Bia.Az

Lukaşenkonun başı dərddə - Belarus Rusiyanın güdazına gedir

Siyasət
 5-08-2023, 11:04     282

“Vaqner”in Belarus ordusu ilə təlimlərə başlaması səbəbindən Polşa 1000-dən çox hərbçisini sərhədə yerləşdirib, Litva isə bu ölkə ilə sərhədi bağlamağa hazırlaşır

Rusiya - Ukrayna müharibəsinin sonu görünmür. Vəziyyət getdikcə kritikləşir, müharibə Ukrayna sərhədlərini aşır. Bu “sonsuzluqda” başı üzərində qara buludlar dolaşan ölkələrdən biri də Belarusdur. Belarus lideri Lukaşenkonun manevr imkanları artıq daralıb və faktiki olaraq onun ölkəsi Rusiyanın güdazına getmiş durumdadır.
Xüsusilə “Vaqner” özəl hərbi şirkətinin Belarusda yerləşməsindən sonra Belarus Avropanın hədəfindədir. “Yeni Müsavat” bildirir ki, Litva Prezidenti Gitanas Nauseda “Vaqner” özəl hərbi şirkətinin Belarusda yerləşməsi ilə bağlı sərhədin tamamilə bağlanacağını istisna etməyib. Litva Prezidenti deyib ki, bu proses Polşa və Latviya ilə razılaşdırılaraq baş verməlidir. Bir müddət əvvəl Polşa rəsmiləri də Belarusun tam təcrid olunmasının mümkünlüyünü açıqlamışdı. Polşanın hökumət başçısı Moravetskinin sözlərinə görə, hazırda Belarus ərazisində 4000-dən daha artıq “vaqner”çi ola bilər. Polşa Baş naziri Mateuş Moravietski isə deyib ki, “Vaqner” qrupu NATO-nun şərq cinahının sabitliyini pozmaq məqsədilə onun yaxınlığına gəlir.
Qeyd edək ki “Vaqner”in Belarus milli ordusu ilə birgə təlimlərə başlaması səbəbindən Polşa 1000-dən çox hərbçisini Belarusla sərhədinə yerləşdirib. Bu arada Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirib. Bu barədə Avropa Komissiyasının bu gün Brüsseldə yaydığı bəyanatda deyilir. Buna səbəb kimi Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən bu ölkənin yan keçə bilməsi üçün Belarusun yardım etməsi göstərilib. Sanksiyalara əsasən, Belarusa odlu silah və döyüş sursatlarının ixracına qadağa qoyulub. Yeni qaydalar Rusiya və Belarusa qarşı sanksiyaları daha gücləndirəcək və Rusiyanın Belarus vasitəsilə sanksiyalardan yan keçməsinin qarşısını alacaq. Bu gedişatda Belarusu və onun lideri Lukaşenkonu hansı tale gözləyir? Minsk dalandan çıxa biləcəkmi?
Elxan Şahinoğlu: "İrəvan indi də Fransaya yalvarır"
 Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu yada salır ki, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının toplantısında Ukrayna ilə yanaşı Polşanın əleyhinə də fikirlər söyləyib. Putin Polşanın Ukrayna ərazisini işğal etməyi planlaşdırdığını iddia edib. Putinin iddiasına görə, Polşa Ukraynanın bir hissəsi ilə yanaşı guya Belarus ərazisinə də iddalıdır. Kreml sahibi deyib ki, indiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir. “Varşavadakı dostlarımız bunu unudublarmı” sualını səsləndirən Putin “bunu onlara xatırladacağıq” deməklə Polşanı hədələyib. Rusiyanın xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin prezidentinə dəstək verərək, Polşanın Qərbi Ukraynaya nəzarəti ələ keçirməyə hazırlaşdığını vurğulayıb.
Rusiya prezidenti tarixi həmişəki kimi özünə uyğun şəkildə “şərh” etməyə çalışır. Vaxtilə Polşa Rusiya imperiyasının tərkib hissəsi olub, Birinci Dünya müharibəsindən sonra müstəqilliyini qazanıb. Lenin və digər bolşeviklər Rusiyada çevriliş edib hakimiyyəti ələ aldıqdan sonra imperiyanın sərhədlərini başqa formada bərpa etməyi qarşılarına məqsəd qoydular".
Ekspertin fikrincə,  Putinin “Polşa Ukrayna və Belarusun ərazisinin bir hissəsini işğal etmək istəyir” iddiası isə ümumiyyətlə gülünc səslənir: “Kreml sahibi Rusiya ilə Polşanı səhv salıb. Ukraynanın ərazisini işğal edən Rusiyadır, Ukraynaya işğaldan qurtulmağa dəstək verən əsas dövlətlərdən biri isə Polşadır. Putinin Polşanı hədələməsinin arxasında başqa məqsəd də var. Rusiya Ukraynanı işğal edə bilsəydi, növbəti hədəf Polşa və Baltik ölkələri olacaqdı. Putin keçmiş imperiyanın bərpası xülyasıyla yaşayır. Ancaq Putin bu gün Rusiyanın onsuz da böyük olan ərazisinin ”artırılması" barədə deyil, olan ərazisinin itirilməsi və gələcək mərkəzdənqaçma meylləri barədə ciddi düşünməlidir".

Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, Belarus Rusiyanın forpostudur, ittifaq dövlətidirlər: “Lukaşenko onun ucbatından Qərbdən daha çox təzyiqlərə, sanksiyalara məruz qalır. Bu da dünyada gedən qütbləşmə, bloklaşmanın nəticəsidir. Digər tərəfdən isə ”Vaqner"in Belarusda yerləşməsi ilə Polşa təhdid edilir. Putin demək istəyir ki, mən də NATO ölkəsinin yaxınlığında bir hərbi düşərgə yaradıram. Kreml başçısı Amerikaya göstərməyə çalışır ki, sən Ukraynanı Şimal Alyansına üzv etmək və hərbi baza yaratmaq istəyirdin, mən də belə edəcəm. Bütün hallarda Belarus iradəsindən kənarda olan proseslərin içinə düşüb. Lukaşenkonun müharibəyə cəlb edilməsi də hədəf idi, amma Belarus lideri ordusunun Ukrayna döyüşlərinə girməsindən çəkindi". Təhlilçi sərhədlərin bağlanmasını hələlik istisna edir: “Bu, diplomatik skandala və gərginliyin daha da yüksəlməsinə səbəb ola bilər. Amma nə qədər ki Rusiya işğalçı əməliyyatları davam etdirir, Belarusa o qədər zərbələr dəyəcək. Yəni söhbət iqtisadi basqılardan gedir. Ancaq Litva və Polşa kimi NATO dövlətləri də daim sərhədlərində təhdid hiss etməli olacaqlar”.//“Yeni Müsavat”скачать dle 12.1