Bia.Az

Zəngəzur dəhlizində sərhəd-gömrük rejimi barədə Azərbaycanın yeni mövqeyi ifadə edildi - Aydın QULİYEV yazır...

Siyasət
 7-01-2024, 02:36     247

Zəngəzur dəhlizində hərəkət və daşınmalara sərhəd-gömrük nəzarəti ilə bağlı Azərbaycanın prinsipial mövqeyi son reallıqlara uyğun olaraq yenilənir və təkmilləşdirilir.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır: 

Məlumdur ki, bu məsələyə Azərbaycanın yanaşmasının əsaslarını hələ xeyli əvvəllər Prezident İlham Əliyev ifadə etmişdi. 10 noyabr 2020-ci il sənədinin imzalanmasından sonrakı ilk vaxtlarda Ermənistan "dəhliz" anlayışını yaxına buraxmırdı. Tədricən bu ifadə beynəlxalq diplomatik leksikona daxil olandan sonra Ermənistan onu qəbul etməsə də, gözü-qulağı bu ifadəyə alışdı. Daha sonra Ermənistan dəhlizdə sərhəd-gömrük rejiminin necə olacağı ilə bağlı mübahisələr açdı. Həmin vaxt Azərbaycan Prezidenti mübahisələrə tam aydınlıq gətirən belə bir baxış ortaya qoydu: "Laçın yolunda hansı rejim olacaqsa, Zəngəzur dəhlizində də həmin rejim qüvvədə olacaq. Təbii ki, Ermənistan bununla da razılaşmadı, çünki onun strategiyası ümumiyyətlə heç nə ilə razılaşmamaq və bu yolla normallaşma prosesini uzatmaqdır. Lakin İlham Əliyevin yanaşması mövcud mübahisədən ən asan çıxış imkanları təklif edən variantdır. Azərbaycanın bu mövqeyi ötən il aprelin 23-də Laçın yolunda "KPP" qurulmasından və separatizm yuvasını məhv edən Antiterror tədbirlərindən əvvəl ifadə edilmişdi. Hazırda separatizm yuvası yoxdur, ermənilər Qarabağdan öz xoşları ilə köçüb gediblər, Qarabağla İrəvanı bağlayan Laçın yolu artıq bu təyinatla işləmir, Xankəndi ilə Ermənistanın birbaşa humanitar və logistik əlaqəsinə də ehtiyac qalmayıb. Bu o deməkdir ki, Zəngəzur dəhlizində sərhəd-gömrük nəzarətinin məzmununu yeni reallığa uyğun dəyişməliyik, çünki onu müqayisə edə biləcəyimiz alternativ, yəni Xankəndidən İrəvana birbaşa "Laçın yolu" yoxdur. Bundan sonra deyə bilmərik ki, "Laçın yolunda hansı rejim olacaqsa, Zəngəzur dəhlizində də o rejim olacaq".
İndi Zəngəzur dəhlizində sərhəd-gömrük rejimi ilə bağlı yeni baxışlar olmalıdır. 
Bu istiqamətdə də perspektivli təşəbbüskarlığı ilk olaraq Azərbaycan göstərdi. Məlumdur ki, dəhlizdə avtomobillərin, yüklərin və insanların təhlükəsizliyi 10 noyabr sənədi ilə Rusiya FSB-nin sərhəd qoşunlarına həvalə edilib. Lakin həmin sənəddə sərhəd-gömrük nəzarətinin mexanizmi müəyyən edilməyib, bu səbəbdən yeni gömrük-sərhəd mexanizminin müəyyən edilməsinə böyük ehtiyac duyulur. Hikmət Hacıyevin bu günlərdə BBC-yə müsahibəsində ifadə etdiyi mövqe əslində Prezident İlham Əliyevin Zəngəzur dəhlizində sərhəd-gömrük rejimi ilə bağlı yeni baxışları kimi qəbul edilməlidir.
"Zəngəzur dəhlizi ilə Azərbaycanın böyük hissəsindən Naxçıvana doğru hərəkət Ermənistanın sərhəd-gömrük nəzarətindən kənarda qalmalıdır, Naxçıvan üzərindən üçüncü ölkələrə daşımalar üzərində isə Ermənistanın sərhəd-gömrük nəzarəti ola bilər".
Hikmət Hacıyevin Prezidentin adından ifadə etdiyi mövqenin mahiyyəti bundan ibarətdir... Bir sözlə, Zəngəzur dəhlizi ilə Naxçıvana daşınacaq yüklərin və avtomobillərin üzərində Ermənistanın sərhəd-gömrük yoxlamaları qəbuledilməzdir. Bu, dəhlizin sərhəd-gömrük rejimi ilə bağlı Azərbaycanın ən son reallıqlara uyğun konkret və perspektivli mövqeyidir.
Həm də Azərbaycan bununla Zəngəzur dəhlizi ilə bağlı daha konstruktiv mövqeyə qayıtmaq üçün Ermənistana daha bir (bəlkə də son)  şans verir...
Tahir TAĞIYEVскачать dle 12.1