Bia.Az

Makaronun nüfuzu...

KÖŞƏ YAZARLARI
 27-09-2022, 20:43     491

“Bu qaraquralar lap ağını çıxarıb. Kadillakda gəzirlər!”
(“Xaç atası” filmindən)
Korrupsiyada ittiham edilən jurnalist Əvəz Zeynallıya təzəlikcə yeni maddə ilə də ittiham irəli sürdülər. CM-in 312-ci maddəsinin 1-ci hissəsi. “Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri” kimi yazılan bu maddənin adı zəhmətkeşlərimizə qıdıqlayıcı təsir edir. Öz aramızdır, şəxsən mən bizim məcəllədə “nüfuz alveri” adlı cinayət olmasını ilk dəfə oxuyurdum.
Nüfuz əslində yaxşı şeydir. Məsələn, sən düzgün, şərəfli bir ömür yolu keçərsən, xalq arasında nüfuzun qalxar. Ancaq bu nüfuzla alver eləsən, səni tutub basarlar, nüfuzun da devalvasiyaya uğrayar. Bəs onda bu bir qara qəpiyə dəyməyən nüfuz kimə lazımdır? Qəribə söhbətdir.
Həmçinin hələlik ittihamın detalları açıqlanmır, o səbəbdən biz dəqiq bilmirik, jurnalist öz nüfuzunu satıb pul qazanmaq istəmişdir, ya hansısa vəzifəli şəxsin nüfuzuyla alver etmək arzusuna düşmüşdür. Yəqin bunların qiymətində nəsə fərq var. Yoxsa aldım qoz, satdım qoz olar.
Eyni zamanda dövlət orqanlarına, məhkəmə-hüquq sisteminə sual vermək istəyirsən ki, əgər siz nüfuz, imic, şərəf, ləyaqət-zad kimi anlayışların keşiyində belə ayıq-sayıq dayanmısınızsa, heç bir yaramaz jurnalist nüfuzun, türkün sözü, arxasına keçib oraları minalaya bilmirsə, nədən başqa işləri də bu cür yetkinlik, bacarıq, şövqlə həyata keçirmirsiniz? Örnək üçün, vəzifəli şəxslərin gəlir deklarasiyasını tələb edin. Qoy onlar öz əmlaklarını, milyard, maşın, villa, zavod, fabrik, sex, kafe, restoran, masajxana, kitabxana, qutabxana, fahişəxana və sairə obyektlərinin sayını, yerini, gəlirini göstərsin. Uyğun vergisini versin. Qanunsuz əldə edibsə, tutulsun. Bax, buna deyərəm əsl nüfuzun qorunması. Yoxsa indiki işlərin heç bir mənası yoxdur.
Əlbəttə, mənim bu yazımın da mənası yoxdur, çünki fikir verdiyiniz kimi, hər hansı ad çəkmirəm. Dümanın əsəri əsasında çəkilən “Dartanyan və üç müşketyor” filmi yada düşür: “Ad çək, bacı, ad çək!” Əgər çox qəti tələb edirsinizsə, adı çəkə bilərəm. Hersoq Bekinhem. Buyurun. Xoşbəxt olun. Təki mənim söz azadlığı uğrunda canım cəhənnəm olsun. Vallah.
Qayıdaq nüfuz mövzusuna. Xalqımızın nüfuzu da getdikcə aşağı düşür. Qabaqkı illərdə biz əsasən ətyeyən millət kimi tanınırdıq. Deyirdilər filankəsin oğlu bir oturuma bir cöngəni yedi, nə bilim, filan arvad qoyunun şaqqasını aşırtdı və sairə. İndi isə camaat kasıbçılıqdan otyeyənlər fəsiləsinə daxil olur. Mənə inanmayan daşa dönsün, Dövlət Statistika Komitəsinə nə sözünüz? İdarə ötən illərlə müqayisədə rəqəmləri açıqlayıb, deyir ulu azərbaycan xalqı əgər 2019-cu ildə adambaşına 1 kilo 900 qram makaron yeyirdisə, 2021-ci ildə 2 kilo 800 qram makaron yeməyə başlamışdır.
Böyük artımdır. Oxumuş adamların hesablamasına görə, 75 faiz artım olmuşdur. Bəs xalq niyə makaron yeyir? Rəhmətlik (ölüyə-diriyə hamıya rəhmət düşür) repçi Camal Əlinin bir mahnısı vardı: “Səhər durdum vermişel yedim, Günortaya eyni şey yedim”.
Əlaqədar orqanlar xalqın kasıbçılıq üzündən makaronu çox yeməsi üzərində düşünməlidir. Biz faktiki olaraq çörəyi çörəklə yeyirik. Bunun dövlətimizin nüfuzuna mənfi təsiri var. Əgər biz italyan olsaydıq, bəlkə makaron yeməyi başa düşərdik. İndiki halda isə hər cür mafiyalarımız var, gənclər Monika Beluççini sevir, hətta futbol yığmamız Canni de Byazi-nin rəhbərliyi altında xarüqələr yaratmağa başlamışdır, ancaq bu bizim italyan olmağımız anlamına gəlmir. Biz bozbaş, piti, minimum kələm dolması yemək istəyirik.
Hərçənd müdriklər deyir ki, əgər kasıblar kələm, iqtidar ət yeyirsə, xalq orta hesabla kələm dolması yeyir.
скачать dle 12.1