Bia.Az

Gerçək rus ordusu...

KÖŞƏ YAZARLARI
 26-09-2022, 12:31     500

Vahid Qazi

Rəşadətli rus əsgəri haqda yazılanlar, göstərilənlər mifdir! Bu mif rus əsgərinin qəhrəmanlığına görə yaranmayıb, əsgərinə dəyər verməyən, onu güllə ağzına cəmdək kimi atan dövlət rəhbərlərinin, generalların amansız əmrləri yaradıb bu mifi.
“Пушечное мясо!” Bu sözün tərcüməsi “top yemi” olsa da, əsgərlərin kütləvi şəkildə mənasız ölümə göndərilməsi anlamında işlədilir.
Rusların sevimli sərkərdəsi Jukovun sözüdür: “Бабы новых нарожают”, yəni arvadlar yenilərini doğub-törəyəcək. Onun hərbi istedadı əsgəri güllə ağzına atmağa çatırdı. Döyüşə iki əsgəri bir silahla göndərməklə qazanırmış qələbəni, sağ qalan ölənin silahını götürürmüş.
İkinci Dünya müharibəsi vaxtı rus komandanlığının öz əsgərlərini dirigözlü ölümə göndərməsi alman generallarını dəhşətə gətirirmiş. Elə odur ki, iki cəbhədə vuruşan Almaniya müharibədən 9 milyon itki ilə çıxdığı halda SSRİ 27 milyon qurban verdi.
Stalin haqqında çox bəyəndiyim bir film var. Qızı Svetlananın dedikləri, real hadisələr əsasında çəkilən filmdə marşal Voroşilov Hitlerin hücum şokundan üç gün sonra ayılan Stalinə cəbhədəki vəziyyəti izah edir, xəritədə son durumu göstərir. Bütün cəbhə boyu ordunun bir hissəsi əsir düşüb, yerdə qalanlar qaçır. Bu yerdə Stalin ”Beriya!!!” deyib bağırır. Beriyaya NKVD qoşunlarını cəbhəyə göndərməyi, qaçan əsgərləri yerindəcə güllələməyi əmr edir!
Ordunu qarşıda düşmən, arxada özününkü əldə silah gözləyir. Belə şəraitdə düşmən tərəfə könüllü keçənlər də az deyildi. Almanlarla əməkdaşlıq edən general Vlasovun Rusiya Azadlıq Ordusunda 500 minəcən əsgər və zabit varmış. Bu ordu rus-sovet əsirlərindən formalaşdırılmışdı.
“Бабы новых нарожают” ibarəsini rus hərb tarixinin bütün zamanlarına aid etmək olar!
Sən demə, Napoleon ordusunun Moskvaya qədər gəlməsinin səbəbi də rus əsgərinin döyüşdən qaçması idi. İndi məlum olur ki, fransızları geri oturtmağa çar I Aleksandra köməyə qıpçaq çöllərindən bugünkü qazaxların, qırğızların, tatarların, başqırdların ulu babaları gəlibmiş. Bunu qazax tarixçilər Fransa arxivlərində tapılan sənədlərə əsaslanaraq iddia edirlər. Rus tarixi isə bu haqda, təbii ki, susur.
Napoleonun aforizmə çevrilmiş “Rusu sıyırsan, altından tatar çıxar” fikrinin əsasları varmış.
Tarix boyu rus əsgərini döyüşə iki şey aparıb – qorxu, bir də araq.
Bir dəfə oxumuşdum ki, müharibə vaxtı hər əsgərin çörək, qənd kimi araq norması da varmış, günə 100 qram, döyüşə gedənlərə 200 qram. O müharibədə yaralanan Salman babam araq payını qəndə dəyişirmiş.
Bax o arağın spirtini bilirsiniz nədən hazırlayırmışlar? Sibirdə “xalq düşmənləri”nə qırdırılan meşələrdəki ağac yonqarından. O zəhərin insan orqanizminə zərəri, xəstəliklərə, xüsusən korluğa səbəb olması ölkə, ordu rəhbərliyinin vecinə də deyilmiş.
Bunları niyə yazıram?
Prezident Putin səfərbərlik əmri imzalayandan sonra ruslar ölkədən kütləvi halda qaçmağa başlayıblar. Ayağı yer tutan Rusiya ilə sərhədi açıq olan ölkələrə üz tutur. Monqolustandan Gürcüstanacan.
14 il öncə Gürcüstana tankla girən ruslar bu gün ora sığınacaq yeri kimi pənah aparırlar!
Döyüşməmək üçün vətəndən kütləvi qaçmaq da varmış ən böyük ərazi işğal edən xalqın taleyində.
Bunları həm də ona görə yazıram ki, rus ordusu, rus əsgəri haqda bizdə də formalaşmış qorxunc obrazın mif olduğunu anlayaq – Xankəndi qarışıq Qarabağın rus işğalında qalan hissəsini də azad edə biləcəyimizə inanaq.
Və azad edək!
25 sentyabr 2022скачать dle 12.1