Bia.Az

Ermənistanın “güzgü prinsipi” israrı: qoşunlar sərhəddən çəkiləcək? - NƏ BAŞ VERİR?

Siyasət
 7-01-2024, 14:37     143

Ermənistan tərəfi yenidən qoşunların sərhəddən çıxarılmasının müzakirə olunduğu barədə bəyanat səsləndirib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, qoşunların Ermənistan-Azərbaycan sərhədindən qarşılıqlı çıxarılmasına dair danışıqlar davam edir.

“Ermənistan 1974-1978-ci illərin SSRİ xəritələrinə əsaslanaraq, qoşunların sərhəd xəttindən güzgü prinsipi ilə çıxarılmasını həyata keçirməyi təklif edir. İrəvan və Bakı danışıqları davam etdirir və ümid edirik ki, bununla bağlı razılıq əldə edə biləcəyik”, - Qriqoryan bildirib.

Bundan əvvəl isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Bakı və İrəvan qoşunların şərti sərhəddən çıxarılması ilə bağlı müzakirə edib. Bakı bu təklifi rədd edir.

Bir müddət əvvəl də Ermənistan tərəfi qoşunların “güzgü effekti” ilə sərhəddən geri çəkilməsi barədə danışıqların getdiyini bildirmişdi. Həmin zaman rəsmi Bakı bunu təkzib etdi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd etmişdi ki, buna indiki məqamda ehtiyac yoxdur.

Buna baxmayaraq, görünür rəsmi İrəvan sözügedən məsələdə israrlıdır. Ümumiyyətlə, məğlub Ermənistan zaman-zaman Azərbaycana şərtlər irəli sürür ki, ekspertlər bunun qəbuledilməz olduğunu söyləyirlər.

Sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov AYNA-ya bildirib ki, delimitasiya, demarkasiya prosesi texniki prosesdir: “Bu prosesdən öncə siyasi qərar qəbul edilməlidir. Dünya təcrübəsində də belədir - dövlətlər qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar, daha sonra sərhədin texniki xətti müəyyənləşir. Bundan əvvəl rəsmi İrəvan tərəfindən qoşunların geri çəkilməsi haqqında fikirlər səsləndirilib. Ermənistan çalışır ki, delimitasiya, demarkasiya prosesi başlamadan Azərbaycan qoşunlarını sərhəddən çəksin. Şərt bundan ibarətdir. Azərbaycan isə beynəlxalq hüquq, suverenliyə hörmət məsələsində israrlıdır”.

“Ermənistanın sərhədləri təsbit etdirmək arzusu qorxudan qaynaqlanır. Onlar çox narahatdırlar ki, Azərbaycan tarixi ədalət məsələsini aktuallaşdıra bilər. Zəngəzur, Göyçə və digər torpaqlar SSRİ dövründə Ermənistana qeyri-qanuni şəkildə kommunistlər tərəfindən verilib. İndiki halda Ermənistan anlayır ki, Azərbaycan bu mövzunu gündəmə gətirə bilər, masaya çıxara bilər”, - deyə sabiq nazir bəyan edib.

T.Zülfüqarov bildirib ki, ortada yenə də erməni hiyləsi, erməni taktikası hiss olunur: “Ermənistan istəyir ki, Azərbaycan bu ölkənin SSRİ dövründəki sərhədlərini tanısın. Bunu isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmi olaraq tanımadan etmək niyyətindədirlər. Məqsəd budur. Hesab edirəm ki, dayanıqlı sülh təmin edilmədən, qoşunların sərhəddən çəkilməsinə Azərbaycan razılıq verməyəcək. Və bu, düzgün yanaşmadır”.
скачать dle 12.1