Bia.Az

Ermənistanda avara olan Aİ missiyası - onlar daha nəyi müşahidə edir...

Siyasət
 19-10-2023, 13:35     233

Şair Ramaldanov:  “Missiyanın əsas məqsədi Paşinyanın gələcək addımlarını istiqamətləndirmək, Rusiyanı regiondan çıxarmaqdır”

Artıq Qarabağla bağlı bütün məsələlər bitib, Azərbaycan problemi birdəfəlik həll etdi. İndi qarşıda ancaq inkişaf perspektivləri, regional layihələrin böyüməsi, azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri, dünya ilə sıx əməkdaşlıq planlarıdır.
Ancaq hələ də keçmişə qapanıb qalmış dairələr var və qəribəsi odur ki, bunların sırasında dünyaya demokratiya, inkişaf, tərəqqi dərsi keçməyə çalışanlar da var. Məsələn, 2022-ci ildə Ermənistana gəlmiş Avropa İttifaqının Monitorinq Missiyası şələ-şüləsini yığıb getmək əvəzinə, növbəti bazasını açır.
Bu barədə Aİ Missiyasının “X” hesabında məlumat verilib. Bildirilib ki, Aİ-nin Monitorinq Missiyası bu gün Yeğeqnadzorda əməliyyat bazasını açıb: “Bu, missiyanın planına uyğun olaraq, açılan son bazadır. Missiyanın rəhbəri Markus Ritter və Yeğeqnadzor merinin müavini Ararat əyalətinin sərhədyanı ərazilərinə yönələcək yeni bazanın açılışında iştirak edib”.
Faktiki olaraq bu missiyanın işi ancaq avaraçılıqdan ibarətdir. Məsələ bitib. Onlar Ermənistanda indi nəyi müşahidə edir, məqsədləri, niyyətləri nədir, hansı süni görüntünü yaratmaq istəyirlər?
Dominant.Az - Niyə bu dəfə Rusiya? - Elxan Şahinoğludan şərh
 Elxan Şahinoğlu
Siyasi şərhçi Elxan Şahinoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əslində Avropa İttifaqının Monitorinq Missiyasının indi Ermənistanda hansı işlə məşğul olması bizi narahat etməməlidir. Çünki ərazi bütövlüyümüz, Qarabağ üzərində suverenliyimizi bərpa etmişik, hazırda quruculuq işləri aparırıq. Yəni Aİ Missiyası əsla bizi narahat etmir, dövlət rəsmilərimizin də bu barədə narahatedici açıqlamalar yoxdur. İndi əsas məsələ Rusiya hərbi kontingentinin Qarabağdan yola salmaqdır, hansı ki, bu proses son vaxtlar sürətlənib. Məsələn, bir az öncə məlumat yayıldı ki, Rusiya sülhməramlılarının daha bir neçə məntəqəsi bağlanıb, sayları azalıb.
O ki qaldı Avropa İttifaqının Monitorinq Missiyasının Ermənistandan getmək əvəzinə, orada daha bir baza açmasına, ola bilsin ki, Aİ Ermənistanla əlaqələrini daha da genişləndirmək istəyir. Xatırladım ki, ötən gün Nikol Paşinyan Avropa Parlamentində çıxış etmişdi, faktiki olaraq, Avropadan təhlükəsizlik təminatı istəyirdi. Amma bu əbəsdir. Çünki Ermənistan Avropa üzvlüyünə qəbul olunası deyil. Hətta ermənipərəst, guya hər şeydə erməniləri dəstəkləyən Fransa Qarabağ ermənilərini heç qəbul etmək istəmədi, dedi ki, “qapılarımızı aça bilmərik”. Beləliklə, Paşinyanın Avropaya olan ümidləri özünü doğrultmaya bilər və belə olan halda pis vəziyyətdə qala bilər. Hazırda həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də çox doğru olaraq Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ünvanlayıb,  məsləhət verib ki, “nə qədər gec deyil, Azərbaycanla sülh sazişi imzala”.
Beləliklə, ola bilər ki, Aİ Missiyasının bazasının sayı artsın. Amma onların orada nə işlə məşğul olduqları da  bəlli deyil. Rusiya açıq-aşkar dedi ki, onlar Rusiyanın Gümrüdəki bazası haqqında kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar. Məlum məsələdir ki, bu, Rusiyanı ciddi şəkildə narahat edir. Amma bizi narahat etmir, çünki bizə qarşı yönəlməyib. Missiyanın məqsədi o idi ki, sərhəddə toqquşmaların monitorinqini aparsın, amma bu gün sərhəddə sakitlikdir və biz özümüz də sərhəddə toqquşmaların olmasında maraqlı deyilik".
Şair Ramaldanov: “Azərbaycan Ordusu regionda sülh və təhlükəsizliyin  təminatçısıdır”
Şair Ramaldanov
Hərbi ekspert, ehtiyatda olan polkovnik  Şair Ramaldanov isə qeyd edib: “Aİ Missiyası  guya ki, sərhəddə hansısa prosesləri monitorinq etmək üçün Ermənistana gəlib. Amma o missiyanın əsas məqsədi nədir, onu hamı yaxşı bilir. Missiyanın əsas məqsədi məhz Rusiyaya qarşı müəyyən bir fikir formalaşdırmaq və bundan məqsədyönlü şəkildə bu istiqamətdə işləməkdir və işləyirlər də, bunun nəticələrini də görürük. Belə ki, müşahidə olunur ki, Paşinyanın tutduğu mövqe, yol məhz Rusiyadan kənarlaşmaqdır. Missiya orada olaraq Paşinyanın gələcək addımlarını konkret müəyyənləşdirmək, istiqamətləndirmək, Rusiyanın bu regionda maraq təsirini azaltmaq və gələcəkdə Rusiyanı bu regiondan çıxarmaq  məqsədi daşıyır. Ona görə də Qarabağ məsələsi öz həllini tapandan sonra Rusiya sülhməramlı qüvvələri öz postlarını azaltdıqca, missiya öz sayını artırır.
Məlum olduğu kimi, Həkəri çayı üzərində qurulan Rusiya sülhməramlarının məntəqəsi artıq bağlanıb. Mən istisna etmirəm ki, həmin məntəqənin əvəzinə həmin missiyanın məntəqəsi yaradılsın.
Amma hesab etmirəm ki, Aİ Missiyası öz məqsədinə çatsın, çünki Rusiya heç vaxt oradan gedəsi deyil və Rusiyanın Ermənistana qarşı yetərincə təzyiq mexanizmləri var".скачать dle 12.1