Bia.Az

Laçın postu: siyasətçilər nə deyir?

Siyasət
 25-04-2023, 13:11     283

Siyasətçilər Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə, Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasını şərh edib.

Post aprelin 23-də qoyulub.

BİA.az xəbər verir ki, Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, Laçın yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsinin formal xarakter daşımayacağına, Qarabağdakı separatçı ordunun silah-sursat təchizatının qəti şəkildə dayandırılacağına, Ermənistandan Azərbaycana hərbi yüklərin və hərbi kontingentin daşınmayacağına ümid edir: “Sərhədlərimizə layiqincə nəzarət edilsə, bu, Qarabağdakı etnik separatizmə çox ciddi zərbə olacaq və separatçıların reallıqla barışmaqdan başqa çarəsi olmayacaq”.

Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edir ki, sərhədlərin nəzarətə götürülməsi Azərbaycan dövlətinin beynəlxalq normalara tam uyğun suveren hüququdur: “Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycana silah-sursatın, fitnə-fəsadın gətirilməsinin qarşısının alınması, bütün ərazimiz üzərində suveren hüquqlarımızın bərpası istiqamətində ciddi addım deməkdir”.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, Xarici İşlər Nazirliyi sərhəd məntəqəsində nəzarətin Rusiya sülhməramlıları ilə əlaqələndirmə şəraitində həyata keçiriləcəyini bəyan edib: “Sərhəd təhlükəsizliyinin Rusiya “sülhməramlıları” ilə birgə təmin edilməsi Azərbaycan Konstitusiyasına ziddir, suverenliyin təminatı baxımından məqbul deyil, Azərbaycanda Rusiyanın təsir dairəsinin güclənməsinə, Qarabağda rus qoşunlarının uzunmüddətli dövrdə qalmasına və Ermənistan-Azərbaycan arasında sülh prosesinin tənzimlənməsində Kremldən asılılığın artmasına xidmət edir”.

Müstəqil siyasətçi Azər Qasımlı yazır ki, rus əsgəri Azərbaycan torpağında olduğu müddətdə bölgədə sülh, Azərbaycanın ərazi bütövlüyünün təminatı, insana hörmət əsasında qurulan siyasi-iqtisadi sistem mümkün deyil: “Cənubi Qafqazda dəhlizlər, nəzarət-buraxılış məntəqələri yox, şəffaf sərhədlər, iqtisadi və mədəni əməkdaşlıq olmalıdır. Lakin bu, gələcəyin işidir. Bu gün Laçın dəhlizində, yəni Azərbaycanın suveren ərazisində belə bir məntəqənin olması labüddür.

Lakin Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulması Rusiyanın iradəsi çərçivəsindədir. Çünki rus hərbi kontingentinin hərbi maşınları yoxlanmayacaq. Qarabağa silah-sursat daşınırdısa, bu, rusların iradəsi və nəzarəti altında edilirdi. Bir sözlə, ruslarla müştərək şəkildə istifadə ediləcək nəzarət-buraxılış məntəqəsi bizim üçün qalibiyyət deyil, sadəcə Rusiya “sülhməramlı” kontingentinin ərazimizdə yerləşdirilməsinin və Rusiyadan qopmaq istəyən Ermənistan baş nazirinin iqtidardan endirilməməsinin məntiqi davamıdır. Ona görə də qalıcı deyil, strateji deyil, müvəqqətidir”.

1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb, 1994-ci ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edirскачать dle 12.1