Bia.Az

Türkiyə: hakimiyyətin əsas iddiaçıları

Siyasət
 12-01-2023, 01:14     177

2023-cü il Türkiyədə parlament və prezident seçkiləri ilidir. İlkin tarix kimi iyunun 18-i seçilib.

Novator.az bildirir ki, marafonun hakim cinahında əsas qüvvələr Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasıdır.
2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən baş nazir olub, 28 avqust 2014-cü ildə prezident seçilib.
2017-ci il aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub.
24 iyun 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alıb, həmin gün idarə üsulu dəyişib: baş nazir postu ləğv edilib, prezident həm dövlət, həm də hökumət başçısı olub.
2023-cü ilin seçkisində də prezidentliyə namizəd olan Rəcəb Teyyub Ərdoğana Dövlət Baxçalının liderlik etdiyi Milliyyətçi Hərəkat Partiyası və bir neçə başqa partiya dəstək verir.
1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə Rəcəb Teyyub Ərdoğan İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.
Müxalif cinahın əsas güc mərkəzi kimi Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya, Səadət Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası və Demokrat Partiyası cəm olub. Koalisiyanın rezident seçkisində vahid namizədlə iştirakı gözlənir. Partiya liderlərindən birinin, eləcə də Cümhuriyyət Xalq Partiyasının üzvləri Mənsur Yavaşın (Ankara bələdiyyəsinin başçısı) və Əkrəm İmamoğlunun (İstanbul bələdiyyəsinin başçısı) vahid namizəd olması mümkündür.
Cümhuriyyət Xalq Partiyasına 1948-ci il təvəllüdlü Kamal Kılıçdaroğlu liderlik edir. O, 2002-ci ildən parlamentin – Türkiyə Böyük Millət Məclisinin deputatıdır.
Yaxşı Partiyanın başında 1956-cı il təvəllüdlü Maral Akşener dayanır. O, 1995-2001-ci illərdə Doğru Yol Partiyasının, 2001-2016-cı illərdə Milliyyətçi Hərəkat Partiyasının üzvü olub.
İki dəfə Doğru Yol Partiyasından, üç dəfə Milliyyətçi Hərəkat Partiyasından parlament üzvü seçilib.
Yaxşı Partiyanı 2017-ci ildə yaradıb, 2018-ci ildə Türkiyə Böyük Millət Məclisinə mandat alıb.
Səadət Partiyasının 1941-ci il təvəllüdlü lideri Təməl Qaramollaoğlu əvvəllər Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1995 və 1999-cu illərdə parlamentin deputatı seçilib.
Demokratiya və Sıçrayış Partiyasına 1967-ci il təvəllüdlü Əli Babacan liderlik edir. O, 2001-2019-cu illərdə Ədalət və İnkişaf Partiyasının üzvü olub. Dörd dəfə parlamentin deputatı seçilib, 2002-2007-ci illərdə iqtisadiyyata məsul dövlət naziri, 2007-2009-cu illərdə xarici işlər naziri, 2009-2015-ci illərdə baş nazirin müavini postlarını tutub.
Gələcək Partiyasının 1959-cu il təvəllüdlü lideri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının qurucularındandır. 2009-cu ildən xarici işlər naziri, 2014-cü ilin avqust ayından 2016-cı ilin may ayına kimi baş nazir postunu tutub. 2019-cu ildə Ədalət və İnkişaf Partiyasından istefa verərək Gələcək Partiyasını yaradıb.
Demokrat Partiyasına 1976-cı il təvəllüdlü Gültəkin Uysal liderlik edir. Demokrat Partiyası 2007-ci ildə Doğru Yol Partiyasının bazasında qurulub. Gültəkin Uysal 2003-cü ildən Doğru Yol Partiyasının üzvü olub. 2018-ci ildən parlamentin deputatıdır.
1955-ci l təvəllüdlü Mənsur Yavaş 1989-cu ildən Milliyyətçi Çalışma Partiyasının (1993-cü ildən Milliyyətçi Hərəkat Partiyası adlanır), 2013-2016-cı illərdə Cümhuriyyət Xalq Partiyasının üzvü olub. 2018-ci ildən yenidən Cümhuriyyət Xalq Partiyasındadır. 1999-2009-cu illərdə paytaxt Ankaranın Bəybazarı rayonunun bələdiyyə başçısı postunu tutub. 2019-cu ildən Ankara böyük şəhər bələdiyyəsinin başçısıdır
1970-ci il təvəllüdlü Əkrəm İmamoğlu 2008-ci ildən Cümhuriyyət Xalq Partiyasının üzvüdür. 2014-cü ildən İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başçısı postunu tutub. 2019-cu ildən İstanbul böyük şəhər bələdiyyəsinin başçısıdır.
600 nəfərlik Böyük Millət Məclisinin hazırda 579 üzvü var.
Ədalət və İnkişaf Partiyası parlamentdə 286 mandatla təmsil olunur.
Cümhuriyyət Xalq Partiyasının 134, Xalqların Demokratik Partiyasının 56, Milliyyətçi Hərəkat Partiyasının 48, Yaxşı Partiyanın 37, Türkiyə Fəhlə Partiyasının 4, Demokrat və Məmləkət partiyalarının 2, Böyük Birlik, Demokratik Bölgələr, Demokratiya və Sıçrayış, Səadət, Yenilik və Zəfər partiyalarının 1 mandatı var, 4 deputat partiyasızdır.скачать dle 12.1