Bia.Az

“Biz 200 illik separatizmə son qoya bilərik” - Elxan Şahinoğlu

Siyasət
 7-02-2023, 14:33     241

“Azərbaycanla Ermənistan arasında iki savaş oldu. Amma bu illərdə iki ölkə arasında informasiya və psixoloji savaş da davam edirdi. Ermənistan Azərbaycana qarşı bu, psixoloji savaşda iki qüvvəyə istinad edirdi: dünyadakı erməni lobbisinə, bir də erməni lobbisinin təsiri altında olan siyasi mərkəzlərə, bu, ABŞ Konqresində də var, Avropa Parlamentində də var, Fransada da. Yəni bu qüvvələr 30 ildən çoxdur ki, Azərbaycana qarşı informasiya və psixoloji savaş aparırlar. İkinci Qarabağ savaşından sonra bu savaş daha da şiddətlənib. Laçın yolundakı aksiyada bizim haqlı tələblərimizə qarşı növbəti mərhələyə keçiriblər, Azərbaycana qarşı dezinformasiya müharibəsini davam etdirirlər. Avropa Parlamentinin təxribatçı sənədləri, ABŞ konqresmenlərinin Azərbaycana qarşı açıqlamaları buna əyani sübutdur”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Ekspert əlavə etdi ki, bütün bu təxribatlara baxmayaraq, son zamanlar müşahidə etdiklərimiz anti-Azərbaycan qüvvələrin istədikləri nəticəni əldə edə bilmədiklərini göstərir:
“Biz də müəyyən qədər fəallaşmışıq. Amma düşünürəm ki, diplomatik fəallığı daha çox artırmağa ehtiyac var. Erməni separatçılarının yeni “liderii” Ruben Vardanyan deyib ki, gərək Laçın yolunun “bağlanması” məsələsini beynəlxalq səiyyədə diqqət mərkəzində saxlayaq, bununla bağlı erməni lobbisinə çağırış edib. Bu çağırışı niyə edib? Çünki diqqət azalır, bundan narahatdır. Həqiqətən beynəlxalq aləmin daha ciddi probemləri var. Rusiya-Ukrayna müharibəsi, Tayvan ətrafında cərəyan edən vəziyyət, Çin Tayvana hücum edə bilər, ABŞ – Çin münasibətləri gərginləşib, Çin-Yaponiya, Çin-Hindistan münasibətləri gərgindir, dünya bu barədə də danışır. Belə bir durumda Qarabağ separatçılarının bağırtıları arxa plana keçir. Hətta onlara dəstək verən siyasi mərkəzlər bir-iki dəfə açıqlama verdilər, hər hansı nəticə olmayanda onlar özləri də yorulurlar. Yəni ermənilərin xeyrinə heç nə yoxdur, onların elə bir böyük imkanları qalmayıb. Amma bu, bizim əlimizi işdən soyutmamalıdır, daha da fəal olmalıyıq”.
Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko bu günlərdə iddia edib ki, Ermənistan-Azərbaycan konflikti ilə bağlı mühüm dövr gəlir. Onun qənaətincə, 2023-cü ildən çox şey asılı olacaq və ermənilərin indi əsas gücü diaspordur, çünki bu, bütün dünyanı əhatə edən və nüfuzedici şəbəkə strukturudur; transkontinental fövqəldövlət əlaqələri və münasibətləri var; güclü lobbi mövqeləri və hətta dövlət başçıları və parlamentlər səviyyəsində erməni maraqlarının lobbiçiləri var; böyük maliyyə resursları və “kölgə şəbəkəsi”nə təsir göstərə bilən bankirlər var. Bundan əlavə, o, xüsusi ideologiya və kilsənin mövcudluğuna, tarixi miflərin müstəsna dərəcədə effektiv istismarına, lobbinin öz milli maraqlarını digər dövlətlərin dövlət siyasətinin prioritetlərinə çevirmək bacarığına diqqət çəkib. “2023-cü ildən çox şey asılıdır. Ermənistan bir ölkə kimi Azərbaycana uduzdu. Bu gün qlobal erməni diasporu Azərbaycana qarşı qlobal oyuna girir. Taleyüklü il olacaq...” – Korotçenko əlavə edib.
E.Şahinoğlu da hesab edir ki, 2023 və 2024-cü illər Azərbaycan üçün çox taleyüklü ildir:
“Bu mənada rusiyalı ekspert Korotçenko haqlıdır. Biz tarixi missiyanı yerinə yetirə, 200 illik separatizmə son qoya bilərik. Bizə heç nə mane olmur. Biz istəməsək, rusiyalı hərbçilər də bölgəni tərk etməli olacaqlar. Hətta Rusiyanın Ermənistan hakimiyyəti ilə də münasibətləri soyuqdur. Qərbin də bura əli çatmır. Fransa bizi durduran deyil, Türkiyə kimi strateji müttəfiqim var. Bu problemin həllində bizə erməni lobbisi də ciddi problem yarada bilməyəcək. Düzdür, müəyyən təzyiqlər, təsirlər olacaq. Ancaq bu gün Avropanın Azərbaycana daha çox ehtiyacı var, nəinki ermənilərə. Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edir, amma Avropa Komissarlığı Azərbaycanla əməkdaşlığı genişləndirir. Çünki Rusiya-Ukrayna münaqişəsi fonunda Avropanın Azərbaycana daha çox ehtiyacı var”.скачать dle 12.1