Bia.Az

Xankəndi ilə danışıqlarda “üçüncü tərəf” axtarışı - “təlxəklərə” kimlər dəstək verir...

Siyasət
 21-04-2023, 11:10     316

30 ildir həm Ermənistan, həm də onu müdafiə edən dairələr Qarabağdakı terrorçu rejimi Bakı ilə üz-üzə oturtmağa çalışır, amma niyyəti baş tutmur

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi köməkçisinin müavini Erika Olsonla görüşündə digər məsələlərlə yanaşı, Bakı və Qarabağ arasında dialoqun beynəlxalq mexanizminin yaradılması haqqında məsələ müzakirə olunub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir. Paşinyan ABŞ-ın regionda sabitliyin və sülhün bərqərar edilməsi üzrə səylərinin, Ermənistanda demokratiyaya və islahatlara dəstəyinin vacibliyini qeyd edib.

Qeyd edək ki, İrəvan hesab edir ki, “Ermənistanla Azərbaycan arasında sazişin imzalanması Qarabağ münaqişəsinin həlli prosesindən Xankəndi ilə Bakı arasında beynəlxalq müzakirə mexanizminin formalaşacağı məntiqi ilə ayrıla bilər”. Ermənistan hökumətinin yaydığı son açıqlamada da belə deyilir. Ermənistan Azərbaycanla sülh bağlayıb, kənara çəkilmək istəyir, “Xankəndi ilə Bakı arasında beynəlxalq müzakirə mexanizminin formalaşacağı məntiqi ilə ayrıla bilər” - şərti ilə...
30 il ərzində həm Ermənistan, həm də onu müdafiə edən dairələr Qarabağdakı terrorçu rejimi Bakı ilə üz-üzə oturtmağa, tərəf kimi tanıtmağa çalışdı, amma niyyəti baş tutmadı. Ermənistan hesab edir ki, problem Azərbaycanın “Qarabağ daxili işimizdir” dediyi kimi yox, beynəlxalq müstəvidə həll olunmalıdır. Azərbaycan da bunu qəbul etmir. Azərbaycan dəfələrlə ermənilərə görüş təklifi edib, nəhayət, martın əvvəlində Xocalıda sülhməramlıların iştirakı ilə Qarabağ ermənilərinin təmsilçiləri ilə Azərbaycan rəsmiləri arasında görüş keçirildi. Bundan sonra Azərbaycan Prezident Administrasiyası ermənilərin nümayəndəsini müzakirələr üçün iki dəfə Bakıya dəvət etdi. Lakin ermənilər bu formatda görüşdən imtina etdilər. Son olaraq Qarabağdakı qondarma rejim Azərbaycan dövlət təmsilçiləri ilə Rusiya sülhməramlı missiyasının vasitəsilə görüşün keçirilməsi təklifi ilə çıxış ediblər. Yəni erməni separatçıları vasitəçi olmadan görüşməkdən çəkinirlər. Birbaşa danışıqlarından yayınmağın səbəbi isə Minsk Qrupu kimi bir mənasız vasitəçilik mexanizminin yaranmasını hədəfləyir. Dövlət başçısı yəqin ki, məhz Azərbaycana hər hansı mövzuda təzyiq etməyə həvəsli olan qüvvələrə xəbərdarlıq, separatçılara “təlxək” deyərək bu “üçüncü tərəf” təklifinə də cavab vermiş oldu. Bəs bu üçüncü tərəf, beynəlxalq vasitəçi mexanizmini Fransadan başqa hansı dövlətlər dəstəkləyir? ABŞ və Brüssel (Avropa İttifaqı) bu işin içində varmı?
Elxan Şahinoğlu: “Gərək azərbaycanlı nazir orda olardı ki...”
 Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Paşinyanın “iki od arasında” qaldığını düşünür: “Nikol Paşinyan bir tərəfdən deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa və bu əsasda sülh sazişi imzalamağa hazırdır, digər tərəfdən, o və onun nazirləri Qarabağla bağlı beynəlxalq təminat istədiklərini səsləndirirlər. Bu ikisi bir-birinə ziddir. Azərbaycanın ərazi bütövlüyünü tanımaq Qarabağı Azərbaycan kimi tanımaq deməkdir. Paşinyan buna hazırdırsa, sülh sazişi hər an imzalana bilər. Problem ondadır ki, Paşinyan dediyini etmir və məsələni uzadır. Nikol Paşinyanın beyni xeyli yüklənib. Tehran ona deyir ki, Zəngəzur dəhlizini açma, Azərbaycana müqavimət göstər. Kreml tələb edir ki, Avropa İttifaqı müşahidəçi missiyasını Ermənistandan çıxart və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasını təmas xəttində yerləşdir, ABŞ və Avropa təmsilçiləri isə Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımağa və bununla regional enerji və nəqliyyat layihələrində iştiraka dəvət edirlər. Nikol Paşinyanın son çıxışı göstərir ki, o amerikalı və avropalı nümayəndələrin təkliflərini məqbul saymağa həvəslidir və elə ona görə də deyib ki, Azərbaycan bölgədə enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrilib və bu amillə hesablaşmaq məcburiyyətindədir. Paşinyan Kreml və Tehranın təxribatçı dəstəyinə uymayaraq hərəkət etsə, sülhə yaxınlaşmaq mümkün olacaq, əks halda, yəni o qərarsızlığını davam etdirsə, məsələ yenə uzanacaq və bu həm ona, həm də Ermənistana əlavə problemlər yaradacaq. Nikol Paşinyan parlamentdə ötənilki çıxışında da etiraf etmişdi ki, Ermənistan Qarabağ yükünü daşıya bilmir, budəfəki çıxışında isə Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu bildirib. Ancaq Paşinyan bu açıqlamaların ardınca real addım atmasa, özünün də dediyi kimi, ölkəsi gərginlikdən qurtula bilməyəcək. Azərbaycanın mövqeyini Prezident İlham Əliyev dəqiq ifadə edib və Paşinyana cavab verib: "Qarabağ erməniləri Azərbaycan qanunlarıyla yaşayacaqlar, qanunlarımızla yaşamaq istəməyənlər Azərbaycandan köçməli olacaqlar". Vəssalam. Məsələ bitib. Heç bir ölkə bu məsələdə Azərbaycana təzyiq edə bilməyəcək, edilən təzyiqlər isə nəticə verməyəcək".
Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub
Niyaməddin Orduxanlı 
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı da fərqli düşünmür. O, ermənilərin prosesləri uzatmaq üçün bütün yollara baş vurduğunu düşünür: “Ermənistanın baş naziri Nikol Paşinyan birbaşa Qərbin dəstəyi ilə hakimiyyətə gəlib. Özü və ətrafı sorosçudur. Bu baxımdan da Qərb və ABŞ Paşinyandan maksimum dərəcədə yararlanır. Həm Rusiyaya qarşı istifadə edirlər, həm də Qərb Ermənistan vasitəsilə özünü Qafqazda görür. Qafqaz siyasətində Ermənistandan yararlanır. Çox təəssüf ki, indiki vəziyyətdə Qərb Qarabağ münaqişəsinin həllində maraqlı deyil, sülhün baş tutmasını istəmir. Paşinyanın ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla görüşündə qaldırdığı məsələ birbaşa münaqişənin uzunmüddətli davam etməsinə xidmət edir. Ermənistan çalışır ki, indiki vəziyyətdə nə olursa-olsun, münaqişəni daha 30 il saxlasın. Əlverişli vəziyyət gözləyirlər. Düşünürlər ki, Ukrayna-Rusiya müharibəsində Putin uduza və hakimiyyətdən uzaqlaşdırıla bilər və nəticədə Rusiyada Amerikanın yaxın adamı hakimiyyətə gələ bilər, Yeltsin dövründə olduğu kimi, Azərbaycan torpaqları yenindən Rusiya tərəfindən işğal edilərək Ermənistana verilər. Ermənistan həm də Türkiyədəki seçkilərin nəticələrini gözləyir. Düşünürlər ki, Türkiyədə Ərdoğanı əvəz edəcək şəxs Amerikanın adamı olacaq və Ermənistanı müdafiə edəcək. Paşinyan çox yaxşı bilir ki, Prezident İlham Əliyev Qarabağdakı terrorçu rejimlə hər hansı danışıqlar aparmayacaq, onları tərəf kimi tanımayacaq. Buna görə də Ermənistan məsələnin həllini beynəlxalq müstəviyə çıxartmaq istəyir. Azərbaycan Xankəndidəki erməniləri özünün vətəndaşı hesab edir. Ona görə də dəfələrlə ermənilərə görüş təklifi edib, nəhayət, martın əvvəlində Xocalıda sülhməramlıların iştirakı ilə Qarabağ ermənilərinin təmsilçiləri ilə Azərbaycan rəsmiləri arasında görüş keçirildi. Bundan sonra Azərbaycan Prezident Administrasiyası ermənilərin nümayəndəsini müzakirələr üçün iki dəfə Bakıya dəvət etdi. Lakin ermənilər bu formatda görüşdən imtina etdilər. Bunu qəsdən edirlər. Hiylə işlədərək Qarabağdakı qondarma rejimin Azərbaycan dövlət təmsilçiləri ilə Rusiya sülhməramlı missiyasının vasitəsilə görüşünün keçirilməsi təklifi ilə çıxış edirlər. Guya erməni separatçıları vasitəçi olmadan görüşməkdən çəkindikləri təəssüratını yaradırlar. Birbaşa danışıqlardan yayınmağın səbəbi isə qeyd etdiyiniz kimidir, Minsk Qrupu kimi bir mənasız vasitəçilik mexanizminin yaranmasını hədəfləyir və çalışır ki, daha uzun illər proses davam etsin. İlham Əliyev də son açıqlamasında Azərbaycana təzyiq etməyə həvəsli olan qüvvələrə xəbərdarlıq edərək, separatçılara "təlxək" deyərək bu “üçüncü tərəf” təklifinə də cavab vermiş oldu. 30 il ərzində Minsk Qrupunda həm ABŞ olub, həm də Fransa, nə dəyişib ki? Bu dövlətlər yenə də Ermənistanı müdafiə edəcəklər. İstər açıq, istərsə də gizli şəkildə. Azərbaycan Ermənistanla sülh sazişinin əldə edilməsi üçün Rusiya ilə müzakirələr aparmalıdır. Rusiyanın nə istədiyini bilməlidir..."/“Yeni Müsavat”/скачать dle 12.1