Bia.Az

YAP-çı deputatdan partiya sədrinin həbsi ilə bağlı İLGİNC AÇIQLAMALAR

Siyasət
 23-04-2023, 14:36     276

Hikmət Babaoğlu: “Əgər belə deyilsə, o zaman Anar Əsədli müvəqqəti olaraq öz siyasi fəaliyyətini dayandırmalı və hüquqi proses başa çatana qədər siyasətin hüquq üzərində təzyiq vasitəsi kimi istifadə edilməsinə yol verməməlidir”

Aprelin 21-də Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli dələduzluqda təqsirləndirilərək həbs edilib. Rəsmi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.

Musavat.com xatırladır ki, Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.

Mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov ötən gün Musavat.com-a müsahibəsində Anar Əsədlinin həbsi ilə bağlı məsələlərə aydınlıq gətirib. Həbslə bağlı fərqli iddialar da yayılmaqdadır, hətta işin arxasında siyasi motivlərin olduğu iddia olunur. YAP-çı deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini və İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu mövzu ilə bağlı Musavat.com-un suallarını cavablandırıb.

- Hikmət müəllim, aprelin 21-də Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib. Rəsmi məlumata görə, partiya sədri dələduzluqda təqsirləndirilib və barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Bildirilir ki, onun həbsi tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında baş tutub. Sizcə, bir siyasi partiya sədrinin həbsi normal hadisədirmi? Çünki hazırda bu həbsin siyasi motivlər əsasında baş tutduğu iddia edilir…
- Doğrusu hər hansı bir şəxsin hüquqi məsuliyyət yaradan hərəkətə yol verməsi və onun məsuliyyətə cəlb edilməsi hüquqi dövlətdə adi bir hadisədir. Qanun isə hamı üçün ümumi məcburi davranış qaydası olduğu üçün siyasi mənsubiyyətindən yaxud statusundan asılı olmayayaraq, hamı qanun qarşısında bərabərdir və heç kəsin qanunu pozmaq haqqı yoxdur. Hər hansı siyasi partiya sədri də hər şeydən öncə vətəndaş olaraq davranışlarına görə qanun qarşısında məsuliyyət daşıyır. Bildiyim qədərilə Yüksəliş Partiyasının sədri Anar Əsədli dələduzluqda təqsirləndirilib və barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başladılıb. Qeyd olunduğu kimi, onun həbsi tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında baş tutub. Belə olan təqdirdə, yəni ortada konkret ittiham və iddiaçı olduğu halda, hər şey hüquqi müstəvidə həll edilməlidir.

Cavabdeh isə, xüsusilə əgər partiya sədridirsə, öz siyasi imicinin qorunması xatirinə məsələnin məhz hüquq müstəvisində həll edilməsində maraqlı olmalıdır. Ancaq təssüf ki, bir çox hallarda biz məsuliyyətdən yayınmaq üçün hüquqi hadisənin siyasiləşdirilməsinin şahidi olmuşuq.
- Bəs sizcə, bu, nə üçün edilir ?
- Normal siyasətçilər belə hallarla üzəşdikdə hüquqi mexanizmin obyektiv işləməsi üçün hətta siyasi fəaliyyətlərini bir müddət dayandıraraq hüququn önünü açırlar ki, istintaq prosesində hüquqa, yəni ədalətə kölgə düşməsin. Çünki siyasətçi onda maraqlı olur ki, hüquq onun təmiz olduğunu təsdiq etsin və həmin siyasətçi sonra cəmiyyətə günahsız şəxs kimi müraciət edərək öz siyasi karyerasını davam etdirsin. Ona görə ki, siyasət şəffaflığı sevir. Ancaq bizdə bəzən məsələ tamamilə tərsinə qoyulur. Yəni siyasət bəzi siyasətçilər üçün onların qanun qarşısında immunitet çətiri vasitəsinə çevirilir. Beləcə, siyasətçi hesab edir ki, hər çür qanun pozuntusuna yol verə və siyasət vasitəsilə hüququ şantaj edərək məsuliyyətdən yayına bilər. Görünür Anar Əsədli də siysətin məntiqi və məqsədini bunda görür və onu məsuliyyətdən yayınma vasitəsinə çevirmək istəyir. Əgər belə deyilsə, o zaman Anar Əsədli müvəqqəti olaraq öz siyasi fəaliyyətini dayandırmalı və hüquqi proses başa çatana qədər siyasətin hüquq üzərində təzyiq vasitəsi kimi istifadə edilməsinə yol verməməlidir. Onda cəmiyyət başa düşər ki, doğrudan da qarşısındakı həqiqi siyasətə və hüquqa münasibətdə səmimidir, o halda ona inanmaq olar. Əks təqdirdə, siyasətçi ictimai rəydə etibar sahibi ola bilməz ki, bu da siyasətçinin sonu deməkdir. Ancaq biz bilirik ki, Azərbaycanda hüquq və ədaləti siyasətlə şantaj edərək hüquqi məsuliyyətdən yayınmağa cəhd etmənin xoş olmayan bir ənənəsi formalaşıb. Biz 90-cı illərdə əsası qoyulan bu məsuliyyətsizlik sindromundan siyasi sistemimizi xilas etməliyik. Çünki Azərbaycan cəmiyyəti kifayət qədər savadlı cəmiyyətdir və belə siyasi istismarı artıq ikrahla qarşılayır.

- Ancaq cəmiyyətimiz savadlı, yaxud siyasi baxımdan yetkin cəmiyyət olsa da, biz bəzən hələ də söylədiyiniz “siyasi çətir altında məsuliyyətsizlik sindiromu”nun müdafiə edildiyini görürük…
- Tamailə haqlısınız. Təəssüf ki, belə hallara rast gəlirik və Anar Əsədli hadisəsi də bunun son örnəklərindən biridir. Ümid edək ki, həm də ən sonuncularından biri olacaq. Çünki son dövrlərdə ölkəmizdə həyata keçirilən dərin siyasi islahatlar nəticəsində yaranmış keyfiyyətcə yeni siyasi münasibətlər sistemi Azərbaycan siyasi mədəniyyətində tamamilə fərqli bir mərhələ formalaşdıra bilib. Çox təssüf ki, bəzi sosial şəbəkə fəalları və internet video resurslar siyasi yüksəlişimizin qarınaltı yükünə çevirilib. Yəni onu geriyə çəkməyə çalışırlar ki, bu da məqsədyönlü olaraq xüsusi mərkəzlər tərəfindən edilir. Çünki belə vasitələrlə ölkəmizi siyasi şantaj edərək milli maraqlarımız və müstəqil iradəmizdən güzəştlər əldə etməyə çalışırlar. Açıqcası, bunu artıq Azərbaycanda bilməmiş, dərk etməmiş siyasi fəal, fərd qalmayıb. Ona görə də nəyin nə üçün edildiyini hamı yaxşı başa düşür. Yaxşı ki, idarə olunan süni ictimai fəallar siyasi sistemimizin keyfiyyətinə təsir edəcək miqyasda deyillər və hər gün onların sayı daha da azalır.скачать dle 12.1