Bia.Az

Paşinyanın sülhlə bağlı ikibaşlı açıqlamaları, Azərbaycandan şillə kimi cavablar

Siyasət
 20-04-2023, 11:32     362

Azərbaycan Prezidentindən İrəvana sərt xəbərdarlıq və dərs çıxarıb, doğru qərar vermək üçün növbəti şans; erməni tərəf bu dəfə də oyunbazlığını davam etdirmək istəyəcəksə...; “Əgər yenə öz sarsaq və perspektivsiz iddia və davranışlarına davam edəcəklərsə, onlar üçün çox pis olacaq”

Yayılan məlumatlardan belə aydın olur ki, may ayında Vaşinqtonda, həmçinin Rusiyada növbəti dəfə Azərbaycan-Ermənistan sülh danışıqları baş tuta bilər. Buna dair hazırlıqların getdiyi də sirr deyil. Həmçinin son 3 ayda Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına dair müəyyən məlumat mübadiləsi də aparılıb, qarşılıqlı olaraq təkliflər verilib.
Elə yazı çapa hazırlanarkən Kremlin sözçüsü Dmitri Peskovun açıqlaması yayıldı. “Rusiya Ermənistan və Azərbaycanın Dağlıq Qarabağda gərginliyin azalmasına və üçtərəfli razılaşmaların həyata keçirilməsinə gətirib çıxaracaq istənilən addımını alqışlamağa hazırdır” - Peskov deyib. Rusiya liderinin mətbuat katibi üçtərəfli razılaşmaların vəziyyətin həlli üçün yeganə real əsas olduğunu vurğulayıb. “Buna görə də biz bütün müddəaların icrası istiqamətində irəliləyişi mübahisəsiz və hamı üçün zəruri hesab edirik”, - Kreml sözçüsü əlavə edib.
Amma gözlənilən növbəti sülh danışıqları ərəfəsində Ermənistan yenə də hərbi və siyasi təxribatlar törətməklə məşğuldur. Ötən həftə 3 hərbçimizin şəhid olması ilə nəticələnən təxribatın ardınca, ermənilər iki əsgərimizi əsir götürüblər. Üstəlik, İrəvandakı idman yarışının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bunun davamı olaraq da Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ikibaşlı açıqlamalar verməyə başlayıb. Düzdür, Paşinyan aprelin 18-də parlamentdə çıxış edərkən bəzi reallıqları da dilə gətirib. Məsələn, o deyib ki, Azərbaycan bilavasitə və ya dolayısı ilə enerji və ya logistika kəsişməsinə çevrilib və onun həm Rusiya, həm də Qərb ölkələri üçün əhəmiyyəti artıb. Paşinyanın sözlərinə görə, belə bir vəziyyətdə Ermənistan üçün risklər artır. Sitat: “Risklər demək olar ki, hər gün görünür və imkanlar ondan ibarətdir ki, Cənubi Qafqazın özü nəhəng yol ayrıcıdır. Bu baxımdan, regional sabitlik Rusiya və Qərb üçün konsensusa çevrilə bilər, əks halda, regional partlayış enerji təhlükəsizliyi baxımından geosiyasi mərkəzlər üçün yeni problemə çevrilə bilər”.
Bunun ardınca Paşinyan iddia edib ki, Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamağa səmimiyyətlə çalışır: “Hər iki dövlət qarşılıqlı olaraq ərazi bütövlüyünü tanısa və bir-birinə ərazi iddiaları irəli sürməməyi öhdəsinə götürərsə, bu müqavilə reallaşar. Əslində bu, Soçidə və Praqada Azərbaycan Prezidenti ilə razılaşma idi... Mən təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik... Beynəlxalq ictimaiyyət Ermənistan ərazisini tanıdığını bildirdikdə, İrəvan isə heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığını dedikdə, Ermənistan və region üçün sülh bərqərar olacaq. Onun sözlərinə görə, sülhə nail olmaq 4 qonşu ölkə ilə normal münasibətlərə sahib olmaqdır. Burada söhbət Gürcüstan və İranla əməkdaşlığın gələcəkdə dərinləşdirilməsindən, Türkiyə və Azərbaycanla isə münasibətlərin normallaşdırılmasından gedir”. Paşinyan daha sonra hərbi balansdan danışmağa başlayıb və bununla da sülhə dair açıqlamalarında qeyri-səmimiliyini ortaya qoyub. Sitat: “Ermənistanın Azərbaycanla pozulmuş hərbi balansı bərpa etməyə yönəlmiş ciddi proqramları var. Biz balansı bərpa etmək üçün ciddi proqramlar hazırlamışıq. Lakin bunları açıq müzakirəyə çıxarmayacağıq”. Ermənistanın baş naziri milli təhlükəsizlik məsələlərini qapalı qapılar arxasında müzakirə etməyə hazır olduğunu sözlərinə əlavə edib.
Paşinyanın bu açıqlamaları verdiyi gün Bakıdan ona şillə kimi cavab gəlib. Belə ki, Prezident İlham Əliyev AzTV-yə müsahibəsində deyib: “Ermənistan qəbul edib ki, iki ölkə arasında sərhədlər Almatı Bəyannaməsi əsasında həll olunmalıdır. Sülh müqaviləsinin imzalanması ilə əlaqədar Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub”. Dövlət başçısı deyib ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır: “Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycanla Ermənistan arasında sərhədlər - 1991-ci ilin Almatı Bəyannaməsi əsasında həll olunmalıdır... Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə, “B” də deməlidir. Almatı Bəyannaməsini əsas götürüb, bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır". Prezident həmçinin deyib ki, müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Ali Baş Komandan tam əminliklə deyib ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür: “Ancaq eyni zamanda yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq”. Prezidentin bu bir neçə cümləsi Paşinyanın, Ermənistanın növbəti hiyləgər siyasi gedişini, bəyanatlarını darmadağın edir.
Zaur Məmmədov: “Suriyada yeni vəziyyətin yaranmasının şahidi oluruq”
Zaur Məmmədov
Bu arada politoloq Zaur Məmmədov erməni baş nazirin çıxışını şərh edərkən deyib ki, Paşinyanın bəyanatı ikibaşlıdır: “Onun Azərbaycan SSR-in sərhədlərini tanıyırıq deməsi - hüquqi cəhətdən Qarabağı da qonşu dövlətin ərazisi kimi qəbul etməsi kimi başa düşülməlidir. Lakin məlumdur ki, Ermənistanda tez-tez 1988-ci il keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin qondarma qərarına istinad edilir”. (APA) Politoloq əlavə edib ki, regional güclər sülh müqaviləsinin imzalanmasına asanlıqla imkan verməyəcək: “Nikolun komandası da məsuliyyəti üzərinə götürmək istəmir. Qalır bircə adam - o da özü. Hələlik Azərbaycan və Ermənistan arasında davam edən danışıqlarda sülh müqaviləsinin dördüncü qaralaması masa üzərindədir. Rəsmi Bakı və İrəvan arasında üst-üstə düşən və düşməyən mövqelər var. Bu sənədin üzərində iş davam etməkdədir. Ən prinsipial məsələ isə təbii ki Qarabağla bağlıdır. Qarabağ ifadəsi sənəddə olmasa da, "Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyıram" ifadəsi üzərində Ermənistanın imzası olmalı, Ermənistan bunu imzası ilə təsdiqləməlidir".
Proseslərin bundan sonrakı mərhələsi nə deyir? Paşinyan, nəhayət, Bakının xəbərdarlıqlarından nəticə çıxarıb ciddi qərar verəcəkmi, yoxsa yenə növbəti dərsədək oyunlarını davam etdirəcək?

Üzeyir Cəfərov
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ də öz oyunlarını oynamaqda davam edir: “Onun sonuncu açıqlamalarına diqqət etsək, görərik ki, o yenə də gah Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hansısa müsbət fikirlər səsləndirsə də, ardınca yenə sərsəm və qeyri-real məsələlərdən söhbət açır. Şəxsən mən Paşinyana inanmıram və səmimilikdən uzaq olması asanlıqla bilinir. Onu qınamaq da olmur. O bilir ki, "yuxarı bığ, aşağı saqqaldır" vəziyyətindədir və buna görə də hələ ki müxtəlif bəyanatlar və fikirlər səsləndirir. Düşünmürəm ki, o, bunları özbaşına edir. Paşinyana çox güclü təzyiq və təsir var. Ona görə də o gah Rusiya, gah da Qərb mövqeyinə yaxın fikirləri davamlı şəkildə səsləndirir. Nikol Paşinyan çox gözəl anlayır ki, onun ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında davam gətirmək üçün nə maddi, nə də mənəvi gücü yoxdur. Olsa-olsa, bir neçə günlüyə onların hansısa müqavimətə gücləri çatar. Nə qədər ki, Ermənistan kənardan asılı vəziyyətdədir və müstəqil qərarlar vermək gücündə deyil, belə vaxt uzatmalarını çox edəcək".
Ü.Cəfərov hesab edir ki, Ermənistan rəhbərliyinin hansı oyunlar oynamasından asılı olmayaraq, biz ona vaxt uzatmaq imkanı verməməliyik: “İndiyə kimi kifayət qədər Paşinyana və komandasına, onlara havadarlıq edənlərə imkanlar verdik. Onlar isə bundan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışdılar və bu siyasətlərini bu gün də davam etdirirlər. Mənə elə gəlir ki, Ermənistan siyasi-hərbi rəhbərliyi Azərbaycan Prezidentinin son müsahibəsini yaxşı-yaxşı təhlil etməyi bacarsa, onlar çox mətləbləri anlamış olacaqlar. Yox, əgər yenə öz sarsaq və perspektivsiz iddia və davranışlarına davam edəcəklərsə, onlar üçün çox pis olacaq. Şəxsən mən vəziyyəti belə görürəm”.
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov isə əmindir ki, proseslərin bundan sonrakı mərhələsi kifayət qədər maraqlı olacaq: “Paşinyan son açıqlamaları ilə hiyləgər gedişlər edir. Diqqət edək, Paşinyan və onun komandası açıq, yaxud dolayı yolla diqqəti üzərlərindən yayındırmağa cəhdlər edir. "Günah keçisi" axtarışı davam edir. Erməni ictimai rəyində də kəskin dilemmalar mövcuddur. Paşinyan daxili rəydə narazılığı ondan əvvəlki hakimiyyətlərin üzərinə yönəldir. Xarici auditoriya üçün isə göstərir ki, guya Ermənistan Qarabağ məsələsində təxribat etmir və iplər Rusiyanın əlindədir".
Azərbaycanda sosial islahatlar dövlətin əsas prioritetlərindəndir”- Tural  İsmayılov
Tural İsmayılov 
T.İsmayılov da razıdır ki, Rusiyanın öz oyunları var: “Əlbəttə ki, Moskva Güney Qafqazlarda münasibətlərin normallaşmağını arzulamır. Amma faktiki olan budur ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamaları pozitiv olsa da əsla güvənmək olmaz. Əsgərlərimizi Dığ istiqamətində şəhid edən də Ermənistandakı faşistlərdir. Ermənistan ictimai rəyində Azərbaycan düşmənçiliyi düzəlmir. Paşinyan Xankəndi terrorçuları ilə əlaqəni tam kəsməlidir, əgər buna cəsarəti çatsa, ciddi nailiyyətlər əldə etmək olacaq”.
İndi “top” Paşinyandadır, görək növbəti dəfə hansı hoqqa ilə çıxış edəcək. Öz hakimiyyətinin və millətinin, dövlətinin taleyini düşünürsə, Bakının verdiyi şansdan istifadə etməlidir. Azərbaycan Prezidentinin tənzimləmənin sülh yoluna üstünlük verməsi, təmkini, humanist yanaşması onun üçün həm də tarixi şans yaradır. Amma bu mövqenin də sonu çatacaq günün birində.../Musavat.com/скачать dle 12.1