Bia.Az

11 ayın sualı – Tehran hələ də ona cavab axtarır, Bakı isə...

Siyasət
 27-12-2023, 13:59     234

Bu gün - dekabrın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun 11 ayı tamam olur. Bakı-Tehran əlaqələrinə sarsıdıcı zərbə vuran və diplomatik münasibətləri minimum səviyyəyə salan bu müdhiş cinayət hadisəsi indiyədək qarşı tərəfdən ədalətli hüquqi qiymətini almayıb. Rəsmi Tehran əsasən quru vədlərlə kifayətlənib, olayı hətta ailə-məişət xarakterli, sıradan hadisə kimi təqdim etməyə çalışıb.

İki gün öncə İran XİN-in sözçüsü Nasir Kənani İran və Azərbaycan prokurorluq əməkdaşlarının görüşünün nəticəsinə istinadən deyib ki, səfirliyimizin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb, proses konstruktiv axarda gedir. Bəs nəticə nə vaxt olacaq?..
“Səfirliyin açılması üçün yol xəritəsinin əsas iki bəndi bəllidir: hücum edən terrorçu məhkəmədə layiqli cəzasını aldıqdan və Tehranda saxta ittihamla həbs edilən tələbəmiz (Fərid Səfərli - red.) vətəninə qaytarıldıqdan sonra Azərbaycanın İrandakı səfirliyinin açılması həll olunacaq. Heç bir ölkə öz qonşuluğundakı səfirliyinin qapadılmasını istəməz. Azərbaycan da səfirliyin fəaliyyətə başlamasını istəyir. Ancaq Tehran zəruri addımlar atmadığı üçün məsələ uzanır və belə təəssürat yaranır ki, İrandakı bəzi dairələr səfirliyinin açılmasında maraqlı deyil”.
Bunu isə politoloq Elxan Şahinoğlu deyib. Razılaşmamaq çətindir...
Məsələ də ondadır ki, 11 aydır daşdan keçən dəlil-sübutlar, o cümlədən mühafizəçi polisin passivliyi faktı ortada ikən, obyektiv istintaq aparıb terrorçuya və ona şərait yaradanlara haqq etdikləri cəzaları kəsməyə nə mane olur?
Bir səbəbə politoloq yuxarıda toxunub. Həqiqətən İranda müəyyən radikal çevrələr səfirliyimizin açılmasını istəmir.
QATİL.jpeg (55 KB)
İkinci yandan, istisna deyil ki, İran tərəfi bir günahsız insanı öldürmüş, digərini yaralamış terrorçu Yasin Hüseynzadə haqda layiqli cəza (yerli qanunlarına görə, edam hökmü) çıxarmaqla bağlı tərəddüd içindədir. Hərçənd buna prokurorluq səviyyəsində söz verib.
Yeri gəlmişkən, Azərbaycanın Baş Prokurorluğunun oktyabrın 3-də məsələ ilə bağlı yaydığı açıqlamada belə bir sitat var: “Bildiririk ki, baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı tərəfimizdən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır. İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub. Lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib. Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcək”.
“Yaxın vaxtlarda...” Üstündən az qala üç ay ötür, amma yekun qərar yenə yoxdur. Bəlkə Tehran qarşılığında Bakıdan nəsə umur? Nə?
Bu da var ki, edam hökmü ilə İran həm özünün əvvəlki rəsmi, ilkin bəyanatına (guya hadisə ailə-məişət zəminində baş verib) zidd getmiş olacaq, həm də nə vaxtsa bu çaplı terrorçulardan təzədən istifadə etmək imkanı aradan qalxacaq. Ona görə ki, potensial yasin hüseynzadələrin “dalağı” sancacaq ki, onlardan sadəcə, “top mərmisi” kimi faydalanıb, sonra da dar ağacına göndərirlər. Ancaq bu, artıq Azərbaycanın problemi deyil...
Fərid Səfərli məsələsində də cənub qonşumuz mənasız inadkarlığından əl çəkməlidir. Əks halda, Azərbaycan səfirinin heç nə olmayıbmış kimi Tehrana qayıtması bu gəncin haqqında çıxarılan son dərəcə absurd və əsassız məhkəmə qərarına haqq qazandırmaq anlamı verər.
Qısası, “top” İranın meydanındadır. Həmişəki kimi. Ümid etmək qalır ki, heç olmasa, qarşıdakı bir ayda, yəni uzağı faciəvi hadisənin ildönümünə diplomatik əlaqələr əvvəlki axarına düşəcək. Hərgah tam bərpadan danışmaq çətin ki, mümkün olsun. Çünki terror hücumunun ikitərəfli münasibətlərdə yaradığı böyük “çapıq” hələ uzun zaman özünü göstərəcək.../Musavat.com/скачать dle 12.1