, yəni kürd yaraqlıları arasında müşahidə olunur. Bu, qlobal savaşdır, tərəflər tək deyil. Azərbaycan Türkiyə, böyük ölçüdə Çin, Rusiya, İran, BƏƏ daxil ərəb ölkələrinin maraqlarına uyğun şəkildə belə bir qlobal layihəni reallaşdırmaq gücündədir.

Rusiya-Ukrayna müharibəsi də müəyyən qədər bununla bağlıdır. ABŞ prezident seçkilərində Co Baydenin Donald Trampa uduzma və Emmanuel Makronun Fransa hakimiyyətində mövqeyinin zəifləməsi kimi ehtimallar prosesi və Parisin məsələdə mövqeyini tamamilə dəyişə bilər”.скачать dle 12.1