Bia.Az

İrəvanı seçkiyə və sülhə məcbur edirlər - NƏ BAŞ VERİR?

Siyasət
 6-12-2023, 01:10     446

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumatlar artır.

Baş nazir Nikol Paşinyanın 2024-cü ildə erkən seçkilərin elan edilməsi üçün Prezident Vahan Xaçaturyana müraciət edəcəyi gözlənilir. Bununla bağlı yayılan bütün xəbərlərdə Paşinyanın əsas məqsədinin Ermənistan Milli Məclisini Rusiyapərəst siyasi qüvvələrdən “təmizləmək” olduğu bildirilir. Yəni parlamentin yeni tərkibinin əsasən Qərbyönlü və avrointeqrasiya tərəfdarlarından formalaşdırılması planlaşdırılır.

Qeyd edək ki, bununla bağlı ilk məlumat hələ noyabrın 24-də mətbuata sızmışdı. Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin iclasında növbədənkənar parlament seçkilərinə getmək istədiyini deyib.

“Baş nazir indiki parlament müxalifətini “oyunu” bitirəcəyi, yeni seçkilər keçirəcəyi, yenidən seçiləcəyi, parlamentin hazırkı mənzərəsini tamamilə dəyişəcəyi və Milli Məclisə tamamilə yeni müxalifət gətirəcəyi ilə hədələyib”,-məlumatda belə deyilirdi.

“Hraparak” qəzetinin dekabrın 5-də yaydığı məlumatda isə Qərbin Paşinyandan növbədənkənar seçki keçirməyi tələb etdiyi xəbər verilir. Yəni parlamentin tərkibini dəyişmək təşəbbüsü əslində, Paşinyandan deyil, Qərbdən gəlir. Belə çıxır ki, Qərb də öz növbəsində Ermənistanın tez bir zamanda Rusiyadan ayrılıb Avropaya tələsməsi üçün Paşinyandan “sədaqət andı” tələb edir.

Paşinyanın vədləri əvəzinə Qərb yeni seçkilər vasitəsilə Aram Sarkisyan (Respublika partiyasının sədri - red.) və digər qərbpərəstlərin də mütləq iştirak edəcək anti-Rusiya parlamentinin formalaşacağını gözləyir. Bugünkü parlament müxalifəti, açıq-aşkar rusiyayönlülər evə yola salınacaqlar”.

Erməni siyasi ekspertlərin fikrincə, ABŞ-nin və Avropa İttifaqının bu məsələdə ortaq istəyi ölkənin gələcəyini Ermənistan-Rusiya-İran üçbucağında görən müxalifəti parlamentdən kənarlaşdırmaqdır. Yeni seçkilərin keçirilməsində Nikol Paşinyanın da maraqları var.

İlk növbədə, parlamentdə eks-prezidentlər Robert Köçəryana və Serj Sarkisyana bağlı “Ermənistan” və “Şərəfim var” fraksiyaları Paşinyan üçün potensial təhlükə mənbəyi sayılır. Adıçəkilən qüvvələrin siyasi reytinqi yüksək olmasa da, Paşinyan hökumətinin devrilməsində maraqlı olan Rusiyanın istifadə edəcəyi əsas müxalif baza sayılır. Ona görə də Paşinyan parlamentdə Robert Köçəryanın və Serj Sarkisyanın da başçılıq etdiyi qüvvələrdən xilas olmağa çalışır.

Hazırda Ermənistanda Nikol Paşinyan hakimiyyətinin reytinqi kəskin aşağı düşdüyünə görə seçki kampaniyasında inzibati resurslardan istifadə etmək ehtimalı yüksəkdir. Lakin Köçəryan və Sarkisyan arasında olan ziddiyyətlər, cəmiyyətin sabiqlərə dəstək verməməsi rusiyayönlü müxalifətin siyasi dayaqlarını da zəiflədib.

Belə vəziyyətdə növbədənkənar seçkilərə getmək Paşinyana hakimiyyətini möhkəmlətmək və Rusiyanın təzyiqlərini neytrallaşdırmaq üçün lazımdır. Eyni zamanda, Paşinyan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi, Müstəqil Dövlətlər Birliyi kimi regional siyasi platformalardan Ermənistanı çıxarmaq istəyini nümayiş etdirir. Buna nail olmaq üçün ona cəmiyyətin mandatı lazımdır.

Bu baxımdan, Paşinyan növbədənkənar seçkilər üzərindən anti-Rusiya siyasətinə legitimlik qazandırmağa çalışır. Qeyd edək ki, ermənilərin Qarabağdan Ermənistana kütləvi könüllü köçməsi də son vaxtlar Paşinyan hökuməti üçün problemlər yaradıb.

Həmin ermənilərin bir çoxu Ermənistan vətəndaşlarıdır. Ona görə də revanşist müxalifət narazı Qarabağ ermənilərindən seçki prosesində istifadə etməyə çalışacaq. Ancaq onların sayı səsvermənin nəticələrinə təsir edəcək qədər deyil. Paşinyan seçkilərdə qələbə qazanarsa, bu, ona gələcəkdə sülh sazişi imzalamağa və konstitusiya referendumu keçirmək üçün də hüquqi əsas yarada bilər.

Beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyan isə hesab edir ki, Ermənistanda nə müxalifətin, nə də hazırkı hakim partiyanın qələbə qazanmaq şansı var. Üçüncü siyasi qüvvənin meydana çıxması seçkilərdə hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər.

“Bu müxalifət özünü məhv edib. Onun da hakimiyyət kimi heç bir ictimai dəstəyi yoxdur. Yəni elə bir vəziyyət yaranıb ki, parlamentdəki deputatlar əvvəllər əldə etdikləri ictimai dəstəyə malik deyillər. İrəvanda və digər icmalarda keçirilən bələdiyyə seçkiləri göstərdi ki, bir çox yerlərdə hakimiyyət lazımi səsləri toplaya və qalib gələ bilmir. Bu, o deməkdir ki, ictimai inamsızlıq var. Bu vəziyyət yeni qüvvələrin təzahürünə və yeni növbədənkənar seçkilərə gətirib çıxaracaq.

Həyat qabiliyyətli qüvvələr gah biri, gah başqası ilə oynayanlar, bir neçə simdə ifa edənlər deyil, seçkilərdə xarici siyasətin gündəminin dəqiq istiqamətini təqdim edənlər olacaq. Xalq artıq siyasi yarımçıqlıqdan bezib. Hesab edirəm ki, siyasətdə yeni, təzə qüvvələrə, simalara ehtiyac var. Bütün bunlar növbədənkənar parlament seçkilərinə gətirib çıxaracaq ki, bu da öz növbəsində Ermənistanın xarici siyasətinə təsir göstərəcək”,-ekspert belə deyib.

Müəllif: Müşfiq Abdulla - Mənbə: “Cebhe.info”
скачать dle 12.1