Bia.Az

Cənubi Qafqazdakı regional mübarizənin əks-sədası İsrailədək gedib çıxa bilər - GƏLİŞMƏ

Siyasət
 20-07-2020, 12:30     328

“Ermənistanla Azərbaycan arasındakı son toqquşmalar Rusiya, Türkiyə, İran, hətta İsrail kimi regional güclərin də cəlb olunacağı genişmiqyaslı müharibəyə çevrilə bilər”.

Ovqat.com xəbər verir ki, bu iddia ilə ABŞ-ın Jns.org nəşri çıxış edib.

Müəllif Şon Sevicin “Cənubi Qafqazdakı regional mübarizənin əks-sədası İsrailədək gedib çıxa bilər” sərlövhəli məqaləsində bildirilir:

İsrail-Azərbaycan əlaqələrini bəlkə də, ən gözlənilməz, o qədər də məlum olmayan, haqqında az danışılan münasibətlər kimi xarakterizə etmək olar. Onların hər ikisi kiçik ölkədir. Dünya mediasında başlıqlar çox vaxt İsrail haqda olur, o, həm pis, həm də yaxşı mənada diqqəti özünə cəlb etməyi bacarır. Eyni sözü Azərbaycana aid etmək olmaz. O, strateji nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb etsə də, birqayda olaraq, gündəmdən kənarda qalır.

Amma Ermənistanla Azərbaycan arasındakı son toqquşmalar Rusiya, Türkiyə, İran, hətta İsrail kimi regional güclərin də cəlb olunacağı genişmiqyaslı müharibəyə çevrilə bilər. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “JNS” nəşrinə bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistanın İsrailin yaxın müttəfiqi olan ölkəyə qarşı təcavüzkar siyasətinə məhəl qoymur: “İsrail həddən artıq çox tənqid edilir. Halbuki, Ermənistan daha pis addımlar atır”.
Azərbaycanlı səfir deyir ki, Ermənistanın Dağlıq Qarabağ regionu da daxil olmaqla, Azərbaycanın işğal etdiyi ərazilərində 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb: “Bizi narahat edən əsas məsələ artıq bütün dünyada aşkar xarakter almış ikili standartlardır”.
“İnsanlar işğalçıları birmənalı olaraq pisləyir. Amma söhbət Ermənistanla Azərbaycandan gedən zaman onlar sanki filosoflara çevrilirlər. Nəticədə qeyri-qanuni işğalın birmənalı qınanmasına rast gəlmirik. Bu, onların qabaqcadan hasil olmuş yalnış qənaətə əsaslandığını göstərir”, - deyə E.Süleymanov vurğulayıb.
Hər halda, iki ölkə arasındakı münaqişənin son günlərdə alovlanması onun genişmiqyaslı müharibəyə çevrilə biləcəyilə bağlı narahatlıqların əsaslı olduğunu təsdiqləyib. Ermənistanın şimal-şərqində yerləşən Tavuş rayonu ilə Azərbaycanın Tovuz rayonu istiqamətində ötən həftənin sonlarında döyüşlər başlayıb. Nəticədə Azərbaycan tərəfinin ən azı 11 əsgəri və 1 mülki vətəndaşı həyatını itirib. Ermənistan isə 4 hərbçisinin öldüyü haqda məlumat yayıb.

“Təəssüf ki, Ermənistan Azərbaycana qarşı sərhəd boyu hücuma başlamaq qərarı verib. Biz bunun əsas səbəbini dəqiq bilmirik. Səbəbləri yalnız ehtimal etmək olar”, - deyə azərbaycanlı səfir qeyd edib.

Yerevan isə hərbi əməliyyatlarının başlamasında Bakını günahlandırır. Ermənistan iddia edir, son aylarda Azərbaycan regionda hərbi qüvvələrini artırıb. O, sübut kimi, Bakının təşkil etdiyi hərbi təlimləri göstərir.

Amerika Erməniləri Milli Komitəsi isə bəyan edib ki, “Azərbaycan iyulun 12-dən Ermənistana qarşı hərbi cinayətə başlayıb, hərbi və mülki obyektlər tanklardan, artilleriyadan və dronlardan atəşə tutulub”.

Doğrudur, iki ölkə arasında sərhəd boyu vəziyyətin niyə gərginləşdiyi bu günədək aydın deyil. Amma bunun Dağlıq Qarabağda deyil, iki ölkənin beynəlxaq birlik tərəfindən tanınmış sərhədində baş verməsi narahatlıq yaradır. Toqquşmaların baş verdiyi ərazinin yaxınlığından mühüm strateji əhəmiyyətə malik neft kəmərləri də keçir. Söhbət Xəzər dənizindən Qara dəniz və Aralıq dənizinədək uzanan borulardan gedir. Yeri gəlmişkən, İsrailə tədrük edilən neftin 40%-i məhz bu bölgədən keçən kəmər vasitəsilə nəql olunur.

Sakitliyə çağırışlar

Azərbaycan İsraildən ən çox silah alan ölkələrdəndir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına əsasən, 2017-ci ildə Azərbaycan İsraildən 127 milyon dollarlıq silah alıb. İsrailin baş naziri Benyamin Netanyahu 2016-cı ildə verdiyi açıqlamada demişdi ki, Azərbaycan onun ölkəsindən 5 milyard dollar dəyərində hərbi avadanlıqlar əldə edib.

Amma yəhudi dövləti Ermənistan-Azərbaycan münaqişəsinə heç zaman qarışmayıb. “Biz hər zaman İsraillə əlaqədəyik və xüsusilə, müdafiə sahəsində dialoq aparırıq. O, Azərbaycana təhlükəsizlik və müdafiə təyinatlı məhsullar tədarük edən əsas ölkədir”, - deyə cənab Süleymanov bildirib.

Postsovet ölkələri olan Azərbaycanla Ermənistan Sovet İttifaqı dağıldıqdan sonra, yəni 1990-cı illərin əvvəllərində müstəqillik qazanıb. O vaxtdan onlar Dağlıq Qarabağ münaqişəsinə “ilişib qalıblar”. Dağlıq Qarabağ regionu beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Lakin o, etnik ermənilərin işğalında və nəzarətindədir.

ABŞ-ın dövlət katibi Mayk Pompeo tərəfləri sakitliyə çağırıb. Vaşinqtonun iki ölkə sərhədindəki zorakılıqdan narahat olduğunu deyən Pompeo gərginliyə son qoyulmasına çağırış edib.

Rusiya prezidenti Vladimir Putin də tərəfləri təmkinli olmağa, sülh danışıqlarının bərpasına səsləyib. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə Azərbaycanı müdafiə edəcəklərini deyib.

Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan həm İran, həm də Rusiya ilə həmsərhəd olan yeganə ölkədir. Bu türkdilli xalqın əksəriyyəti şiə müsəlmanıdır. Azərbaycanlılar həm dini, həm də etnik nöqrteyi-nəzərdən regionun iki böyük dövləti – İranla Türkiyəyə yaxındır. Maraqlıdır ki, İranda Azərbaycandan daha çox azərbaycanlı yaşayır.

Bu ölkə geostrateji əhəmiyyətinə görə bütün qonşu ölkələrlə, hətta ondan uzaqda yerləşən dövlətlərlə dostluq əlaqələrini qorumağa çalışır. Elin Süleymanov deyir ki, Azərbaycan İsrail dövlətinin və yəhudi xalqının da dostudur: “Ölkəmizdə 2500 ildən çox tarixi olan yəhudi icması yaşayır. Odur ki, yəhudi xalqı Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir”.

Bu gün əhalisi 10 milyon nəfər olan ölkədə 30 min yəhudi yaşayır. Bu ilin martında Azərbaycanın maliyyə naziri Samir Şərifov Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin konfransında iştirak edib. Bununla da Azərbaycan bu konfransda nazir səviyyəsində təmsil olunmuş ilk şiə müsəlmanı ölkəsi kimi tarixə düşüb.

Amma İsrail ən qədim xristianlıq ənənələri olan Ermənistanla da əlaqələri inkişaf etdirməyə çalışır. Yerevan artıq Təl-Avivdə səfirliyinin açılacağını da bəyan edib.

Eyni sözü İran haqda da demək olar. Tehranın Yerevanla isti münasibətlərinə baxmayaraq, Azərbaycan İranla mehriban münasibətlərini qoruyub saxlayır. Burada həm iki ölkənin həmsərhəd olması, həm də İrandan çox sayda azərbaycanlının yaşaması rol oynayır.

Bir sözlə, yəhudi dövlətilə müdafiə sahəsində sıx əlaqələr qurmuş Bakı, müəyyən mənada İranla İsrailin “arasında qalıb”. “Biz hər iki ölkə ilə ikitərəfli əlaqələri dəstəkləyirik. Bu, bir-birindən asılı olmayan münasibətlərdir. Azərbaycan İsraillə sıx əməkdaşlıq əlaqələrinin olduğunu hər zaman açıq şəkildə göstərib. Amma bu əlaqələr heç bir dövlətə qarşı deyil. Biz sadəcə olaraq, bir-birimizi dəstəkləyirik. Lakin İranla münasibətlərimiz də heç bir ölkəyə qarşı deyil”, - deyə azərbaycanlı səfir bildirib.

Bu günlərdə Ermənistanla Azərbaycan arasında savaşın qızışması ilə minlərlə azərbaycanlı paytaxt Bakının küçələrinə axışaraq, Dağlıq Qarabağı regionunun geri qaytarılması üçün səfərbərliyin elan olunmasını tələb edib. Üstəlik, bu aksiya pandemiya ilə əlaqədar məhdudiyyətlərə rəğmən baş tutub. Amma ölkənin müharibəyə gedib-getməyəcəyi hələ məlum deyil. “Azərbaycan hücumlara məruz qalır. Lakin digər bənzər hadisələrdən fərqli olaraq, bu, çox da işıqlandırılmır. Odur ki, İsraildəki dostlarımızı və yəhudi icmasını dostluğumuzu gücləndirməyə, Azərbaycana dəstək verməyə və uğurlu əməkdaşlığımızın tarixini bütün dünyaya danışmağa səsləyirəm”, - deyə E.Süleymanov vurğulayıb: “Onlar Cənubi Qafqazda dostlarının olduğunu bilməlidirlər”.

BİA.azскачать dle 12.1