Bia.Az

Terakt videosundakı digər 3 nəfər – bəlkə onlar “itkin gəlin”in qayınlarıdır?

Siyasət
 28-01-2023, 13:43     161

Həmişə belə olur: bir ekstremal hadisə baş verəndə təkzibedilməz faktlar, görüntülər qarşısında qalan günahkar tərəf bir müddət susqun olur, heç bir izahat verə, özünə bəraət qazandıra bilmir, amma şokdan çıxandan sonra yaxasını mümkün qədər kənara çəkmək, insanlarda çaşqınlıq yaratmaq üçün çoxlu yalan-yanlış arqumentlər axtarır və... tapır.

Yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə qarşı həyata keçirilmiş terror aktından sonra təxminən 5 saat İran rəsmiləri deməyə söz tapmadılar. Eləcə, polis məmurları bir neçə yanlış, təhrif dolu mülahizələr irəli sürdülər, hətta terrorçunun zərərsizləşdirilməsi faktını mənimsəməyə çalışdılar ki, ictimaiyyət onların bekar durmadığını, nəsə bir tədbir gördüklərini düşünsün.
Daha sonra bulandırmaq, fikirləri çaşdırmaq üçün ortalığa təfərrüatlar atıldı, terrorçunun cinayətinin motivinə dair bəraətverici mülahizələr səsləndu: 9 aydır arvadını İrana gətirə bilmirmiş, qadının səfirlikdə gizlədildiyindən şübhələnirmiş, onunla səfirlikdə kobud davranılırmış və s.
43cbaa1afa6a649ec43c25b95d417c2b.jpg (232 KB)
Sanki bu deyilənlər başqa bir dövlətin ərazisi sayılan məkana iki silahla, “Molotov” kokteyli ilə hücum edərək terror aktı törətməyə, insanları qırmağa əsas verir.
İran dövlətinin rəsmi təbliğat ruporu olan telekanalların tez-tələsik terrorçudan müsahibələr alması, caninin özünə, hərəkətinə bəraət qazandırması və bununla da İran və dünya (eləcə də Azərbaycan) ictimaiyyətinin mühüm bir kəsimində “elədirsə, yaxşı eləyib” rəyinin yaradılması bu aktda İranın qərarverici dairələrinin barmağının olmasını açıq-aydın göstərir.
Hələ noyabr ayında Azərbaycana qarşı açıq düşmənçilik xətti götürən dairələrin qurduğu Yutub kanalına açıqlama verən SEPAH polkovniki Həbib Babayi “Azərbaycanın elçisini burda biz başa-kələk edəcəyik” anonsu vermişdi. Əgər səfirliyin mühafizəçisi Vasif yalın əllə “Kalaşnikov”lu terrorçunu zərərsizləşdirməsəydi, Babayinin dediyindən artıq şeylər olacaqdı.
5544.JPG (38 KB)
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2000-ci ildə prezident əri Bill Klintonun başına gələn qalmaqalla bağlı olaraq demişdi ki, əgər bir işıq dirəyinin başında tısbağa varsa, bu, o demək deyil ki, tısbağa oraya özü çıxıb, mütləq onu dirəyin başına bir qoyan var.
Xanım Klintonun sözü olmasın, əgər bir terrorçu şəhərin mərkəzində xüsusi qorunan bir dövlət obyektinə, daha ötəsi, başqa bir ölkənin səfirliyinə silahla hücum edirsə, hətta əmin-arxayın şəkildə silahını divara söykəyərək, əlinə balyoz (kuvalda) götürürsə, demək, adamın beli bağlıdır, yerindəcə güllələnəcəyindən qorxmur. İstənilən İran tipli ölkədə (eləcə də ABŞ, İsrail, Rusiya, Türkiyə və başqa ölkələrdə) adamın başının üstünü ildırım sürəti ilə alar, əlini divara söykədiyi avtomat silaha uzadan kimi güllələyərdilər. Bu isə gəlib igidlik göstərmiş döyüşçülər kimi brifinq keçirir, telekanallara intervü verir...
brif.jpg (44 KB)
bif-2.jpg (33 KB)
Bəlkə də Yasin Hüseynzadə adlı şəxsi səfirlikdə terakt törətməyə göndərmiş adamlar hesablayırmışlar ki, adam səfirlikdə qırdığını qıracaq, sonra kimsə də onu güllələyəcək və məsələ bitəcək. İkinci pərdədə adamın balaları inqilab keşikçilərinin müşayiəti ilə səfirliyə girəcək, ağlaşma-şivən qopacaq. Budur, motiv var, hadisəni cinnət keçirmiş bir psixopat törədib.
1000 il öncə Həsən Sabbahın həşşaşilər təriqəti belə edirmiş: İran həşişi ilə başlarını dumanlandırıb cənnətə inandırdıqları şəxsləri təlimatlandırıb terror aktı törətməyə göndərirmişlər və onlar vəzifəli bir şəxsin həyatına sui-qəsd edərkən öldürülürmüşlər. Səlcuqlu dövlətinin vəziri, dövrünün parlaq filosofu Nizamülmülk Tusi belə öldürülüb.
666.JPG (41 KB)
                       Yanan terrorçu və onu gözləyən iki nəfər (köşkün sol yuxarısına diqqət)
Tehrandakı 27 yanvar olayının planlaşdırılmış terror aktı olmasının ən bariz, daşdan keçən, təkzibedilməz sübutu odur ki, Hüseynzadə cinayəti tək törətməyib. Səfirliyin girişindəki videokameranın lentində ən azı dörd nəfərin terror hazırlığında iştirak etdiyi görünür: biri (Yasin özü) qapını qırmaq istəyir, biri səfirliyin avtomobiini “Molotov” kokteli ilə yandırmaq istəyərkən özü yanır, ikisi isə yanan adamı söndürür. Bəs onlar kimdir? Bəlkə onlar “itkin gəlin”in qayınlarıdır?
Videolardan görünür ki, hazırlıq prosesi 23 dəqiqə çəkir və ortada onlara mane olacaq kimsə yoxdur. Hətta səfirliyin girişində olan köşkdəki polismenin də işin içində olduğu görünür. Daha təşkil edilmiş terakt necə olur ki?
Ona görə də nə İranda, nə də öz ölkəmizdə heç kəs əlinə sufışqıran aparat götürüb terror törədənlərin əl-üzlərini, aşağı ətraflarını yumasın, nağıl danışmasın. Bu, terrordur və İran dövlətinin iradəsi ilə törədilib. Əsl motiv də bəllidir, gerçək niyyət də sirr deyil. Hər şey ortadadır. Olduqca şəffaf teraktdır, bir misqal şübhə yeri yoxdur.
Xalid KAZIMLIскачать dle 12.1