Bia.Az

Paşinyanın “nala-mıxa vurma” siyasəti - Nikol haradək manevr edə biləcək?

Siyasət
 5-08-2023, 11:07     274

Ermənistanın hökumət başçısının özünü cığal uşaq kimi aparmaq cəhdləri onun xalqının və ölkəsinin başında çatlaya bilər

Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-ciddi davranışları davam etməkdədir. Sərgilədiyi davranışları, səsləndirdiyi açıqlamaları, yürütdüyü siyasəti ilə hətta bir sıra hallarda ermənilərin özünü belə qəzəbləndirən Paşinyan faktiki olaraq stabil bir rəhbər deyil, situativ, hamelion bir siyasətçi kimi xarakterizə edilə bilər.
Fakt budur ki, N.Paşinyan nə hökumətini normal idarə edə bilir, nə Ermənistan cəmiyyətini başa salmaq gücündədir. Beynəlxalq platformalarda keçirilən görüşlərdə bir bəyanat verir, ölkəsinə döndükdən sonra isə başqa sözlər danışır. Hətta hökumətin iclaslarında da “nala-mıxa vurmaq” siyasətini davam etdirir. Nikol avqustun 3-də hökumətin iclasında çıxışı zamanı deyib ki, Azərbaycanla uzunmüddətli və sabit sülhə nail olmaq üçün imkan var. O, söyləyib ki, Ermənistan iki ölkə arasında bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişinin imzalanması ilə bağlı razılığa sadiqdir. Bunun ardınca isə Azərbaycana qarşı böhtanlar yağdırmağa, hazırda gedən proseslərdə gərginlik yaratmağa hesablanmış çıxışlar etməyə başlayıb. Paşinyan həmin iclasda Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yenə də çaşdırmağa, yanlış məcraya yönləndirməyə çalışıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın bu riyakar davranışına reaksiya verib. Bəyanatda deyilir ki, Paşinyanın bu cəhdləri etməsi Ermənistan tərəfinin iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək əvəzinə, vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir. Qeyd olunub ki, Ermənistan tərəfinin 15 iyun tarixində Azərbaycan tərəfindən tikilmiş Həkəri körpüsündə, Azərbaycanın suveren ərazisində Azərbaycan bayrağını ucaldan sərhədçilərimizə atəş açmasını baş nazir N.Paşinyanın Azərbaycan tərəfindən təxribat kimi təqdim etməsi bir daha Ermənistanın həyata keçirdiyi təxribatlara bəraət qazandırdığını nümayiş etdirir. Azərbaycanın Laçın yolunu bağladığı iddiasının heç bir əsasının olmadığı məlumdur. Azərbaycan Ermənistanın “humanitar yük” adı altında əvvəllər hərbi texnika və bir sıra digər qanunsuz daşınmalara cəlb olunmuş nəqliyyat vasitələri ilə Azərbaycana ölkəmizin icazəsi olmadan yüklərin daşınmasının qəbuledilməzliyini dəfələrlə diqqətə çatdırıb. Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ölkəmiz tərəfindən tənzimlənir və Ermənistanın ölkəmizin ərazisində son üç ilə yaxın dövrdə qanunsuz fəaliyyətlər üçün sui-istifadəni davam etdirdiyi Laçın yoluna girişə və çıxışa nəzarət üçün olduqca böyük əhəmiyyət daşıyır. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib. 6 oktyabr 2022-ci il tarixində Praqa görüşündə təsdiq olunduğu kimi, 1991-ci il Alma-Ata bəyannaməsinin Azərbaycan-Ermənistan arasında sərhədləri müəyyən etdiyini, Alma-Ata bəyannaməsinin delimitasiya üçün əsas kimi qəbul edildiyini bəyan edən baş nazir Nikol Paşinyanın eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi, Azərbaycan ərazisində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimi təbliğ etməsi Ermənistanın ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadiq olmadığını nümayiş etdirib...
“Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi ”Ağdam-Xankəndi" yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir", - deyə Azərbaycan XİN-in bəyanatında daha sonra vurğulanıb.
Məsələ burasındadır ki, Azərbaycan dövləti sonsuzluğa qədər Ermənistanın təxribatçı davranışlarına bəyanatlarla cavab vermək niyyətində deyil və günün birində sərt qərarlar verilə bilər. Normal məntiq deyir ki, öz xalqının, ölkəsinin taleyini düşünən hökumət başçısı nəhayət, özünü ciddi aparmalı, qalib və haqlı ölkənin rəhbərinin şərtlərini sözsüz icra etməlidir. Bir neçə gün öncə Azərbaycan Prezidenti növbəti dəfə qəti xəbərdarlıqlarını bəyan edib. Bəs, Paşinyanın bu cür qeyri-ciddi davranışları nədən qaynaqlanır? O, haradək belə “manevrlər” edə biləcək? Erməni baş nazir niyə özünü cığal uşaq kimi aparır?
Bakupost.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı
Üzeyir Cəfərov 
Polkovnik: “Yaxın vaxtlarda həm sərhədlərimizdə, həm də Qarabağ ərazisində müəyyən səsli-küylü addımların olacağını təxmin edirəm”
Azərbaycan bu cür riyakar davranışlara görə Paşinyanla danışıqlardan imtina edə bilərmi?
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında Ermənistan hakimiyyətinin ziddiyyətli davranışlarının artıq adi hal aldığını təsdiqlədi: “Son ayların və dövrlərin siyasətçilərinin davranışlarına, addımlarına diqqət yetirsək, Ermənistan baş naziri Nikol Paşinyandan çox müxtəlif, bəzən baş-ayaq bəyanatlar verən, öz fikirlərini dəfələrlə təkzib edən bir siyasətçini xatırlamaq çətindir. Bu adam əcaib bəyanat və çıxışları ilə hamımızın əsəbləri ilə oynayır. Bəlkə də, özünün də nə dediyinin fərqində olmur çox vaxt. Gah sülhdən danışır, gah nala vurur, gah da mıxa. Hamımız da onun son aylar və son dönəmlər verdiyi çoxsaylı müsahibə, çıxışları və bəyanatlarına diqqət edəndə, bu adamın konkret nə demək istədiyini anlaya bilmirik. Deyəsən, o fikirləşir ki, bu minvalla hələ uzun müddət həm öz ağası olan Rusiyanı, həm də meyl etdiyi Qərbi aldada biləcək”.
Ü.Cəfərovun sözlərinə görə, Paşinyanın son vaxtlar dayanmadan səsləndirdiyi açıqlamalar onu deməyə əsas verir ki, Ermənistanın hökumət başçısı vəziyyətin onun üçün heç də yaxşı tərəfə inkişaf etmədiyini ciddi şəkildə anlamağa başlayıb: “Belə riyakar və fitnəkar davranış ola bilərdi ki, əvvəllər onun işinə yarayırdı. İndi isə finiş xətti görünür və konkret qərar qəbul edib, onu masa üzərində imzalamaqla yekunlaşdırmaq lazımdır. Bu isə onun və havadarlarının əsla istəmədikləri, arzulamadıqları bir məqamdır. Amma o, buna məcbur ediləcək. Necə ki, Qarabağ savaşının 2020-ci ilə qədər dövrlərində ”şıllaq atıb" oynayan, əsgər və zabitləri ilə badə qaldıran Paşinyan sonradan hansı pis duruma düşdüyünü yəqin ki, ömrünün sonuna kimi unutmayacaq. İndi də, bu cür qeyri-səmimi davranışlar onu deyəsən növbəti dəfə öz Moskva və Paris dairələrində oturmuş ağalarına gündə 50 dəfə zəng edərək yalvarmasına gətirib çıxaracaq. Paşinyan həm danışıqlarda iştirak edir, daha sonra da öz sarsaq və məntiqsiz davranışları və bəyanatları ilə faktiki sabotaj edir. Sülh istəyən adam belə oyunlara getməməlidir və bu onun üçün çox faciəvi sonluqlar gətirə bilər. Şəxsi düşüncələrimə görə, indi Paşinyan və ona kənardan havadarlıq edən güclər, daha böyük və danışıqlar prosesini dalana dirəyə biləcək planlar və onların realizə olunması üzərində düşünürlər. Artıq o fitnəkar hərəkətlərin bəzi cizgiləri görünməkdədir. Yaxın vaxtlarda həm sərhədlərimizdə, həm də Qarabağ ərazisində müəyyən səsli-küylü addımların olacağını təxmin edirəm. Həmçinin “TIR şou”nun heç də yardım-filanla hər hansı əlaqəsinin olmadığını artıq iki həftəyə yaxındır ki, hamımız görürük. Məqsəd ciddi qarşıdurmanın baş verməsidir ki, ona doğru da addımlar davam etdirilir".
Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”-Tural  İsmayılov
Tural İsmayılov
Politoloq Tural İsmayılov isə qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın sərhəddə təxribatlara son qoyması proseslərin normal məcrada inkişafına gətirib çıxara bilər: “Əgər Ermənistan Azərbaycanla sülh məsələsində həqiqətən səmimidirsə, o zaman konkret addımlar atmalıdır. Amma hələ də nə Paşinyan, nə də onun komandasının dilindən hər hansı bir konkret mesaj yoxdur. Sülhlə bağlı səmimi davranış o zaman mümkün ola bilər ki, Ermənistan şərti sərhədlərdə təxribatlar törətməkdən əl çəksin və bu təxribatlara birdəfəlik son qoysun. Bu zaman irəliləyişə nail olmaq mümkündür. Əks təqdirdə isə Ermənistanın sülh üçün təməl prinsipləri olan bir çox məsələlərdə vaxt uzatmağa çalışdığını yenə müşahidə edəcəyik. Məsələn, sülh üçün mütləq şəkildə sərhədlərin delimitasiya və demarkasiyası olmalıdır, amma Ermənistan bu prosesdən yayınır. Azərbaycanın sülhlə bağlı sabit mövqeyi var, beş maddəlik təklif irəli sürüb. Ermənistan bunu qəbul etdiyini söyləyir, lakin Ermənistanın xarici güc faktorlarından asılılığı Azərbaycanla sülh məsələsində vahid bir nöqtəyə gəlməyə imkan vermir. Ona görə düşünürəm ki, sülhlə bağlı məsələdə Ermənistan konkret addım atmalıdır”.
Politoloq onu da qeyd edib ki, Ermənistandan maşa kimi istifadə edən qüvvələr real sülhü sabotaj edirlər: “Ermənistan tarixində ilk dəfə həqiqi müstəqil dövlət kimi davranaraq Azərbaycan və Türkiyə ilə real sülhə doğru addımlar atmalıdır. Azərbaycanla sülh həm də Ermənistan dövlətçiliyinin xilası demək olacaq. Lakin Ermənistandan maşa kimi istifadə edənlər real sülhü sabotaj edirlər. Doğrudur, Azərbaycan müharibə olmasını istəmir, sülh və məsələlərin diplomatik yolla həllinin tərəfdarıdır. Amma Ermənistanın da yanaşması adekvat olmalıdır. Nəzərə alınmalıdır ki, sülhə məcburetmə məsələsi aktualdır və nəticə əldə olunana qədər müharibənin bərpası istisna deyil. Hər halda, Bakı istənilən yolla hədəfinə çatacaq. Siyasi-diplomatik üsulların nəticə verməyəcəyi təqdirdə, müharibənin bərpası qaçılmaz ola bilər. Bu isə İrəvanın seçimindən asılıdır”.
Beləliklə, artıq nəhayət, ciddi olmaq zamanıdır! Ermənistanın hökumət başçısının özünü cığal uşaq kimi aparmaq cəhdləri onun xalqının və ölkəsinin başında çatlaya bilər. Azərbaycanın səbri sonsuz deyil!//“Yeni Müsavat”скачать dle 12.1