Bia.Az

Türkiyədə seçki ehtirasları: azarkeş olaq, fanat yox

Siyasət
 4-03-2023, 12:50     228

Dünəndən bəri sosial şəbəkələrin Azərbaycan seqmentində ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda yaşayan həmvətənlərimizin Türkiyədəki seçkilərlə bağlı yazdığı minlərlə statusa, şərhə rast gəlmək olar.

Demək olar ki, bütün ictimai-siyasi fəallar bu mövzuda yazır, Meral Akşenerin başçılıq etdiyi partiyanın müxalifətin koalisiyasından çıxdığını şərh edir. Bunu “lazım olan addımı atmaq” və “xəyanət”, “özünü ifşa etmək və bitirmək” kimi qiymətləndirənlər var.
Bu, onu göstərir ki, ölkəmizdə Türkiyənin ictimai-siyasi həyatına maraq olduqca böyükdür.
Təbiidirmi? Təbiidir. Türkiyə qardaş ölkədir, bu ölkəylə, necə deyərlər, sevincimiz, kədərimiz birdir. Ona görə də həmvətənlərimizin Türkiyənin gələcəyi ilə bağlı olan proseslərlə maraqlanması normaldır.
Əslində bizim ictimai-siyasi fəallar adətən daha dörd ölkənin siyasi gündəmi və seçkiləri ilə yaxından maraqlanırlar. Bu ölkələr ABŞ, Rusiya, İran və Ermənistandır.
Biz ABŞ-dakı seçkilərlə ona görə maraqlanırıq ki, bu ölkə təkcə özünə yox, eləcə də qeyri-rəsmi olaraq dünyaya prezident seçir. ABŞ-da hakimiyyətə kimin gəlməsinin dünyanın bütün ölkələrinə bu və ya digər şəkildə aiddiyyatı var. Çünki ABŞ bütün ölkələrə təsir edə bilir.
Rusiyadakı seçkilər ona görə maraqlıdır ki, bu ölkədə SSRİ adlı böyük rus imperiyasını başqa adla bərpa etmək ambisiyasından hələ də əl çəkməyiblər. Ona görə də şimal qonşumuzda hakimiyyətə daha mötədil birinin və ya neoimperiya iddiası daşıyan digərinin gəlib-gəlməyəcəyi maraq doğurur.
İrandakı seçkilər ilk növbədə bu ölkədə yaşayan çoxmilyonlu soydaşlarımızın hüquq və azadlıqları baxımından bizə maraqlıdır. Bir də cənub qonşumuzun 200 il əvvəlki iştahının qabarması, Azərbaycanı yenidən öz əyaləti kimi görmək avantürasının zaman-zaman şiddətlənməsi bu dövlətin başına kimin keçəcəyini maraqlı edir.
Ermənistadakı seçkilər bizim üçün o baxımdan əhəmiyyətlidir ki, bu ölkə ilə müharibə vəziyyətindəyik və orada dövlətin başına “müharibə və ya sülh partiyası”nın gəlməsinə uyğun olaraq hazırlığımızı görməliyik. 2018-ci ildə bu ölkədə iqtidar partiyasının dəyişməsi ilə Qarabağ cəbhəsində və ermənilərlə təmas xəttində nə kimi dəyişikliklər olduğu barədə uzun yazmağa ehtiyac yoxdur. Bunu artıq hamı bilir.
Adı çəkilən ölkələrdə gedən seçki proseslərinə fərqli prizmalardan yanaşmaq, bu zaman hansı qüvvənin qələbəsi təqdirində ölkəmiz üçün faydalı durum yaranacağı xüsusunda mübahisələr də normaldır.
Fəqət son görüntü odur ki, biz Türkiyədəki seçkilərə qardaş ölkənin daxilində olduğu qədər, hətta daha şiddətli bir ehtirasla yanaşırıq. Sosial şəbəkədə cəbhələrə bölünərək bir-birinin “ətini yeyənlər” var. Konkret olaraq dünən Akşenerin məlum addımından sonra bir-birinə acıq verənlər çoxalıb. “Hamınız yığılasınız, Rəisə bata bilməzsiniz”, “Bay Kamal kim, Ərdoğan kim?”, “Kılıçdaroğlu AKP-nin hökmranlığına son qoyacaq”, “Akşener özünü də, partiyasını da məhv etdi” kimi hökmlər və bu fikirlərə eyni şiddətlə qarşı çıxanlar var.
Fakt isə budur ki, bizim burada necə tərəf tutmağımızın Türkiyədəki seçkiyə təsiri sıfırın üzərindədir. Bizimki azarkeşlikdir, “Qalatasaray”-“Fənərbağça” derbisində olduğu kimi fanatik tərəfdar olmağımıza ehtiyac yoxdur. Bunun Türkiyədə yarışan siyasi qüvvələrə faydası azdır.
Ancaq siyasi ehtiraslara bu qədər çılğıncasına qapılmağımız ölkəmiz adına ziyan gətirə bilər. Demokratik ölkələrdə seçkilərdə həmişə sürprizlər olur. Türkiyədə də ola bilər. Nədən barəmizdə elə bir qənaət yaransın ki, biz seçkilərdə hansı qüvvəni şiddətlə dəstəkləmişik, onun rəqibinə isə düşmən mövqedə olmuşuq. Bu seçilən qüvvənin siyasətində müəyyən tərəddüdlərə səbəb ola bilərmi? Ola bilər. Siyasətçilər də insandır, hissləri var.
Bizim əsas tutumumuz o olmalıdır ki, Türkiyədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bu, ölkə bizimlə qardaşdır və bu qardaşlıq siyasi iqtidarların yox, xalqların, dövlətlərin qardaşlığıdır.
Qardaş ölkədə hansı qüvvənin dövlət başına keçməsinin ölkəmizə daha faydalı olmasına gəlincə, bu qızğın siyasi ehtiraslarla aparılan kəskin polemikaların yox, soyuq başla aparılan siyasi təhlilin predmetdir.
Uzun sözün kəsəsi, gəlin qardaş ölkədəki seçkilərlə bağlı emosiyalarımızı bir qədər cilovlayaq.
Mənə görə, indiki halda Türkiyədə Ərdoğanın prezident seçilməsi ölkəmiz üçün daha faydalı olar. Amma yenə də Türkiyə seçicisi bilən məsləhətdir.
Xalid KAZIMLIскачать dle 12.1