Bia.Az

İrəvan daxili və xarici faktorlar qarşısında aciz qalıb-Elçin Xalidbəyli

Siyasət
 11-01-2024, 15:45     196

"Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan deyil, elə ilk növbədə Ermənistanın özü üçün də böyük iqtisadi-ticari və logistik imkanlar vəd edir. Xüsusilə də, bu dəhliz Ermənistanın blokadadan çıxması üçün demək olar ki, yeganə şansdır."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd deyib:

"Çünki, əgər, Zəngəzur dəhlizi açılmasa, rəsmi  Bakı  Azərbaycan və Ermənistan arasında digər nəqliyyat-kommunikasiya xətlərini açmaq niyyətində olmadığını qətiyyən gizlətmir. Ona görə də, rəsmi İrəvan bu önəmli məsələnin həlli üzərində indi daha ciddi və praqmatik şəkildə düşünməlidir. Əks halda, Ermənistan hələ uzun müddət blokada şəraitində qala bilər.

Ancaq rəsmi İrəvanın müstəqil qərar vermək üçün siyasi iradəsi olmadığından Paşinyan hakimiyyəti bu məsələnin həllini uzatmağa üstünlük verir. Əsas problem ondan ibarətdir ki, rəsmi İrəvan Zəngəzur dəhlizinin Ermənistan üçün əhəmiyyətini anlasa da, daxili və xarici faktorlar qarşısında aciz qalıb. Ermənistan daxilində radikal-revanşistlər bu dəhlizin açılmasına müqavimət göstərməyə çalışır. Xarici faktorlara gəldikdə isə, İran birmənalı şəkildə Zəngəzur dəhlizini bloklamağa çalışır. Eyni zamanda, ABŞ və Qərb də Zəngəzur dəhlizinə nəzarət uğrunda Rusiya ilə amansız mübarizə aparır.

Məsələ ondadır ki, 10 noyabr üçtərəfli anlaşmasına görə, Zəngəzur dəhlizinə Rusiya sərhəd qoşunlarının nəzarət etməsi nəzərdə tutulub. ABŞ və Qərb isə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmağa çalışır. Ona görə də, ABŞ və Qərb Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməklə, Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirmək üçün daha bir önəmli geopolitik mexanizm qazanmasını istəmir. Bu səbəbdən də, ABŞ və Qərb Paşinyan hakimiyyətinə təlimat verərək, Rusiyanın nəzarəti altında ola biləcək bir dəhlizin açılmasına əngəl olmağa çalışır. Qərbdə hesab edirlər ki, əgər, Zəngəzur dəhlizi açılacaqsa, bu, məhz Ermənistanın nəzarəti altında olmalıdır. Bu, əslində, daha sonrakı mərhələlərdə Zəngəzur dəhlizinə nəzarətin məhz ABŞ və Qərbin nəzarəti altına keçməsi ilə bağlı perspektivləri ön plana çıxartmış olur. Ona görə də, hesab etmək olar ki, rəsmi İrəvanın müstəqil siyasi iradəsi olmadığından Zəngəzur dəhlizinin açılması ilə bağlı proses müəyyən mənada, məhz ABŞ və Qərblə Rusiya arasında gedən geopolitik qarşıdurmanın girovuna çevrilməyə başlayıb. Bundan isə məhz Ermənistanın ciddi ziyan çəkəcəyi elə indidən bəllidir."скачать dle 12.1